Məhkəmə-Hüquq Şurasının iclası keçirilmişdir

 

İyulun 15-də Məhkəmə-Hüquq Şurasının iclası keçirilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişinin 40 illiyinin qeyd olunduğu günlərdə keçirilən iclasın iştirakçıları - Şuranın üzvləri, Ədliyyə Nazirliyinin rəhbərliyi, məhkəmə sədrləri və hakimlər əvvəlcə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət etmiş, onun əziz xatirəsini böyük ehtiramla anmışlar.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan tarixində müstəsna xidmətləri olan ümummilli liderimizin zəngin və mənalı ömür yoluna, fədakar xilaskarlıq missiyasına bir daha nəzər salınmışdır. Ulu öndərin Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi naminə həyata keçirdiyi islahatlar vurğulanmış, onun siyasi xəttinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilmişdir.

İclasda ölkə Prezidenti tərəfindən təsdiq olunmuş Azərbaycan Ədliyyəsinin inkişafına dair dövlət proqramının icrası ilə bağlı görülən işlər qeyd olunmuş, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, məhkəmə və ədliyyə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi, vahid elektron şəbəkə yaradılmaqla sənəd dövriyyəsi və informasiya mübadiləsinin asanlaşdırılması üzrə tədbirlər vurğulanmışdır. Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində müxtəlif instansiya məhkəmələri üçün beynəlxalq tələblərə uyğun 21 binanın inşası, yenidən qurulması və əsaslı təmirinin aparılması məqsədi ilə qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə müvafiq layihələr hazırlanmışdır. Tədbirdə həmin məhkəmə binalarının layihələri geniş müzakirə olunmuşdur.

Bildirilmişdir ki, məhkəmələrin yüksək statuslarına uyğun layihələndirilən bu binalarda müasir tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, onların məhkəmə fəaliyyəti barədə geniş məlumatlandırılmasına xüsusi diqqət yetirilmişdir. Layihələrin təkmilləşdirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurası üzvlərinin təklif və tövsiyələri dinlənilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla mübarizənin gücləndirilməsi haqqında ölkə Prezidentinin 2009-cu il 22 iyun tarixli fərmanının əhəmiyyəti vurğulanmış, korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 9 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, bu kimi hallara qarşı qəti tədbirlərin görülməsinin vacibliyi bildirilmiş, bu sahədə respublika Prokurorluğu ilə əlaqəli fəaliyyətə dair tədbirlər müzakirə edilmişdir.

İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına da baxılmışdır. Fəaliyyətində yol verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılova, Səbail Rayon Məhkəməsinin hakimi Fuad Hüseynova, Şirvan Yerli İqtisad Məhkəməsinin hakimi Elxan Əmirəliyevə töhmət verilmiş, Yasamal Rayon Məhkəməsinin hakimi Abbas Rzayevə irad tutulmuş, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1 hakim barədə intizam icraatı başlanılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 iyul.- S. 2.