Qırx ildən
artıqdır ki, respublika Dövlət Səs Yazıları
Arxivi fəaliyyət göstərir. 1968-ci ildə
yaradılmış bu qurum Müstəqil Dövlətlər
Birliyi məkanında ikinci arxivdir. Birinci arxiv 1967-ci ildə
Moskvada yaradlıb. Bir il sonra isə bizim respublikada təşkil
olunub. Əslində, bu arxivin özünəməxsus
xarakterik xüsusiyyəti var. Ümumiyyətlə, arxivlərin
hamısı həmişə eyni məqsədə xidmət
edib. Tarixi sənədlərin, stenoqramların, əlyazmaların,
kitabların, mətbuat orqanlarının, müəyyən əşyaların,
şəxsi kolleksiyalarınE qorunmasına, mühafizə
olunmasına, gələcək nəslə
çatdırılmasına çalışılıb. Səs
Yazıları Arxivinin isə qarşısında duran əsas
məqsəd Azərbaycanın ictimai-siyasi, tarixi, elm və mədəni
həyatını özündə əks etdirən bədii
və sənədli fononu - videosənədləri, habelə
dövlət siyasi və ictimai xadimlərin
çıxışlarının müxtəlif səs
daşıyıcılarında olan yazıları, müharibə
və əmək veteranlarının, elm və incəsənət
xadimlərinin, ölkəmizə gələn xarici
qonaqların səs və videoyazılarını toplayıb
dövlət mühafizəsini təmin etmək kimi vacib vəzifə
qoyulub.
Səs Yazıları
Arxivinin rəhbəri, əməkdar mədəniyyət
işçisi Yaqub Mədətov söhbət əsnasında
dedi: "Hazırda arxivin fondunda 50 minədək sənəd
- səs yazıları, 1200 videosənəd var. Arxivdə
toplanan sənədlərin tarixi 1900-cü ildən
başlanaraq bugünə qədər davam edən
dövrü əhatə edir. Vaxtilə milli musiqimizin
inkişafında xüsusi xidmətləri olan klassik xanəndələrin
səsləri yazılmış 500-dən artıq qrammofon
valları arxivimizin ən qədim eksponatlarıdır. Burada
Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin,
Məşədi Məmməd Fərzəliyevin, Məcid
Behbudovun (xalq artisti Rəşid Behbudovun atası),
Mirtağı Mirbabayevin, Ələsgər Abdullayevin, Zabul
Qasımın, Məşədi Hilal Zeynalovun, Zülfi
Adıgözəlovun, Mirzə Fərəcin, Cəmil Əmirovun
(bəstəkar Fikrət Əmirovun atası), İslam
Abdullayevin və bir çox başqa sənətkarların
ifasında onlarca muğam, təsnif, xalq mahnıları, el
havaları yazılmış qrammofon valları toplanaraq
xüsusi bir qayğı ilə saxlanılır".
Əslində, arxivin
"Qızıl Fondu" adlanan bu guşəsində ötən
əsrin əvvəllərində dünyanın məşhur
səsyazma qurumlarının fəaliyyət göstərdiyi
İngiltərə, Fransa, Polşa, Gürcüstan, Rusiya, eləcə
də Azərbaycanın müxtəlif qrammofon şirkətlərində
yazılıb yayılan vallar mühafizə edilir. Maraqlıdır
ki, bu ölkələrin səsyazma şirkətləri vallarla
bərabər, onların kataloqlarını da kitabça
şəklində hazırlayıb yayırdılar. Əldə
edilmiş kataloqlar istifadə üçün sanballı məlumat
mənbəyi olduğu kimi, həmin valların
axtarılıb tapılmasında da xüsusi əhəmiyyət
kəsb edir.
