Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
Çox sağ olun.
Hörmətli
xanımlar və cənablar!
Dəvətə görə
minnətdaram. Burada yenidən olmağımdan şərəf
hissi duyuram. Xatirimdədir, təxminən beş il bundan əvvəl
mən Chatham Housedə olmuşam. Həmin vaxt mən, əsasən,
planlarımız haqqında danışırdım,
çünki ilk dəfə prezident seçildiyim vaxtdan cəmi
bir il ötürdü. Hazırda, beş ildən sonra biz
artıq nailiyyətlər haqqında danışa bilərik. Lakin
ölkəmizdə görüləcək işlər hələ
də çoxdur. Hesab edirəm ki, son beşillik dövr
ölkənin, onun gələcəyinin inkişafı
üçün olduqca mühüm olmuşdur.
Həmin illər
göstərdi ki, Azərbaycan müstəqil ölkə kimi
uğurla inkişaf edə bilər, öz milli
maraqlarını qorumağa, tərəfdaş ölkələrlə
səmərəli münasibətlər qurmağa qadirdir. Xüsusən
də, maliyyə və iqtisadi böhran zamanı. Cari il bir
daha nümayiş etdirdi ki, iqtisadiyyatımız davamlı və
şaxələndirilmiş formadadır. Son beş il ərzində
biz əsas diqqətimizi ölkə daxilindəki məsələlərə
və xarici siyasətə aid olan məqamların həllinə
yönəltmişdik. Lakin əlbəttə ki, güclü
iqtisadiyyat, siyasi sabitlik və cəmiyyətdə birlik olmadan
xarici siyasətdə tam müstəqilliyə nail olmaq
çox çətindir. Əsas diqqət məhz iqtisadi
islahatlara, iqtisadi inkişafa, enerji siyasətinə yönəlibdir.
Bildiyiniz kimi, enerji siyasəti iqtisadiyyatımızın
böyük hissəsidir və bu səylərin nəticələri
nailiyyətlərimiz barədə bəzi rəqəmlərdə
görünə bilər.
Son beş il ərzində
iqtisadiyyatımız 2,6 dəfə artmışdır. Üç
il ərzində isə Azərbaycan dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyat hesab edilmişdir. Sənaye
istehsalı 2,5 dəfə, büdcə xərcləri 12 dəfə
artmışdır. Yoxsulluğun səviyyəsi 4 dəfə
azalmışdır. Son beş il ərzində təhsil və
səhiyyə sahəsində böyük işlər
görülmüşdür. Azərbaycanda 1600 məktəb
tikilmişdir. İqtisadi inkişaf nəinki paytaxtı,
rayonlarımızı da inkişaf etdirməyə imkan
yaradır. Azərbaycanın rayonlarında sürətli
inkişaf gedir.
Bəzən iqtisadi
göstəricilərimizi neftə və neft qiymətlərinə
bağlayırlar. Lakin bu, belə deyil, çünki neft digər
ölkələrdə də hasil olunur. Qonşularımızdan
bir neçəsi bizdən də çox neft hasil edir. Eyni
zamanda, əgər siz rayonlarımızın iqtisadi
inkişafına nəzər yetirsəniz, eyni vəziyyəti
görəcəksiniz. Neft rayonlarımızda deyil, Bakıda,
Xəzərdə hasil edilir. Buna görə də,
iqtisadiyyatın şaxələndirilməsi,
sahibkarlığa dəstək və iqtisadi islahatlar yalnız
neftdən asılılığı aradan qaldırır. Bu,
bizim əsas məqsədlərimizdən biri olmuşdur: neftdən
asılılığı azaltmaq, böhran və
aşağı neft qiymətləri, hətta hasilatın
azalması zamanı sabit olacaq güclü iqtisadiyyat yaratmaq.
Sosial məsələlər
ciddi şəkildə həll olunur. Qeyd etdiyim kimi,
yoxsulluğun azaldılması, fikrimcə, Azərbaycanda ən
böyük nailiyyətlərdən biridir. Bu, həmçinin
onu göstərir ki, neft gəlirləri ədalətli şəkildə
bölüşdürülür. Belə olmasaydı,
yoxsulların sayı azalmazdı, əksinə,
çoxalardı. Biz neft hasil edən bəzi digər ölkələrin
təcrübəsini də bilirik. Bütün qeyd edilən
amillər Azərbaycanda çox yaxşı mühit
yaratmışdır. Azərbaycanın həyata keçirdiyi
islahatlar Dünya Bankı tərəfindən də qeyd
edilmişdir. Bu təşkilat Doing Business hesabatında 2008-ci
ildə Azərbaycanı bir nömrəli islahatçı
ölkə kimi elan etmişdir. Bu, həmçinin gündəliyimizi
çox aydın şəkildə nümayiş etdirir. Azərbaycanda
siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata
keçirilir. Hesab edirəm ki, bu, ölkədə
islahatların aparılması üçün yeganə
mümkün formatdır. 18 il bundan öncə ölkəmiz
Sovet İttifaqının hissəsi olmuşdur. Bazar
iqtisadiyyatı sıfır səviyyəsində idi. Bu gün
iqtisadiyyatımızın 85 faizini bazar iqtisadiyyatı təşkil
edir.
Müstəqillikdən
öncə tariximizdə bizim siyasi sistemimiz
olmamışdır. Lakin bu gün siyasi sistem inkişaf edir.
Buna görə də, diqqət yetirdiyimiz daxili məsələlər
regionda özümüzü rahat hiss etməyə, müstəqil
siyasət aparmağa imkan verir. Çünki siz heç kəsdən
asılı olmayanda, müstəqil siyasəti rahat həyata
keçirə bilirsiniz. Belə halda, siz xalqınızın
maraqlarından irəli gələn siyasəti,
qarşıdurmaya deyil, əməkdaşlığa, tərəfdaşlığa,
qonşularla və ənənəvi tərəfdaşlarla
normal əlaqələrə yönəlmiş siyasəti həyata
keçirirsiniz.
