Jurnalist qadınların birinci respublika forumu keçirilmişdir

 

Forumda jurnalist qadınların Azərbaycanın ictimai-siyasi həyatındakı rolu, peşəkarlıq problemləri, maarifləndirmə sahəsində nailiyyətləri, jurnalistikanın qarşısında duran problemlər müzakirə olunmuşdur.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova bildirmişdir ki, ilk dəfədir respublikada jurnalist qadınların geniş forumu keçirilir. Azərbaycan jurnalistikasının inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolunu vurğulayan S.Yusifova demişdir ki, jurnalistikaya dəstək məqsədi ilə ulu öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin imzaladıqları fərman və sərəncamlar sayəsində bu sahənin maddi-texniki bazası daha da möhkəmlənmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova forumun iki mühüm cəhətini xüsusi vurğulayaraq bildirmişdir ki, əvvəla, öz peşələrini ləyaqətlə təmsil edən professional jurnalistlərin bir araya gəlməsi sevindirici haldır. Digər mühüm məqam tədbirin məhz qadın jurnalistlərin forumu olmasıdır. Bununla biz dünyaya bir daha nümayiş etdiririk ki, Azərbaycan yüksək inkişaf etmiş, ümumbəşəri dəyərlərə, prinsiplərə sadiq, gender baxımından qadınların peşə seçimində heç bir maneə olmayan ölkədir. Komitə sədri demişdir ki, bu forum Azərbaycanda qadınların cəmiyyətdəki ictimai mövqeyini, həyatın bütün sahələrində səmərəli fəaliyyətə cəlb edilməsi üçün düzgün və hərtərəfli qadın siyasətinin olduğunu nümayiş etdirir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda fikir, söz və mətbuat azadlığı, plüralizm daha da inkişaf etmişdir ki, bu da hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun təməli hesab olunur.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycanda mətbuatın inkişafına, jurnalistikanın özünütənzimləmə prinsipinə böyük diqqət göstərildiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının buna əyani sübut olduğunu vurğulamışdır.

Qadınların jurnalistikamıza böyük töhfələr verdiyini deyən Milli Məclisin deputatı Qənirə Paşayeva onların medianın rəhbər vəzifələrində də çoxluq təşkil etməsini arzulamışdır.

BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Bruno Pueza, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları belə forumun keçirilməsini yüksək qiymətləndirmişlər. Bir daha vurğulanmışdır ki, Azərbaycanın jurnalistika tarixində qadın jurnalistlərin müstəsna xidmətləri vardır.

Forumda "Jurnalist qadınlar - peşəkarlıq problemləri, nəzəriyyə, təcrübə", "Müasir jurnalistikada obyektivlik problemi və maarifləndirmə - jurnalist qadınların rolu", "Yazılı və elektron mətbuatda reklam", "Multimedia: Yeni media texnologiyaların inkişafı və jurnalist qadınlar" mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Forumun ünvanına 59 xarici ölkədən təbrik məktubu gəlmişdir.

Forumda yekun sənəd hazırlanmış, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ictimai fəaliyyətinə görə "Qızıl nailiyyət" medalı ilə təltif olunduğu elan edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 iyul.- S. 2.