Məktəb tikintisi diqqət
mərkəzindədir
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq
Masallı rayonunda 2004-2008-ci illərdə 16 məktəb tikilərək
şagird və müəllimlərin ixtiyarına
verilmişdir.
Bunlardan Yeddioymaq 1 və 2 saylı, Güllütəpə, Təzəkənd
kənd orta məktəbləri Heydər Əliyev Fondunun,
Mollaoba kənd orta məktəbi Yaponiya səfirliyinin, Təzə
Alvadı, Lürən, Yeyənkənd kənd orta məktəbi,
Əhmədli kənd əsas məktəbi, "Dəfinə"
liseyi dövlət vəsaiti, qalan təhsil ocaqları isə
daxili imkanlar hesabına inşa olunmuşdur. İstifadəyə
verilmiş yeni məktəblərdə 4 mindən çox
şagird təhsil alır. Müasir tələblərə
cavab verən təhsil ocaqlarının hər birinin
işıqlı sinif otaqları, fənn kabinetləri,
kitabxanası, idman zalı, idman meydançası, istilik
sistemi vardır. Onlar bütün lazımi avadanlıqlar,
kompüter dəstləri ilə təchiz edilmişdir. Bunlarla
bərabər, həmin müddətdə Masallı şəhər
1,3 saylı, Boradigah və Kalinovka kənd orta məktəbləri
də əsaslı təmir olunmuşdur.
Artıq təhsil
ocaqlarında dərs ili başa çatmışdır. Sinif
otaqları müvəqqəti olaraq sükuta qərq
olmuşdur. Lakin hər bir məktəb rəhbərinin yay
dövründə də qayğısı az olmur. Masallıda
şagirdləri yeni dərs ilində işıqlı, səliqəli,
təmiz sinif otaqlarında qarşılamaq üçün əllərindən
gələni əsirgəmirlər.
Rayonda məktəb
tikintisi bu gün də davam etdirilir. Bambaşı kəndində
480, Hişkədərə kəndində 360, Babaser kəndində
220 şagird yerlik məktəb inşa olunur. İnşaatçılar
işin sürəti ilə yanaşı, onun keyfiyyətinə
də xüsusi diqqət yetirirlər.
Seyran CAVADOV
Azərbaycan.- 2009.- 16
iyul.- S. 3.