Enerji siyasəti bizim
mövqeyimizin mühüm hissəsi olub və ola bilsin ki, bu
amil artıq nəinki Azərbaycanda, o cümlədən
bölgədə mühüm rolunu davam etdirəcəkdir. Həyata
keçirdiyimiz neft və qaz layihələri bu gün
dünyada gələcək enerji inkişafının möhkəm
bünövrəsidir. Azərbaycan Xəzər dənizinə
xarici sərmayədarları dəvət edən ilk ölkə
oldu. Strateji tərəfdaşımız bp şirkəti bizim
üçün ən mühüm layihələrdə və
regional inkişaf məsələlərində liderdir. Hazırda
neft və qaz yataqlarında hasilatın artması, sərmayələr
nəticəsində yaratdığımız boru kəmərləri,
Azərbaycandakı əlverişli sərmayə mühiti və
qeyri-enerji sektoruna sərmayələrin cəlb edilməsi kimi
məsələlər ümummilli lider Heydər Əliyevin
müdrikliyi sayəsində baş tutmuşdur. O, 1994-cü
ildə "Əsrin müqaviləsi"nin imzalanması
ideyasını irəli sürdü. Bu gün isə bizim
şaxələndirilmiş təchizat infrastrukturumuz var. 7 boru
kəmərinə malikik. Onlardan 3-ü nefti, 4-ü isə
qazı müxtəlif istiqamətlərdə nəql edir. Hasilata
milyardlarla dollar sərmayə qoyulmuşdur. Bu il neft
hasilatı 50 milyon tona yaxın olacaq, qaz hasilatı isə
25-27 milyard kubmetrə çatacaqdır. Aşkar olunmuş
ehtiyatlar ən azı 100 il ərzində Azərbaycana beynəlxalq
bazarlarda etibarlı qaz təchizatçısı olmağa
imkan verəcəkdir. Yeni sərmayələr, o cümlədən
bp ilə ARDNŞ arasında bu gün səhər
imzalanmış Anlaşma memorandumu Azərbaycanın hətta
böhran illərində, neftin qiymətlərinin
aşağı düşdüyü dövrdə nə dərəcədə
cəlbedici olduğunu nümayiş etdirir. Bu, onunla
bağlıdır ki, ölkəmizdə çox
proqnozlaşdırılan vəziyyət, siyasi sabitlik
mövcuddur və bütün sərmayələrin
qorunması təmin edilir. Neft şirkətləri ilə
enerji əməkdaşlığımızı
başladığımız vaxtdan etibarən heç vaxt hər
hansı hüquqi çəkişmə və ya mübahisə,
yaxud şərtləri dəyişdirmək cəhdi
olmamışdır. Biz müqavilə şərtlərinə
sadiqik və bütün əsas neft müqavilələri
parlamentdə ratifikasiya ediləndən sonra Prezident tərəfindən
imzalanır və qanun qüvvəsi alır. Beləliklə,
onları heç kəs dəyişə bilməz. Bu, etimad
deməkdir və həmin etimad digər sahələrə də
sərmayələr cəlb etməyə imkan yaradır. Azərbaycan
kimi gənc müstəqil ölkələrə sərmayələri
cəlb etmək məqsədi ilə biz etimadı davamlı
şəkildə möhkəmləndirməli, lazımi siyasi
və iqtisadi mühit yaratmalıyıq.
Əvvəllər
xülya kimi görünən Bakı-Tbilisi-Ceyhan artıq
reallığa çevrilmişdir. Artıq 3 ildir həmin boru
kəməri uğurla istismar olunur və böyük həcmdə
neft nəql edir. Boru kəməri işə düşdükdən
sonra onunla nəinki Azərbaycan, həm də Qazaxıstan
nefti nəql olunur. Bu o deməkdir ki, gələn illər ərzində
nəql olunan həcmlər artacaqdır. Belə olan halda boru kəmərinin
buraxıcılıq qabiliyyəti, ola bilsin, gündə 1,6
milyon bareldən 1,8 milyon barelə
çatdırılacaqdır. Hətta yenisi də layihələndirilib
tikilə bilər. Azərbaycan Xəzərin digər sahilində
yerləşən qonşuları üçün artıq
tranzit ölkəyə çevrilmişdir. Biz nəhəng
qaz yataqlarını aşkar etdikdən sonra qonşu ölkələrə
ixraca başladıq. Bunun vacibliyi get-gedə artır və
Avropa üçün hər hansı mümkün gələcək
artırma və ya şaxələndirmə layihəsi Azərbaycanda
yaratdığımız və qazımızı Avropa
bazarlarına çıxaran mövcud infrastruktura söykənir.
Üstünlüyümüz ondan ibarətdir ki, biz bir təchizat
marşrutu ilə məhdudlaşmırıq. Bizim müxtəlif
istiqamətlərdə gedən 4 qaz kəmərimiz var:
Avropaya uzadıla biləcək Bakı-Tbilisi-Ərzurum kəməri,
bizi Gürcüstanla birləşdirən boru kəməri,
Rusiyaya və İrana gedən boru kəmərləri, demək
olar ki, hazırda onların hamısı istismar olunur, ya da ediləcəkdir.
Azərbaycan özünü etibarlı təchizatçı,
hüquqi öhdəliklərinə hörmətlə
yanaşan tərəf və hər zaman öz vəzifələrini
yerinə yetirən ölkə kimi göstərmişdir.
İndi enerji siyasətinin
əhəmiyyəti daha da artır. Qeyd etmək istəyirəm
ki, enerji bazarında olan vəziyyəti regionda ümumi siyasi
inkişafdan ayırmaq mümkün deyil, çünki enerji məsələləri
siyasi inkişafa təsir göstərir. Bəzən enerji
siyasəti məsələləri prosesin siyasiləşdirilməsinə
aparır. Biz bu yanaşmanın əleyhinəyik. Hesab edirik
ki, hər bir iş milli maraqlara, kommersiya şərtlərinə
və azad bazar prinsiplərinə, azad rəqabətə əsaslanmalıdır.
Bu, bizim yanaşmamızdır.
Fikrimcə, vəziyyəti
təhlil etməkdə yeganə yanaşma belədir. Eyni
zamanda, potensial diktə hallarının
qarşısını almaq üçün
hasilatçı, tranzit ölkələr və
istehlakçıların maraqları arasında tarazlıq
olmalıdır. Diktə etmə nəinki hasilatçı, bəzən
tranzit ölkələrə və ola bilsin,
istehlakçılara da aid ola bilər. Buna görə də
enerji formatının bütün iştirakçıları
vahid heyət kimi çalışmalıdır. Yalnız bu
halda biz uğura nail ola bilərik.
Əminəm ki, gələn
illər ərzində Azərbaycan öz enerji
potensialını artıracaqdır. Çünki mövcud
potensial və həyata keçirilən kəşfiyyat layihələri
3-5 il ərzində yeni ehtiyatların tapılması ilə nəticələnəcəkdir.
Bu isə enerji potensialımızı ciddi şəkildə
artıracaqdır. Coğrafi mövqeyimiz və artıq
mövcud olan infrastruktur bütün tərəfdaşlarımız
üçün vacib olacaqdır.
Biz, həmçinin nəqliyyat
infrastrukturuna böyük sərmayələr
yatırırıq. Coğrafi mövqeyimizi nəzərə
alsaq, bu, tamamilə məntiqlidir. O cümlədən Azərbaycanın
maliyyələşdirdiyi, Avropa ilə Asiyanı birləşdirən
dəmir yolu xəttinin çəkilməsi regional əməkdaşlıq
məsələlərində və bölgəmizdə biznes
mühitinin və imkanlarının
yaxşılaşdırılmasında olduqca mühüm rol
oynayacaqdır. Bizi qonşularımızla birləşdirən
infrastruktura böyük sərmayələr qoyuruq. Artıq bu
gün Azərbaycan nəinki neft və qaz
ixracatçısına, o cümlədən qonşu ölkələrə
elektrik enerjisi təchizatçısına
çevrilmişdir. Bir daha qeyd etmək istəyirəm ki,
bütün bu məsələlər bir-biri ilə
bağlıdır və nailiyyətlərimiz
özümüzü təhlükəsiz, rahat və
etibarlı hiss etməyə imkan verir. Eyni zamanda, biz hər
zaman qonşularımız və tərəfdaşlarımızla
əməkdaşlıq etməyə, işgüzar münasibətlər
qurmağa hazırıq.
