"Azərbaycan" deyərkən Heydər Əliyev, "Heydər Əliyev" deyərkən isə Azərbaycan başa düşülür

 

Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40-cı ildönümündə Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyində "Həyat yolu. 1923-2003" kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə çıxış edərək demişdir ki, ölkəmizin digər yerlərində olduğu kimi, muxtar respublikada da ulu öndərimizin siyasi hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilir. Bunlardan biri də müasir tariximizin qüdrətli şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevə həsr edilmiş "Həyat yolu. 1923-2003" kitabının nəfis tərtibatla çap olunmasıdır.

Ulu öndərin uşaqlıq və gənclik illərinə, siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərinə aid fotoşəkillərdən ibarət olan kitabın "Həyat yolu" adlandırılması təsadüfi deyildir. Azərbaycan xalqının dünyaya bəxş etdiyi bu nadir şəxsiyyətin, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbərin həyatı, keçdiyi şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün nümunə, canlı örnəkdir.

Ümummilli lider Heydər Əliyevin bütün mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilmişdir. Bu gün dünyanın istənilən ölkəsində "Azərbaycan" deyərkən Heydər Əliyev, "Heydər Əliyev" deyərkən Azərbaycan başa düşülür. 1969-cu il iyulun 14-də ilk dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən, gerilikdən xilas etdi. 1993-cü ildə isə hakimiyyətə ikinci qayıdışı ilə Azərbaycanın parçalanmasının, milli dövlətçiliyin itirilməsinin qarşısını aldı.

Ali Məclisin sədri vurğulamışdır ki, ötən əsrin 70-ci illərində ulu öndər tərəfindən müəyyənləşdirilən inkişaf və dirçəliş xətti nəticəsində Naxçıvan Muxtar Respublikası da özünün ikinci həyatını yaşamağa başladı. O vaxtadək Naxçıvan bu qədər ciddi dəyişikliklər görməmişdi. Muxtar respublika başdan-başa tikinti meydançasına çevrilmişdi. Sənaye müəssisələri, mədəniyyət evləri və muzeylər, məktəblər və xəstəxanalar inşa olunmuş, köhnə Naxçıvanın qoynunda müasir, yeni şəhər yaradılmışdı. Aqrar bölmənin maddi-texniki bazası möhkəmləndirilmiş, yeni heyvandarlıq və südçülük kompleksləri, quşçuluq fabrikləri istifadəyə verilmişdi. İrimiqyaslı meliorasiya tədbirləri həyata keçirilmiş, 20 yeni su anbarı hesabına 55 min hektara yaxın torpaq sahəsinin suvarılması mümkün olmuşdu. Mürəkkəb relyefə malik 1804 kilometrlik dağlıq ərazi ilə Naxçıvana təbii qaz xəttinin çəkilməsi ötən əsrin 70-ci illərinin inanılmaz gerçəkliyi idi.

O illərdə görülən tədbirlər son dərəcə ciddi məqsəd daşıyırdı və gələcəyə - müstəqil Azərbaycanın bünövrəsinin qoyulmasına istiqamətlənmişdi. "Heydər Əliyev-Azərbaycan" bağlılığı təkcə mənəvi və ya tarixi müstəvidə yox, həm də siyasi müstəvidə başa düşülürdü. Təbii ki, bu, Azərbaycanı, onun inkişafını və sadəcə olaraq, mövcudluğunu istəməyən qüvvələr üçün çox ciddi maneə idi. Azərbaycana qarşı yönəlmiş siyasi irticanın, bu ölkənin əraziləri hesabına öz sərhədlərini genişləndirmək istəyən qara qüvvələrin bəd planlarının, Azərbaycandakı inkişafın qarşısını almaq və ölkəni daim təsir altında saxlamaq siyasətinin kökündə məhz Azərbaycanı milli liderdən məhrum etmək niyyəti dayanırdı.

1987-ci il oktyabrın 21-də Heydər Əliyev qərəzli təzyiqlər nəticəsində siyasi hakimiyyətdən istefa verdi. Bundan cəmi 15 gün sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi gündəliyə gətirildi, xalqımızın növbəti faciəsinin başlanğıcı qoyuldu.

Ərazimizin 20 faizi işğal edildi, dövlət müstəqilliyimiz ciddi təhlükə qarşısında qaldı. Ümummilli liderimizin Azərbaycandan və siyasi hakimiyyətdən uzaqlaşdırıldığı 1987-1993-cü illərin acı nəticələri, qısaca desək, bunlardan ibarət idi.

Məruzəçi daha sonra demişdir ki, Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi, muxtar respublika əhalisinin tələbi ilə Ali Məclisin sədri seçilməsi qədim diyarı siyasi oyunlardan və erməni işğalından xilas etdi. Ümummilli liderimiz bu barədə deyirdi: "Öz adıma artıq bir şey çıxmayaraq deyə bilərəm və həyatda fəxr etməyə həqiqətən dəyər ki, mən həmin müddət ərzində Naxçıvanı müharibədən və işğaldan qorudum".

Böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi.

Heydər Əliyev tarixə qurucu rəhbər kimi daxil olmuşdur. Onun hakimiyyətdə olduğu illərdə Azərbaycan sabitliyə və tərəqqiyə qovuşmuş, inkişaf etmiş ölkələr sırasına çıxmışdır. Bu inkişaf ölkəmizin bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdir.

Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə - 1993-2003-cü illər ərzində muxtar respublika büdcəsinin həcmi 292 dəfə, sənaye məhsulunun ümumi həcmi 127 dəfə, əsas kapitala yönəldilən investisiyalar 750 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 9 dəfə, poçt və rabitə xidmətinin həcmi isə 62 dəfə artmışdır. Həmin dövrdə muxtar respublikada 142 təhsil müəssisəsi, 138 səhiyyə, 87 mədəniyyət obyekti, 43 tarix və memarlıq abidəsi, 273 inzibati bina tikilmiş və ya əsaslı bərpa olunmuşdur. Bu dövrdə əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş əhali üçün 380 fərdi ev tikilmiş, 93 körpü, 32 nasos stansiyası, 3400 digər infrastruktur obyektləri istifadəyə verilmişdir.

Bütün bu nailiyyətlərin kökündə Azərbaycanın təməli 40 il bundan əvvəl, 1969-cu ilin 14 iyulunda qoyulmuş inkişafı və quruculuq xətti dayanır.

 

 

Azərbaycan.- 2009.-16 iyul.- S. 2.