Arxiv fondlarında
çox maraqlı bir val da mühafizə edilir. Bu vala
"Vağzalı" və "Mirzeyi" rəqs
havaları yazılıb. Həmin valı 1910-cu ildə
Varşavanın "Sport-Rekord" səsyazma şirkəti
yazaraq bütün Avropaya yaymışdır. Arxiv
işçilərinin fədakar əməyi sayəsində
uzun illər unudulmuş sənətkarların da yadigar qalan
nadir sənət inciləri tapılaraq üzə
çıxarılıb. Məsələn, qadın xanəndə
Mirzə Güllər xanım (vaxtilə onun haqqında xalq
yazıçısı Əzizə Cəfərzadə əsər
yazıb), xanəndə Aslan, Musa Səfərov, Qasım
Abdullayev, Məşədi Qafar, o zamanlar üçün nadir
peşə sayılan qarmonçalan Məmmədtağı,
səsi qrammofon valına ilk yazılan (1902) xanəndə Əbdülqədir
Cabbarov və digərləri bu qəbildəndirlər. Yaqub Mədətov
söyləyir: "Dini ehkamların hökm sürdüyü
bir zamanda böyük cəsarət nümunəsi göstərən
qadın-xanəndə Mirzə Güllər qəribə taleyə
malik olub. Zəmanəsinin haqsızlıqları gənc
qızı doğma kənddən, ata evindən
qaçmağa məcbur edib. Əyninə kişi paltarı
geyərək el şənliklərində Mirzə Güllər
adıyla sönməz bir eşq ilə oxuyan bu sənət fədaisinin
səsi Şamaxı, Tiflis, Gəncə, İrəvan kimi iri
şəhərlərdən gəlib. Kiyevdə fəaliyyət
göstərən "Monarx-Rekord" Səhmdar Səsyazma Cəmiyyəti
1914-cü ildə onun ifasında "Mirzə Hüseyn
segahı", "Bayatı-Kürd",
"Bayatı-Şiraz" muğamlarını və xalq
mahnılarını vallara yazmışdır. Əfsanəvi
bir sənət ömrü yaşayan bu xanəndənin
yalnız bir valını ("Mirzə Hüseyn
segahı" və "Yeri, dam üstə, yeri"), nəhayət
ki, əldə edə bildik. Bu, arxivimizin çox nadir sənədlərindəndir".
Arxivdə mühafizə
edilən xeyli miqdarda səs və videoyazılarda ölkəmizin
mədəni irsinin ən yaxşı nümunələri
toplanılıb. Bu sənədlər arasında Üzeyir
Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun
çıxışları, Rəşid Behbudovun,
Şövkət Ələkbərovanın, Rübabə
Muradovanın, Müslüm Maqomayevin, Yavər Kələntərlinin,
Bülbülün, Fatma Mehrəliyevanın, Əbülfət
Əliyevin, Hacıbaba Hüseynovun və onlarca başqa
muğam ustalarının səslərindən ibarət fono və
videoyazılar mühafizə olunur. Burada indi fəaliyyət
göstərən sənətkarların da səsləri
toplanıb.
Arxivin maraqlı
fondlarından biri də ədəbiyyat bölməsidir. Burada
Səməd Vurğunun, Süleyman Rüstəmin, Məmməd
Rahimin, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Mehdi
Hüseynin, İlyas Əfəndiyevin, İsmayıl
Şıxlının, Əliağa
Kürçaylının və onlarca başqa şairlərin
səsləri, videoyazıları toplanıb. Eləcə də
dahi söz sərrafları - Nizaminin, Füzulinin, Nəsiminin,
Vaqifin, Cavidin, Mikayıl Müşfiqin və digərlərinin
yubileyləri, səhnə əsərləri ilə
bağlı fono və videolentlər, qrammofon valları
saxlanılır.