Azərbaycanın xarici
siyasəti olduqca aydın və
proqnozlaşdırılandır. Biz bütün ölkələrlə
səmərəli ikitərəfli münasibətlərin tərəfdarıyıq.
Qarşılıqlı maraqlar, ortaq dəyərlər,
qarşılıqlı hörmət, daxili işlərə
müdaxilə etməmək prinsipinə əsaslanan və tərəfdaşlıq
ruhunda olan münasibətlərin qurulması bizim
üçün vacibdir. Hesab edirəm ki, bu yanaşma
artıq müsbət nəticələrini nümayiş
etdirmişdir. Bir daha qeyd etmək istəyirəm ki, xarici siyasətimiz
müstəqildir. Bu siyasətə heç bir xarici amil təsir
göstərmir. O, iqtisadi potensiala və müstəqilliyə
əsaslanır.
Böyük Britaniya ilə
münasibətlərimiz uğurla inkişaf edir. Bu, mənim
ölkənizə ikinci rəsmi səfərimdir. Bu gün səhər
Baş nazir Braun ilə səmərəli müzakirələrim
oldu. İkitərəfli, regional məsələləri, eləcə
də sülhməramlı əməliyyatlarda göstərdiyimiz
səyləri müzakirə etdik. Biz lap ilk günlərdən
İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda
iştirak etməyə başlamışıq.
Əfqanıstana gəldikdə,
koalisiya qüvvələrinə dəstək olaraq, biz hərbçilərimizin
sayını iki dəfə artırmışıq. Biz, həmçinin
enerji siyasətinə, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinə aid məsələləri
müzakirə etdik. Birləşmiş Krallıq bizim
üçün strateji tərəfdaş, mühüm
ölkə və Azərbaycanda ən böyük sərmayədarlardan
biridir. Biz münasibətlərimizi yüksək dəyərləndiririk
və əminəm ki, bu əlaqələr daha geniş
gündəliyi əhatə edəcəkdir: siyasi əlaqələr,
iqtisadi əməkdaşlıq, informasiya texnologiyaları və
təhsil sahələri. Azərbaycan gənclərinin
dünyanın aparıcı universitetlərində təhsili
üçün böyük təhsil proqramını həyata
keçiririk. Bu, Azərbaycan Dövlət Neft Fondundan maliyyələşdirilən
xüsusi proqramdır.
Adətən, bu fondun vəsaitləri
strateji məqsədlər üçün sərf edilir. Neft
Fondundan ayrılan vəsaitlər qaçqınların və
məcburi köçkünlərin yeni yerlərə
köçürülməsi, su kəmərinin tikintisi, Ermənistanın
işğalından əziyyət çəkmiş
insanların probleminin həlli, təhsil məqsədləri
üçün istifadə olunur. Həmin məsələlər
bizim üçün çox önəmlidir. Hazırda biz
bacarıqlı, gənc, yaxşı təlim və təhsilli,
geniş dünyagörüşü olan və Azərbaycana,
dövlətçiliyə və gələcəyimizə
sadiq şəxslərə ehtiyac duyuruq.
Müstəqil olmaq bizim
üçün böyük nailiyyətdir. Azərbaycan
xalqı uzun əsrlər boyu müstəqillikdən məhrum
olmuşdur. Buna görə də müstəqilliyin bizim
üçün xüsusi mənası var. Biz müstəqilliyimizi
gücləndirmək və sonrakı nəsillərə
xoşbəxt gələcək təmin etmək
üçün hər gün fəal
çalışmalıyıq.
Birləşmiş
Krallıqla əlaqələrimiz Avropa İttifaqı ilə tərəfdaşlıq
məsələlərini də əhatə edir. Bu
yaxınlarda Azərbaycan Avropa İttifaqının Şərq
Tərəfdaşlığı Proqramına
qoşulmuşdur. Üç il əvvəl Azərbaycan Avropa
İttifaqının Yeni Qonşuluq siyasətinə
qoşulmuşdur. Avropa İttifaqı ilə Azərbaycan
arasında münasibətlər çox müsbət və səmərəlidir.
Bu, əsl tərəfdaşlar arasında olan münasibətlərdir.
NATO ilə də əməkdaşlığımız
uğurla inkişaf edir. Azərbaycan Fərdi Tərəfdaşlıq
üzrə əməliyyat planının fəal
iştirakçısıdır. Biz bu əməkdaşlığı
gələcəkdə də inkişaf etdirəcəyik.
Xarici siyasətimizin əsas
çağırışlarından biri və ümumiyyətlə,
ölkəmizin qarşısında duran əsas vəzifə
Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin
həllidir. Artıq 15 ildir ki, biz nə hərb, nə sülh
şəraitindəyik. 1994-cü ildə atəşkəs əldə
edilib, lakin həmin vaxtdan etibarən beynəlxalq ictimaiyyətin
müxtəlif səylərinə baxmayaraq, biz sülhə
nail olmamışıq. Düzdür, hazırda
danışıqlar prosesi daha fəal, vədedici şəkildə
aparılır və artıq müəyyən nəticələr
var. Lakin bu, beynəlxalq hüququn normaları və prinsiplərinə
əsaslanan həllin tapılması və yekun
razılaşma üçün kifayət deyildir.
Biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik. Bu
münaqişə yalnız beynəlxalq hüquq və beynəlxalq
təşkilatların qərarları əsasında həll
olunmalıdır. Ermənistan rəhbərliyi də buna
hazırdır. Belə olmasaydı, onlar Moskva Bəyannaməsini
imzalamazdılar. Orada aydın şəkildə deyilir ki,
münaqişə beynəlxalq təşkilatların qətnamələri
əsasında həll olunmalıdır. Həmin qətnamələrdə
nə deyilir? Orada aydın şəkildə bildirilir ki, Ermənistan
qüvvələri işğal olunmuş ərazilərdən
qeyd-şərtsiz və dərhal çıxmalıdırlar.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurası bu barədə 4 qətnamə qəbul
etmişdir. Həmçinin BMT-nin Baş Məclisinin qətnaməsi
bu mövqeni dəstəkləyir. ATƏT-in, xüsusən də
Lissabon zirvə görüşünün qərarlarında
münaqişənin hansı yolla həll olunacağı
aydın şəkildə göstərilir.
Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir. Ümumi ərazimizin
20 faizini təşkil edən zəbt olunmuş bütün
torpaqlar erməni işğalından azad olunmalıdır. Ermənistanın
etnik təmizləmə siyasətindən əziyyət
çəkmiş bir milyon azərbaycanlı qaçqın və
məcburi köçkünlərin öz torpaqlarına
qayıtmaq hüququ var. Biz hər zaman - həm 1990-cı illərdə
də demişik və indi də deyirik ki, Dağlıq
Qarabağa suveren Azərbaycan dövlətinin hüdudları
daxilində mümkün qədər ən yüksək
muxtariyyət statusu verməyə hazırıq. Bu, yeganə
mümkün yanaşmadır. Hesab edirəm ki, əgər erməni
tərəfi siyasi iradə göstərsə, münaqişə
həll olunacaqdır. Eyni zamanda, biz Ermənistanın bəzi
narahatlığını, Ermənistan ilə Dağlıq
Qarabağ arasında yerüstü əlaqə məsələsi,
təhlükəsizlik zəmanəti və sülhməramlı
əməliyyatlar kimi məsələləri anlayırıq.
