Azərbaycanın
İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı İctimai
Birliyi iyulun 15-də, Azərbaycan Respublikası Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə vəsaiti
hesabına həyata keçirilən "Qarabağ abidələri
tariximizin əbədi yaddaşıdır" layihəsi
çərçivəsində "İndiki şəraitdə
Ermənistan-Türkiyə münasibətlərinin
yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllində
rolu" mövzusunda "dəyirmi masa" təşkil
etmişdir.
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının, QHT-lərin və
KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə
ictimai birliyin sədri Faiq İsmayılovun mövzu ilə
bağlı əhatəli çıxışı dinlənilmişdir.
O bildirmişdir ki, son vaxtlar Ermənistan-Türkiyə
münasibətlərində nəzərə çarpan
yaxınlaşma, habelə Azərbaycan və Ermənistan
ziyalılarının qarşılıqlı səfərləri
fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həllinə ümidlər artmışdır. Xüsusilə
problemin həllində "xalq diplomatiyası"na əhəmiyyət
verilməsinin vacibliyini əks etdirən müxtəlif
çağırışlar Azərbaycan cəmiyyətində
qızğın diskussiyalara səbəb olmuşdur.
Qeyd edilmişdir ki, son
vaxtlar işğalçı dövlət tərəfindən
münaqişənin həllini sürətləndirməyə
dair müxtəlif yalançı sülhpərvər
çağırışlar edilsə də, sözdə
münaqişənin beynəlxalq hüquq normaları əsasında
həllinə tərəfdar olduğu bəyan edilsə də,
o, əməldə öz işğalçılıq niyyətlərindən
əl çəkmir, Dağlıq Qarabağı ya Ermənistana
birləşdirmək, ya da müstəqil dövlət elan etmək
planlarını reallaşdırmaq istiqamətində səylərini
davam etdirir. Belə bir şəraitdə Azərbaycan tərəfi
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı indiyədək nümayiş etdirdiyi prinsipial
mövqeyini daha kəskin şəkildə ortaya
qoymalıdır.
"Dəyirmi
masa"da çıxış edən tarixçi alim Zakir Vəliyev,
Beynəlxalq Elmi Araşdırma Mərkəzinin nümayəndəsi,
yazıçı-dramaturq Aygün Həsənoğlu və
başqaları tarixin həlledici məqamlarında ermənilərin
məkrli siyasətindən misallar çəkərək
indiki şəraitdə Ermənistan-Türkiyə münasibətlərindəki
yaxınlaşmanın nəinki Dağlıq Qarabağ
probleminin ədalətli həllinə kömək etməyəcəyini,
eyni zamanda, bu təmasların qardaş Türkiyənin
özünə də yaxşı heç nə vəd etmədiyinə
əmin olduqlarını bildirmişlər.
İşgüzar fikir
mübadiləsi, canlı diskussiya şəraitində
keçən "dəyirmi masa"da
vurğulanmışdır ki, Azərbaycan sülh
danışıqlarını davam etdirməklə
yanaşı, özünün hərbi gücünü daha
da artırmalı, işğalçıların hər vasitə
ilə torpaqlarımızdan çıxarılmasına nail
olmalıdır.
AzərTAc
Azərbaycan.- 2009.- 16 iyul.- S. 4.