Azərbaycanlı alim XV Beynəlxalq
"Neft, Enerji, Qaz" müsabiqəsinin
laureatı oldu
Moskva Dövlət Şəkil
Qalereyasında XV Beynəlxalq "Neft, Enerji, Qaz"
müsabiqəsinin laureatlarının
mükafatlandırılma mərasimi keçirilmişdir. Müsabiqənin
təşkilatçısı Enerjijurnalistika üzrə
Ümumrusiya İctimai Akademiyasıdır.
Müsabiqədə tərəfdaş
kimi, Rusiya Federasiyası Dövlət Dumasının və
federal xidmətlərin profil komitələri, nazirlik və
komitələr, neft-qaz və energetika kampaniyaları, ictimai təşkilatlar
çıxış etmişlər. Məqsəd Rusiya və
onun hüdudlarından kənarda bu ölkənin
Yanacaq-Energetika Kompleksinin (YEK) problemlərinə ictimaiyyətin,
siyasi, işgüzar dairələrin, kütləvi informasiya
vasitələrinin diqqətini cəlb etmək olmuşdur.
Müsabiqənin qalibləri
2008-ci il ərzində müxtəlif nəşrlərdə dərc
edilmiş informasiyalar, məqalələr əsasında
müəyyən edilmişdir. Müsabiqəyə təqdim
edilən materiallar arasında YEK-nın bütün sahələrinə,
o cümlədən neft və qaz hasilatı və elektrik
enerjisi istehsalı, atom elektroenergetikası barədə
materiallar öz əksini tapmışdır. Müsabiqənin
keçirildiyi 14 il ərzində bura 4300 fərdi və
kollektiv sifarişlər daxil olmuşdur. Sifarişçilər
Rusiyanın 68 regionunu, Azərbaycan, Belarus, Qazaxıstan, Litva,
Ukrayna və Estoniyanı təmsil etmişlər. Müsabiqə
ənənəvi olaraq 12 nominasiya üzrə
keçirilmişdir.
Birinci nominasiyada "Mətbuatda
silsilə analitik və problemli materiallar üzrə"
(beş məqalədən az olmamaqla) iqtisad elmləri namizədi,
dosent, Azərbaycan Dövlət İqtisad Universitetinin
doktorantı Şəfa Əliyev xüsusi prizə layiq
görülmüşdür. Tədqiqatçı-alim bu
müsabiqədə Rusiya Federasiyasının Azərbaycandakı
səfirliyinin tövsiyəsi ilə iştirak etmişdir və
müsabiqəyə Moskvanın nüfuzlu elmi jurnallarında dərc
edilmiş məqalələrini göndərmişdir.
Qeyd edək ki, Şəfa
Əliyev 80-dən çox elmi əsərin, bir neçə
kitabın müəllifidir. 2008-ci ildə "Elm" nəşriyyatında
onun "Xüsusi iqtisadi zonaların təşkili problemləri
və inkişaf perspektivləri" mövzusunda
monoqrafiyası dərc edilmişdir. 2008-2009-cu illərdə məhsuldar
elmi yaradıcılıq fəaliyyəti göstərən tədqiqatçı-alim
Ş.Əliyevin təkcə Rusiyanın müxtəlif
nüfuzlu elmi jurnallarında və konfrans nəşrlərində
15-ə yaxın məqalə və məruzəsi çap
olunmuşdur. Onu da deyək ki, bu elmi nəşrlərin
coğrafiyası Rusiyanın bir çox regionlarını əhatə
etmişdir (Moskva, Sankt-Peterburq, Omsk, Birobidcan, Volqoqrad,
Maqnitoqorsk, Pyatiqorsk, Mahaçqala).
Tədqiqatçı-alimin
fikrincə, Azərbaycan rəhbərliyinin apardığı
uğurlu iqtisadi siyasətin beynəlxalq aləmdə öz əksini
tapması üçün alimlər də var qüvvə ilə
çalışıb öz sözlərini deməlidirlər.
Azərbaycan.- 2009.- 16 iyul.- S. 3.