Biz bu məsələləri konstruktiv şəkildə həll
edə bilərik. Regionda sülh hamıya bir çox
üstünlüklər gətirəcəkdir.
Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcək və
insanlarımız yenidən öz doğma yerlərində,
ulu babalarının torpaqlarında yaşamaq imkanına malik
olacaqlar. Ermənistan işğalçı siyasətinə son
qoymalıdır. Ermənistan digər suveren ölkənin ərazisini
zəbt edən ölkə imicinə son qoymalıdır. Eyni
zamanda, Azərbaycanın daxilində yerləşən və
Ermənistanla heç vaxt əlaqəsi olmamış
Dağlıq Qarabağ Ermənistana dəhliz vasitəsilə
çıxış əldə edə bilər. Regiondakı
bütün kommunikasiyalar açılar və tammiqyaslı
regional əməkdaşlıq baş tutar. Qafqazdakı
bütün ölkələr və tərəflər bundan
yalnız fayda görəcəkdir. Nə hərb, nə
sülh vəziyyəti münaqişənin dondurulmuş
olması haqda səhv mesaj göndərir. Bu, dondurulmuş
münaqişə deyil, atəşkəs Ermənistan və
Azərbaycan orduları tərəfindən təmin edilir. Burada
heç bir sülhməramlı yoxdur. Sülh şəraiti
çox kövrəkdir. Buna görə də hazırda irəliyə
doğru getmək və artıq bəlli olan məsələlər
üzərində razılığa gəlmək
lazımdır. Çünki işğalçılıq
siyasəti heç vaxt Dağlıq Qarabağın
tanınmasına gətirib çıxarmayacaqdır. Dağlıq
Qarabağ heç vaxt müstəqil ölkə kimi
tanınmayacaqdır. Bunu gözləmək cəfəngiyatdır.
Suveren Azərbaycan dövləti daxilində cəmi 60 min əhalisi
olan ərazi müstəqil ola bilməz. Fakt ondan ibarətdir
ki, Dağlıq Qarabağ bugünə qədər heç
bir ölkə tərəfindən, o cümlədən Ermənistan
tərəfindən tanınmamışdır. Bu, aydın
şəkildə onu göstərir ki, müstəqillik
mümkün deyildir. Azərbaycan Dağlıq Qarabağın
müstəqillik statusunu öncədən müəyyənləşdirən
sülh planına heç vaxt razılaşmayacaqdır. Bu
haqda söhbət belə gedə bilməz.
ATƏT-in Minsk qrupunun həmsədrləri
tərəfindən verilmiş və hazırda müzakirə
etdiyimiz təkliflər aydın şəkildə göstərir
ki, müstəqilliyə nail olmaq üçün mexanizmlər
yoxdur. Nəyə nail olmaq olar? Dağlıq Qarabağın
erməni və azərbaycanlı icmalarının sülh
şəraitində birgə yaşamasına nail olmaq olar. Biz
keçmişdə sülh şəraitində
yaşamışıq və yenə də yan-yana
yaşayacağıq. Biz coğrafiyanı dəyişə
bilmərik. Ona görə də biz bu cür mühüm beynəlxalq
məsələnin həllinə nail olmalıyıq. Bunun
dünya üçün vacibliyi bizə yardım edən
ölkələrin göstərdiyi diqqətdə əks
olunubdur.
Mən giriş
sözümü bununla yekunlaşdırıram ki, müzakirələr
üçün də vaxt qalsın. Dəvətə görə
bir daha təşəkkürümü bildirmək istəyirəm.
"Chatham House"da
görüş iştirakçılarının
suallarına cavab verməyə hazıram. Hesab edirəm ki,
sizin üçün də əhəmiyyətli olardı ki,
regionumuza aid olan mühüm məsələlər
haqqında məlumatı ilk mənbədən
alasınız. Çox sağ olun.
Brayn Fol ətraflı məlumata
görə Prezident İlham Əliyevə təşəkkürünü
bildirdi.
Dövlətimizin
başçısı daha sonra görüş
iştirakçılarının suallarına cavab verdi.
- Cənab Prezident,
bildiyiniz kimi, bu gün səhər Türkiyədə Nabukko
layihəsi ilə bağlı hökumətlərarası
saziş imzalanmışdır. Azərbaycan bu tədbirdə
energetika naziri ilə təmsil olunmuşdur. Azərbaycanın
bu layihəyə münasibəti barədə fikirlərinizi
bildirsəydiniz, minnətdar olardım. Çünki bilirik ki,
ölkəniz bu yaxınlarda Rusiya ilə qaz müqaviləsi
imzalamışdır.
- Bildiyiniz kimi, Azərbaycan
həmişə Nabukko layihəsinin tərəfdarı
olmuşdur. Artıq qeyd etdiyim kimi, Nabukko ideyası Azərbaycan
ilə Türkiyə arasında çəkilmiş qaz boru kəmərinə
əsaslanaraq layihə kimi irəli
sürülmüşdür. Əgər Azərbaycan
1996-cı ildə bp və digər şirkətlərlə
"Şahdəniz" qaz yatağında hasilatla
bağlı saziş imzalamasaydı və tərəfdaşları
ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi,
onda Nabukko ilə əlaqədar imzalanmış bugünkü
razılaşma mümkün olmazdı. Reallıq bundan ibarətdir.
Ona görə ki, biz bu işin nəinki
başlanğıcında durmuşduq, eyni zamanda bir ölkə
kimi şaxələndirməni və nəql infrastrukturunun
inkişafını fəal şəkildə dəstəkləmişik.
Lakin Nabukko ideyası ortaya çıxanda, elan ediləndə
Azərbaycan potensial təchizatçı hesab edilmirdi,
çünki həmin vaxt bizim kifayət qədər
qazımız yox idi. Digər ölkələr potensial təchizatçı
hesab edilirdi. Lakin sonra Azərbaycan ixracatçıya
çevrildi. Misal üçün, bu il Türkiyəyə 7
milyard kubmetr qaz ixrac etmək fikrindəyik. Biz tələbatdan
asılı olaraq, Gürcüstana 1 milyard kubmetr qaz verməyi
planlaşdırırıq. Türkiyə bizim göndərdiyimiz
qazın müəyyən hissəsini yenidən Yunanıstana
ixrac edir. Biz, həmçinin mübadilə əsasında
İrana qaz ötürürük. "Qazprom"la bu
yaxınlarda imzalanmış müqavilə bizim təchizat
imkanlarımızın tam şaxələndirilməsinə
yönəldilibdir. Nə qədər çox bazar olsa, biz bir
o qədər yaxşı kommersiya şərtləri əldə
etmiş olarıq. "Qazprom"la Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti arasındakı müqavilə
sırf iqtisadi, azad bazar prinsipləri və ədalətli qiymətlər
əsasında imzalanmışdır və zənnimcə, bu,
gələcək potensial sazişlər, razılaşmalar
üçün yaxşı bir misaldır.