Azərbaycan teatr tarixi və
onun yaradıcıları ilə bağlı fono sənədlər
arxivin fondlarında xüsusi yer tutur. Burada Abbas Mirzə Şərifzadədən
başlayaraq Bəşir Səfəroğluya qədər
neçə-neçə dahi sənətkarın səsləri,
yaratdıqları təkrarolunmaz obrazların mühafizəsi
diqqət mərkəzindədir. Arxivin göz oxşayan
bölmələrindən biri də aşıq sənəti
ilə bağlıdır. Burada da ötən yüzilliyin
30-cu illərində fəaliyyət göstərən məşhur
aşıqların və bir çox başqa el sənətkarlarının
ifa etdikləri mahnılar və saz havalarının lent
yazıları, qrammofon valları qiymətli sənəd incilərindən
sayılır. Fondlarda Azərbaycan aşıqlarının
ifasında lentə alınmış 20-dən artıq dastan
mühafizə edilir. Bir fono albomda xalqımızın qəhrəmanlıq
salnaməsi olan "Koroğlu" dastanı əbədiləşib.
Ümumiyyətlə, aşıq sənətinə dair 1700-dən
artıq fono və videoyazı bu maraqlı qurumun ən qiymətli
sərvətidir.
Arxivin bölmələrində
ötən əsrin ortalarından başlayaraq müxtəlif
ölkələrdə keçirilən Azərbaycan mədəniyyət
günlərinin qrammafon vallarına
köçürülmüş ömrü də maraq
doğurur. Bu fono sənədlərin
də hazırda sayı 800-ü ötüb.
Arxivin fondlarında
İkinci Dünya müharibəsində cəbhədə qəhrəmanlıq
göstərən igidlərin səsləri də fono sənədlərdə
təsbit olunub. Burada Azərbaycan bəstəkarlarının
və incəsənət ustalarının müharibə
dövrünə dair fono və videosənədləri
çoxluq təşkil edir. Arxivdə həmçinin
dövlət və ictimai xadimlərin
çıxışları, müsahibələr, görkəmli
alimlərin, mədəniyyət xadimlərinin
çıxışlarının səs və
videoyazıları da saxlanılır.
Arxivin diqqətçəkən
maraqlı fondlarından biri də ümummilli lider Heydər Əliyevin
1969-cu ildən ömrünün sonuna qədər həyat və
siyasi fəaliyyətini əks etdirən fono və
videoyazıların tam toplanılaraq xüsusi bir qayğı
ilə mühafizə edilməsidir. Ulu öndərin fəaliyyətinə
dair fono və videosənədlər toplanan bölmə arxivin
ən iri fondudur.
Yaqub Mədətov
söyləyir ki, Dövlət Səs Yazıları Arxivi təmayülünə
görə ölkəmizdə yeganə elmi-metodik mərkəzdir.
Arxivin əməkdaşları son illər "Fono sənədlərlə
işləyən idarə və təşkilatların əsas
iş qaydaları", "Video sənədlərlə
işləmə metodikası" adlı təlimat, "Əsas
iş növləri və onlara sərf olunan vaxt
norması" və s. kimi metodiki vəsaitlər
hazırlayıb nəşrə təqdim etmişlər.
Dövlət Səs
Yazıları Arxivində çalışan əməkdaşların
zəhmətləri sayəsində bu qiymətli mənəvi
sərvətlər xəzinəsi daim zənginləşməkdə
davam edir. Son illər bir çox ictimai-siyasi, ədəbiyyat və
incəsənət xadimləri öz şəxsi fono və
videotekalarını tam şəkildə arxivə verib. Məsələn,
xalq artisti, sənətşünaslıq doktoru, bəstəkar
Tofiq Bakıxanov atası, mahir muğam bilicisi Əhməd
Bakıxanovun və özünün videosənədlərini
çox böyük səxavətlə arxivə
bağışlayıb.
Eləcə də xalq
artisti, tarzən Ramiz Quliyev, qarmonçalan Zakir Mirzəyev, bəstəkar
Azər Rzayev, şair Söhrab Tahir, muğam ustası Canəli
Əkbərov və başqa sənətkarlar öz
yaradıcılıqlarını əks etdirən xeyli sayda
fono və videoyazıları təmənnasız olaraq arxivə
veriblər. Xalq yazıçısı Əzizə Cəfərzadənin
həyat və yaradıcılığını əks etdirən
200-ə qədər audio-video sənəd oğlu tərəfindən
arxivə bağışlanıb. Bu, çox təqdirəlayiq
və nəcib bir işdir. Belə misalların sayını
artırmaq olar.
