Nabukko Asiyanın mavi yanacağını Avropaya çatdıran boru xətti olacaq

 

İyulun 13-də Ankarada Nabukko layihəsinə dair hökumətlərarası saziş imzalanmışdır. İmzalanma mərasimində dünyanın 20 ölkəsindən nümayəndə iştirak etmişdir. Beləliklə, artıq uzun müddət haqqında söz-söhbət gedən layihənin reallaşması üçün hüquqi baza yaradılmışdır.

Nabukko ideyası necə yaranmışdır?

İlk dəfə Avropa Birliyinə daxil olan bir neçə ölkə Mərkəzi Asiyadan Avropaya qaz xətti çəkmək barədə 2002-ci ildə məsləhətləşmələrə başlamışdır. 2004-cü ildə layihənin ilkin variantı nəzərdən keçirilmişdir. Bu variantda xətt öz mənbəyini İranın qaz yataqlarından götürməli, Fars körfəzindən keçməklə daha sonra Avropaya çatdırılmalı idi. 2006-cı ildə İranın uranı zənginləşdirmək proqramı ətrafında yaranan mübahisələrə görə layihənin marşrutunun dəyişdirilməsi barədə qərar qəbul edilir. Yeni qərarda Türkmənistan və Azərbaycan qazı vasitəsilə layihəni gerçəkləşdirmək nəzərdə tutulurdu.

Cari ilin yanvar ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin bu layihidə iştirak etmək istəyini və Avropa Birliyi ölkələrinə qazın Türkiyə ərazisindən keçməklə çatdırılması təklifini edir. Türkiyənin layihəyə qoşulması uzun-uzadı müzakirələrə son qoydu və iyulun 13-də Ankara şəhərində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Rumıniyanın Baş naziri Emil Bok, Macarıstanın Baş naziri Qordon Baynayi, Bolqarıstanın Baş naziri Sergey Stanişev, Avstriyanın Baş naziri Verner Fayman və Tükiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan layihənin həyata keçirilməsi ilə bağlı hökumətlərarası sazişi imzalamışlar.

Yeni qaz xəttinin layihə gücü ildə 26-32 milyard kubmetr qazın ötürülməsinə hesablanmışdır. İlkin variantda kəmərlə Azərbaycan, Türkmənistan və Misir qazının Avropaya çatdırılması nəzərdə tutulur. Gələcəkdə Rusiya, İraq və digər ölkələrin də bu kəmərdən istifadə edəcəyi gözlənilir.

Göründüyü kimi, təchizatçı ölkələr sırasında Azərbaycanın da adı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Rusiya Dövlət Televizya kanalının "Vesti v subbotu" verilişinə müsahibəsində demişdir: "Nabukko layihəsinə gəldikdə isə biz bu məsələ barədə öz mövqeyimizi dəfələrlə bildirmişik. Bu ideya yarananda Azərbaycan təchizatçı kimi nəzərdə tutulmurdu. Azərbaycan tranzit ölkələrdən biri hesab edilirdi. Əsas təchizatçılar başqa ölkələr hesab olunurdu və hələ də hesab edilir. Lakin görünür, ilkin təchizatçılarla müəyyən səbəblər üzündən razılıq əldə edilməsində çətinliklər yaranmış və Azərbaycanın artıq böyük həcmdə qaz hasil edən ölkəyə çevrilməsi ilə əlaqədar əlbəttə, bizə də maraq yaranmışdır. Təbii ki, biz qaz potensialımızın tam reallaşmasında maraqlıyıq. Bizim qaz ehtiyatlarımız çox böyükdür. Buna görə də təbii ki, biz yeni ölkələrin bazarlarına çıxmağımıza imkan verəcək layihələri dəstəkləyirik".

Buradan bir daha aydın olur ki, müstəqil siyasət yeridən Azərbaycanın iştirakı olmadan regional layihələrin reallaşması qeyri-mümkündür. Digər tərəfdən, ölkəmizin iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, xalqımızın rifahına xidmət edən hər bir layihəyə, əməkdaşlığa qoşulmağa Azərbaycan həmişə hazırdır.

Qeyd edək ki, boru xəttinin inşasına 2011-ci ildə başlanacaq. Layihənin ilkin qiymətləndirilməsi 7,9 milyard avrodur. İqtisadi böhrana baxmayaraq Avropa Birliyi lahiyəni tam şəkildə dəstəkləyəcəyini bildirmişdir. Boru xəttinin tikintisi ilə bağlı yaradılmış konsorsiuma Avstriyanın OMV Gaş GmbH, Türkiyənin BOTAŞ, Bolqarıstanın Bulqarqaz, Rumuniyanın S.N.T.G.N. Transqaz S.A., Macarıstanın MOL Natural Gaş Transmission Company Ltd. və Almaniyanın RWE AG kompaniyaları daxildir. Boru xəttinə ilk mavi yanacağın vurulması 2014-cü ilə planlaşdırılır.

 

 

Raqif ŞİRİNOV

 

Azərbaycan.- 2009.- 16 iyul.- S. 3.