Mən çox şadam
ki, tranzit ölkələr arasında saziş
imzalanmışdır. Bu, vacibdir. Eyni zamanda ümid edirəm
ki, Azərbaycan ilə Türkiyə arasında tranzit
haqqında saziş mümkün qədər tez
imzalanacaqdır. Əfsuslar olsun, bugünə qədər həmin
saziş imzalanmayıbdır. Təbii ki, bu gün
imzalanmış saziş və gələcək sazişlər
ədalətli şərtlərlə, azad iqtisadiyyat, rəqabət
prinsiplərinə, eləcə də beynəlxalq səviyyədə
tanınmış şərtlərə əsaslanmalıdır.
Bu ilin may ayında Azərbaycan Nabukkonu dəstəkləyən
siyasi bəyannaməni imzalayıb və əgər layihə
həyata keçsə və bizə yaxşı kommersiya
şərtləri təklif olunarsa, təbii ki, biz də həmin
boru kəməri ilə qazımızı ixrac edərik. Nəzərə
alsaq ki, bu gün Azərbaycanda aşkar edilmiş qaz
ehtiyatlarının minimum həcmi 2 trilyon kubmetrdir, maksimum isə
bu, 5 trilyon kubmetrə bərabərdir, yeni yataqlar
aşkarlanacaq, zənnimcə, bizim istənilən istiqamətdə
qaz ixrac etmək imkanımız olacaqdır.
- Mənim
adım Tomas de Valdır. Dağlıq Qarabağ haqqında
kitab yazmışam. Cənab Prezident, bu gün Sizin
Dağlıq Qarabağla bağlı söylədiyiniz fikirləri
diqqətlə dinlədim. Eyni zamanda, mövzu ilə
bağlı Sizin son müsahibələrinizi də izləyirəm.
Mən xüsusən də Sizin Rusiyanın "Vesti v
subbotu" kanalına verdiyiniz müsahibəni nəzərdə
tuturam. Keçmişdə Siz bəyan etmisiniz ki, nəzəri
baxımdan gələcəkdə münaqişənin hərbi
yolla həllini istisna etmirsiniz. Bilmək istərdim,
danışıqların belə bir mühüm mərhələsində
daha yaxşı etimad mühitini yaratmaq məqsədilə siz
bəyan edə bilərsinizmi ki, hər hansı hərb
variantı istisna olunur və Dağlıq Qarabağ
münaqişəsinin həlli yalnız siyasi yolla ola bilər?
- Artıq qeyd etdiyim
kimi, bilirsiniz ki, 15 ildir Azərbaycan danışıqlar
prosesindədir. Hesab edirəm ki, bu, bizim sülhsevər siyasətimizin
ən yaxşı göstəricisidir. Çünki 20 ilə
yaxındır ki, bizim torpaqlarımız işğal
altındadır, qaçqınlar və məcburi
köçkünlər bu işğaldan əziyyət
çəkir. Buna baxmayaraq, biz yenə də
danışıqlar prosesindəyik. Bu, aydın şəkildə
bizim yanaşmamızı göstərir.
Eyni zamanda, əfsuslar
olsun ki, mən bu gün hərb variantını istisna edə
bilmərəm. Çünki birincisi, Azərbaycan BMT-nin
Nizamnaməsi əsasında özünü müdafiə etmək
hüququna malikdir. Dünyanın istənilən digər
ölkəsi kimi, Azərbaycanın da öz ərazi
bütövlüyünü bərpa etmək hüququ var. Tarixdən
də bilirik ki, bəzi hallarda ölkələr uzaq yerlərdəki
ərazilərində də suverenliyini bərpa etmişlər.
Zənnimcə, siz də bu təcrübəni bilirsiniz.
Dağlıq Qarabağ Azərbaycanın daxilində yerləşir.
Bu, Azərbaycanın tarixi torpağıdır. Dağlıq
Qarabağa ermənilər XIX əsrin əvvəlində
köçürülmüşlər. Onlar orada 1978-ci ildə
ermənilərin İrandan Qarabağa köçmələrinin
150 illiyinə həsr olunmuş abidə qoymuşdular.
Danışıqlar
prosesində irəliləyiş əldə etdikdən sonra, təbii
ki, biz heç bir hərb yoluna əl atmayacağıq və
üzərimizə siyasi öhdəliklər də
götürəcəyik. Lakin indiki halda biz hərb yolunu
istisna edə bilmərik. Əgər biz bunu etsək, ermənilər
işğal olunmuş torpaqlardan, ümumiyyətlə,
çıxmaq istəməyəcəklər.
Hazırda bizim əlimizdə
iki mühüm alət var. Birincisi, Azərbaycanın ordusunun
artan potensialıdır, o, ərazi
bütövlüyümüzü bərpa etməyə qadir
olan ordudur. Biz hərbi məqsədlər üçün Ermənistanın
bütün büdcəsi qədər vəsait
ayırmışıq. İkincisi isə, iqtisadi məsələdir.
Bəzi hallarda biz ittiham olunuruq ki, Ermənistanı təcrid
edirik. Amma biz bunu etməyə məcburuq. Ermənilər
işğal etdikləri ərazilərdəki dəmir yolu
keçən yerlərdən öz qoşunlarını
çıxarsalar, biz həmin dəmir yolunu aça bilərik.
Əgər onlar Dağlıq Qarabağ ərazisindən cənub-şərqdə
yerləşən beş rayondan çıxsalar,
kommunikasiyalar dərhal açıla bilər.
Ona görə 2009-cu
ilin reallığını və gələcəyi nəzərə
alaraq bəyan edirəm ki, Ermənistanla Azərbaycan
müqayisəedilməzdir. Onların tam fərqli iqtisadi,
siyasi vəziyyəti var və əgər beş ildən, on
ildən sonraya baxsanız, bu fərq daha da artacaqdır. Buna
görə onlar onsuz da edəcəkləri seçimi etməlidirlər:
öz qoşunlarını işğal olunmuş ərazilərdən
çıxarmalıdırlar. Bundan sonra biz gücdən
istifadə olunmaması haqqında öhdəlik götürə
bilərik.
- Cənab Prezident,
Dağlıq Qarabağ probleminin həllində Rusiyanın
ciddi marağı varmı?
- Rusiya Prezidenti cənab
Medvedev şəxsən bu prosesdə çox fəaldır,
onun iştirakı ilə Ermənistan Prezidenti və mən
siyasi bəyannaməyə imza atdıq. Mən öz
çıxışımda bu bəyannaməni də
xatırlatdım. Biz Sankt-Peterburqda görüşdük. Rusiya
Prezidenti tərəfindən təklif olunan digər
görüş bir həftədən də az vaxtda Moskvada
baş tutacaqdır. Rusiya tərəfi prosesdə çox fəaldır
və digər həmsədrlərlə birgə mühüm
rol oynayır.