Arxiv fondları həmişə
yeni sənədlər hesabına zənginləşməlidir.
Əslində, bu, işin bir tərəfi sayılır. İkinci
əsas şərt isə onların mühafizəsini
düzgün təmin etməkdir. Çünki qorunub
saxlanıla bilməyəcək hər hansı sənədi
tapmağın da əhəmiyyəti yoxdur. Elə bu məqsədlə
də sənədlərin mühafizəsi yönündə təqdirəlayiq
işlər həyata keçirilir. Fərəhlidir ki,
dövlət tərəfindən bu sahəyə xüsusi diqqət
ayrılır. İndi Dövlət Səs Yazıları
Arxivi yeni binaya köçüb. Dünya standartları səviyyəsində
avadanlıqlarla təchiz olunub. Əməkdaşların daha səmərəli
fəaliyyət göstərməsi üçün çox
gözəl şərait yaradılıb. Milli Arxiv İdarəsinin
maliyyə köməyi nəticəsində maqnitofon lent
yazılarının və qrammofon vallarının
"CD" disklərinə köçürülməsi
onların həqiqətən də yaxşı
qorunmasını təmin edib. Arxivdə mühafizə edilən
50 minə yaxın fotosənədlərin müəyyən
hissəsi artıq disklərə
köçürülüb. Bütövlükdə burada
qorunan bütün sənədlərin
uzunömürlüyünü təmin etmək
üçün dünya standartları səviyyəsində
işlər görülür.
Dövlət Səs
Yazıları Arxivinin beynəlxalq əlaqələri də
getdikcə genişlənir. Varşava şəhərində
keçirilən "Audio-vizual sənədlərin
toplanması, mühafizəsinin təşkili və elmi-texniki
tərəqqi" adlı beynəlxalq kofransda Avropanın 26
ölkəsindən gəlmiş mütəxəssislər
iştirak edirdilər. Həmin beynəlxalq tədbirdə
Yaqub Mədətov da çıxış edib. O, Azərbaycandakı
arxivdə görülən işlər üzrə məlumat
verib. Bu çıxışdan sonra onu Amsterdamda keçirilən
beş aparıcı Avropa ölkəsinin konfransına dəvət
ediblər. Bu qeyri-adi xəzinənin şöhrəti həqiqətən
dünyanı dolaşmaqdadır. Bu gün arxiv Böyük Britaniya
Kral Kitabxanasının fono arxivi və Vaşinqtonun Konqres
Kitabxanası ilə müxtəlif mübadilələr
aparır. Arxivin ünvanına dünyanın çox möhtəşəm
təşkilatlarından müxtəlif məktublar gəlir.
Belə məktublardan birini də Vaşinqtonda yerləşən
Konqres Kitabxanasının Afrika-Asiya və beynəlxalq əlaqələr
bölməsi göndərib. Həmin məktubda bildirilir:
"Konqres Kitabxanası Səs Yazıları Arxivi ilə sənəd
mübadiləsi proqramını həyata keçirmək
arzusundadır. Azərbaycanın mahnıları, muğamı
və folklor yazıları bizim xüsusi marağımıza
səbəb oldu. Bu cür yazıların surətlərinin
Konrqes Kitabxanasında da olması yaxşıdır. Xahiş
edirik ki, mübadiləsi mümkün olan yazıların
siyahısını bizə göndərəsiniz".
Belə mübadilələrin
əhəmiyyəti çoxdur. Bir tərəfdən, həm
milli sərvətimiz təbliğ olunur, həm də ölkələrə,
müxtəlif kitabxana və muzeylərə
yayılmış bizə məxsus fono sənədlərin
geri qaytarılması təmin edilir.
Əslində, Dövlət
Səs Yazıları Arxivində qorunan qiymətli mənəvi
xəzinə dünənin və bugünün səsini gələcəyə
aparan qeyri-adi bir körpüdür. Bu körpünün
üstündən keçən səslərsə tarixə
dönür.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 16 iyul.- S. 4.