- Mən
BBC World Service radiosunu təmsil edirəm. Siz ölkənizin
Böyük Britaniya ilə əla münasibətlərini tam
təfərrüatı ilə təsvir etdiniz. Ölkəniz
ATƏT-in, Avropa Şurasının üzvüdür, Avropa
İttifaqının tərəfdaşıdır.
Britaniyanın ən nüfuzlu təsisatlarından biri
sayılan BBC World Service radiosunun milli tezliklərdə
yayımlanmaması faktının həmin münasibətlərə
uyğun gəlməməsi ilə razılaşa bilərsinizmi?
- Siz bilirsiniz ki, hər
bir ölkə öz qanunlarına hörmət etməlidir. Bizim
ölkənin qanununa uyğun olaraq, xarici
yayımçılar milli tezliklərdə yayım fəaliyyəti
ilə məşğul ola bilməz. Əgər bu qanun
mövcud olmasaydı, onda təbii ki, BBC, - söhbət təkcə
BBC-dən getmir, - eləcə də Azadlıq, Amerikanın səsi,
Rusiyanın Avropa plyus radiolarının fəaliyyəti
mümkün olardı. Bütün bunlar hüquqi prosedurlar əsasında
baş vermişdir. Yəni biz BBC-nin yayımını
qadağan etməmişik. Biz, sadəcə, hər hansı
digər ölkədə olduğu kimi, öz qanunvericiliyimizə
əməl edirik. Əgər həmin radiolarla Azərbaycan
arasında əməkdaşlıq davam edərsə, biz bundan
şad olarıq və yayımın başqa formalarını
tapa bilərik: internet, qısa dalğalar və s. Biz Azərbaycanda
azad mətbuatı məhdudlaşdırmırıq. Bu gün
qeyd etdim ki, son beş il ərzində Azərbaycanda 1600 məktəb
tikilmişdir və kompüterlə təchiz olunub və onlar
internetə çıxışa malikdir. Əgər biz mətbuatı
məhdudlaşdırsaydıq, onları internetlə təchiz
etməzdik. Biz, sadəcə, istəyirik ki, qanunvericiliyimizə
əməl edilsin və işlər hər hansı digər
inkişaf etmiş və demokratik ölkələrdə
olduğu kimi tənzimlənsin.
- Çox sağ olun, cənab
Prezident, əhatəli çıxışınıza
görə Sizə olduqca minnətdaram. Mən London
Universitetini təmsil edirəm. Sualım Türkmənistanla
münasibətlərinizə, o cümlədən Xəzər
dənizinə və bu ölkə ilə layihələrin həyata
keçirilməsinə aiddir.
- Türkmənistanla
münasibətlərimiz uğurla inkişaf edir. Bizim çox
yaxşı siyasi əməkdaşlığımız var. Son
vaxtlarda dövlət səfərləri - Türkmənistan
Prezidentinin Azərbaycana və Azərbaycan Prezidentinin Türkmənistana
səfərləri baş tutmuşdur. Biz iqtisadi, siyasi əməkdaşlığın
vacib məsələlərini, o cümlədən Xəzər
dənizinin hüquqi statusu məsələsini nəzərdən
keçirmişik. Prinsip etibarilə ziddiyyətlərimiz
yoxdur. Yataqlarla bağlı - Türkmənistanla Azərbaycan
arasındakı sərhəddə yerləşən yataqlarla
bağlı məsələlər var. Biz bunu da konstruktiv
yolla həll etməyə hazırıq. Hesab edirəm ki, əgər
biz öz türkmən dostlarımızla bu məsələnin
həllinə nail olsaq, onda ümumiyyətlə, Xəzər
dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi
daha asan olacaqdır.
- Mənim sualım əvvəlki
sualın davamıdır. Mən "Sərdar-Kəpəz"
yatağı ilə bağlı sual vermək istəyirəm.
Siz bu yatağın birgə işlənilməsi ehtimalı
haqqında son iki il ərzində bəyanat vermisiniz. Dövlət
Neft Şirkəti ilə Türkmənistan tərəfinin bu
yataqda birgə işlərin aparılması ehtimalı nə
dərəcədə realdır?
- Bəli, bu bizim
yanaşmamızdır və bu mövqeyimizi açıq
şəkildə elan etmişik ki, biz qeyd etdiyiniz
yatağın birgə işlənilməsinin tərəfdarıyıq.
Yeri gəlmişkən deyim ki, sovet vaxtında həmin
yatağın adı başqa idi, o, nə Kəpəz deyildi,
nə də Sərdar adlanırdı. O, rus dilində,
"Promejutoçnaya" adlanırdı. Rus dilini bilən
insanlar başa düşür ki, onun mənası nədir.
"Promejutoçnaya"
aralıqda olan deməkdir. Əgər o, aralıqdadırsa, bu
o deməkdir ki, mübahisə obyekti ola bilər. Biz öz
türkmən dostlarımıza təklif etdik ki, bu
yatağın işlənilməsi üçün birgə əməliyyat
şirkətini yaradaq. Çünki bizim infrastrukturumuz və
boru kəmərlərimiz bu yatağa çox yaxındır və
əgər lazım gələrsə, birlikdə beynəlxalq
əməliyyatçıları dəvət edək və
onlar gəlib sərmayə qoya bilərlər. Biz payların
da müxtəlif proporsiyalarına baxmağa hazırıq və
bu da həmin yataqdan keçən sərhədə uyğun
olan bir pay bölümü olacaqdır. Əgər türkmən
dostlarımız bu yanaşmaya razılaşarsa, hesab edirəm
ki, biz məsələnin, Xəzər dənizinin ümumi
hüquqi statusunun müəyyən edilməsini daha da
asanlaşdıracağıq.
- Mən "Chatham
House"da Rusiya və Avrasiya proqramı çərçivəsində
çalışıram. Sizin fikrinizcə, Buş
administrasiyasından fərqli olaraq, ABŞ-ın yeni
administrasiyası Cənubi Qafqazda daha fəal işləyirmi? Bir
tərəfdən, regionun Rusiyanın təsiri altına
düşməməsinə çalışır və digər
tərəfdən, Rusiya ilə Qərb arasında münasibətləri
tənzimləməyə cəhd edirmi?
- Təcrübəmizə
əsaslanaraq biz görürük ki, yeni administrasiya Cənubi
Qafqazın regional məsələlərində çox
mühüm və fəal rol oynayır. İlk anlardan biz bir
çox mesajlar almışıq. Eyni zamanda, mənimlə
Prezident Obama və dövlət katibi xanım Klinton
arasında bir neçə telefon danışıqları
olubdur. Bu yaxınlarda dövlət katibinin birinci müavininin
rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə
heyəti Bakıya səfər etmişdir. Aldığımız
mesajlar, ünsiyyət və danışıqlar aydın
göstərir ki, yeni administrasiyanın regional məsələlərdə
böyük marağı var. Ermənistan-Azərbaycan
münaqişəsində sülh prosesinə güclü dəstək,
enerji siyasəti, regional inkişaf və təhlükəsizlik
məsələləri - bütün bunlar Birləşmiş
Ştatlarla ikitərəfli münasibətlərimizin gündəliyindədir.
Biz bu yanaşmanı görməyimizdən çox
şadıq. Bu yanaşmanı gözləyirdik. Ümid edirik
ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji
tərəfdaşlıq gələn illər ərzində
daha da güclənəcəkdir.
- Cənab
Prezident, mən Britaniya-Ermənistan parlament qrupunu təmsil
edirəm. Zati-aliləri, icazənizlə yenidən
Dağlıq Qarabağ məsələsinə qayıdaq.
Dağlıq Qarabağ məsələsinin sırf insan
hüquqları məsələsi olmasına baxmayaraq, Azərbaycan
bu problemi ərazi iddiası kimi təqdim etmək
üçün əlindən gələni edir və
münaqişənin digər əsas tərəfi,
Dağlıq Qarabağın özü ilə
danışmaqdan imtina edir. Bu, Dağlıq Qarabağın
münaqişə tərəfi kimi ATƏT-in sənədlərində
tanınması faktına baxmayaraq, baş verir. Azərbaycan
Dağlıq Qarabağın seçilmiş nümayəndələrini
danışıqlarda tərəf kimi tanımır. Əgər
Azərbaycan, həqiqətən, sülhdə
maraqlıdırsa, onda birbaşa Dağlıq Qarabağla
danışmalı deyilmi? Sağ olun.
- Biz bu münaqişədə
insan hüquqları barədə danışdıqda, ilk
növbədə, qaçqınlar və məcburi
köçkünlərin, Azərbaycan vətəndaşlarının
həyatı haqqında danışmalıyıq. Bu vətəndaşlar
Ermənistanın etnik təmizləmə siyasətinin
qurbanına çevrilmişlər. Azərbaycanın
rayonlarında - Dağlıq Qarabağ ərazisində, onun ətrafında
yaşamış 700 min insanın hüquqları var. Onların
əllərində olan hər bir şey itirilibdir. Onların
mülkiyyətinin bir hissəsi dağıdılıb, bir
hissəsi oğurlanmış, talan edilmişdir. Onlar öz
torpaqlarını itirmiş, tarixi abidələr
dağıdılıb, orada hər bir şey yerlə-yeksan
olunmuşdur. Azərbaycanın zəbt olunmuş torpaqları
ölü bir zonadır və bu ölü zona bizim tərəfimizdən
yox, ermənilər tərəfindən
yaradılmışdır. Bu yaxınlarda Azərbaycan və
Ermənistanın ziyalılar və deputatlar qrupu Dağlıq
Qarabağda, Şuşa, İrəvan və Bakıda
olmuşlar.
Onlar Şuşaya getdikdə
Azərbaycan məscidini ziyarət etdilər. Bu məscid
dağıdılıb və demək olar, 20 ildir ki,
xarabalığa çevrilibdir. Lakin onlar Bakıya səfər
etdikdə erməni kilsəsinə getdilər. O, bizim tərəfimizdən
bərpa olunub və bir tarixi abidə kimi
saxlanılıbdır. Ona görə bu münaqişəyə
gəldikdə insan hüquqları aspekti Ermənistanın
xeyrinə işləmir. Digər aspektlər də Ermənistanın
xeyrinə işləmir. Danışıqlar tərəflərindən
söhbət açsaq, deyə bilərəm ki, Ermənistan
Prezidenti Sarkisyan Moskva Bəyannaməsini münaqişənin
tərəfi kimi imzaladı. Əgər Dağlıq
Qarabağ münaqişə tərəfi olsaydı, o, bunu
imzalamazdı. Əgər Dağlıq Qarabağ
münaqişə tərəfi olmaq istəyirsə, bunu etmək
çox asandır. Birincisi, Ermənistan ordusu Dağlıq Qarabağdan
çıxarılmalıdır. Bu gün tam aydındır
ki, Ermənistan ordusu Dağlıq Qarabağda yerləşdirilibdir.
Ermənistan prosesdən
tamamilə çıxmalıdır. Sonra isə 60 min əhalisi
olan Dağlıq Qarabağ və Azərbaycan nə etməli
olduqlarını qərarlaşdıracaqlar. Danışıqlar
Ermənistanla Azərbaycan arasında aparılır. Bu, beynəlxalq
formatdır. Bizim üçün heç bir səbəb
yoxdur ki, bu formatı dəyişək. Əgər
Dağlıq Qarabağın erməni icması iştirak etmək
istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı
icması ilə danışıqlara gedə bilərlər. O
azərbaycanlı icması ki, zorakılıqla Dağlıq
Qarabağdan qovulub və qeyd etdiyim kimi, onların bütün
abidələri yerlə-yeksan edilibdir.
- Mən
türkiyəliyəm, Şeffild Universitetində təhsil
alıram. Cənab Prezident, Ermənistan-Türkiyə
münasibətlərində baş vermiş son hadisələr
barədə rəyinizi bilmək istərdim. Azərbaycanın
həmin diplomatik addıma münasibəti necədir?
- Azərbaycan heç
vaxt digər ölkələrin ikitərəfli münasibətlərinə
müdaxilə etmir. Türkiyə ilə Ermənistan
arasındakı münasibətlər həmin ölkələrə
aid münasibətlərdir. Eyni zamanda, əlbəttə ki, Azərbaycan
bəzi məsələlərə regional inkişaf
nöqteyi-nəzərindən yenidən baxmaq hüququna
malikdir. Siyasi baxımdan bu, bizim işimiz deyildir. Amma, eyni
zamanda, bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan bir-birinə
çox yaxın olan ölkələrdir, müstəqilliyimizin
ilk vaxtlarından bir yerdə olublar. Kəlbəcərin Ermənistan
tərəfindən işğalından sonra Ermənistanla
Türkiyə arasındakı sərhəd
bağlanmışdır. Bununla Türkiyə Azərbaycanla
öz həmrəyliyini göstərir və bu, nəzərə
alınmalıdır. Eyni zamanda, Baş nazir Ərdoğan
Bakıda birgə mətbuat konfransımızdakı və
parlamentdəki çıxışında bəyan
etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll
olunmadan Türkiyə Ermənistanla sərhədlərini
heç vaxt açmayacaqdır. Bu, bir dövlət xadiminin,
dostumuzun yanaşması idi, mövqeyi idi. Biz bu cür
yanaşmalarına görə Baş nazirə və eyni
zamanda, Türkiyənin Prezidentinə çox minnətdarıq.
- Mən Ərəb-İran
Tədqiqatlar Mərkəzinin təmsilçisiyəm. İranla
bağlı rəyinizi bilmək istərdim. Xüsusən də
İranın nüvə enerjisi sahəsində tədbirləri
müəyyən narahatlıq doğurur. Bu məsələ
Azərbaycanı da narahat edirmi? Əhmədinejadın yenidən
Prezident seçilməsi ilə bağlı onu təbrik
etmisinizmi?
- Mən
Caspian and Gulf Consultants təşkilatını təmsil edirəm.
Bu gün Nabukko layihəsinə dair hökumətlərarası
saziş imzalandı. Bildiyiniz kimi, Türkmənistan
qazının Rusiyaya nəqli aprelin 8-dən sonra
dayandırılmışdı, 197 qaz quyusu
bağlanmışdır. Hazırda Türkmənistan
qazının yalnız 8 faizi Rusiyaya ötürülür.
Cümə günü Aşqabadda Prezident Obamanın Xəzər
dəniz regionu üzrə elçiləri Makfol, Börns və
Morninqstar ölkə rəhbərliyi ilə görüşlər
keçirmişlər. Onlar ARDNŞ-in prezidenti Abdullayevlə
də görüşmüşlər. Bildiyiniz kimi, Almaniya
şirkəti Türkmənistandan başlayaraq, Xəzər dənizinin
dibi ilə qaz boru kəmərini tikmək istəyir. Bu
baxımdan Transxəzər boru kəməri layihəsinin
baş tutacağı barədə və cədvəli ilə
bağlı nə deyərdiniz?
- Mən
Avropa Bankını təmsil edirəm. İranla münasibətləriniz
haqqında nə deyə bilərsiniz? Bu ölkə ilə
münasibətlərinizin inkişaf perspektivlərini necə
görürsünüz?
- Bizim İranla
münasibətlərimizin çox uzun tarixi var,
xalqlarımız bir-biri ilə çox yaxındır. Müstəqil
ölkələr kimi müxtəlif məsələlərdə
əməkdaşlıq edirik. İqtisadi əməkdaşlığımız,
insanlar arasında ünsiyyət çox yaxşıdır. Enerji
sahəsi münasibətlərimizin bir hissəsidir. Azərbaycan
İrana neft məhsulları ixrac edir və qaz mübadiləsi
əməliyyatlarında iştirak edir. Enerji əməkdaşlığının
çox yaxşı gələcəyi var. Biz İranla Azərbaycan
arasında elektrikötürmə xətlərinin tikintisi
layihəsini yekunlaşdırırıq və bu, İrana 700
meqavat elektrik enerjisi ixrac etmək imkanı yaradır. Əlaqələrimiz
dostluğa, bir-birimizin işlərinə qarışmamaq
prinsipinə əsaslanır. Hesab edirəm ki, bu, qonşular
arasında olan ən yaxşı bir yanaşmadır.
İranın nüvə
proqramına gəldikdə, biz mövqeyimizi dəfələrlə
bildirmişik. Hər bir ölkənin sülh məqsədləri
üçün nüvə proqramını həyata
keçirmək hüququ var. Lakin əgər beynəlxalq
ictimaiyyəti narahat edən məsələlər varsa, onlar
da öz həllini tapmalıdır.
Mənim iranlı həmkarıma
təbrikim Azərbaycan mətbuatında çap edilmişdir.
Mən onu seçkilərdə qalib gəlməsi ilə
bağlı təbrik etdim və yeni prezidentlik dövründə
ona uğurlar arzuladım.
Transxəzər layihəsinin
reallaşdırılması ehtimalına və cədvəlinə
gəldikdə, bunu demək çətindir, çünki bu,
bizim layihəmiz deyildir. Azərbaycan tərəfindən
başlanmış bütün layihələr, - bəziləri
vaxtından gec olsa da, - həyata keçirilibdir. Hər halda
olmaq, olmamaqdan daha yaxşıdır. Transxəzər layihəsinə
gəldikdə, Azərbaycan bunu irəli sürən ölkə
deyildir. Bu, Türkmənistan qazını Azərbaycandan
keçməklə Avropaya çatdırmaq üçün
nəzərdə tutulubdur. Ona görə bu baxımdan Azərbaycan
yalnız tranzit ölkə kimi çıxış edə
bilər. Tranzit ölkə kimi, o cümlədən Enerji
Xartiyasını imzalayan ölkə kimi biz bütün
lazımi icazələri verəcəyik və infrastrukturumuzu
təqdim edəcəyik. Bildiyiniz kimi, Transxəzər layihəsi
haqqında qərar hələ qəbul olunmayıbdır. Əgər
qərar qəbul olunarsa, biz bunu dəstəkləyəcəyik.
Amma biz özümüz təşəbbüs göstərməyəcəyik.
- Mənim qısa şəxsi
sualım var. Cənab Prezident, Siz seçilən liderlər
qrupuna aidsiniz, çünki Sizin kimi rəhbərlərin
ataları vaxtilə dövlət sükanı arxasında
olmuşdur. Bilmək istərdim, Siz ölkə rəhbəri
kimi fəaliyyətə başlayanda sabitlik və
davamlılıq baxımından hansı üstünlükləri
hiss etdiniz? Atanızın Sizin üzərinizə qoyduğu
xüsusi məsuliyyəti necə dərk edirsiniz?
- Sağ olun. Atamın
başladığı bütün işlərin uğurla
davam etməsindən qürur hissi keçirirəm. Sabitlik və
davamlılıq Azərbaycana etimadı gücləndirdi. Atam
tərəfindən həyata keçirilən siyasət Azərbaycanı
fəlakətdən, böhrandan, müstəqilliyin itirilməsindən
xilas etdi. Tarixdə acı təcrübəmiz olub: 1918-1920-ci
illərdə Azərbaycan iki il ərzində müstəqil
olmuşdu, lakin daxili və xarici amillərə görə o
vaxt müstəqilliyi itirdik. Eyni ssenari 1993-cü ildə də
baş verə bilərdi. Yəni ikiillik müstəqillikdən
sonra ölkə dağılmaq təhlükəsi
qarşısında idi. Müstəqillik sual altında idi.
Heydər Əliyev müstəqilliyi möhkəmləndirdi,
Azərbaycanda lazımi şəraiti yaratdı və Azərbaycan
xalqı bunu heç vaxt yaddan çıxarmaz.
Bu, böyük məsuliyyətdir.
Atamın oğlu kimi mən hər zaman bu məsuliyyəti dərk
edirəm və 2003-cü ildə mənə etimad göstərən
şəxsləri məyus etmərəm. 2003-cü ildə
onlar Heydər Əliyevin siyasətinə, sabitliyə və
davamlılığa səs verdilər. 2008-ci ildə onlar son
beş il ərzində əldə edilmiş nailiyyətlərə
əsaslanaraq səs verdilər. Fərəh hissi ilə deyə
bilərəm ki, beş il ərzində
planlaşdırılmış bütün işləri həyata
keçirdik, ölkəmizi möhkəmləndirə,
müasir Azərbaycanı yarada bildik. Azərbaycanda dünyəviliyi
möhkəmləndirdik və müstəqilliyi qoruyub
saxladıq. Zənnimcə, gələn illər ərzində,
gələcəkdə biz bu uğurlu inkişafı davam etdirəcəyik,
Azərbaycan regional və beynəlxalq işlərdə daha fəal
rol oynayacaqdır.
***
Ser Brayn Fol
görüşə gəldiyinə, maraqlı və məzmunlu
çıxışına, suallara ətraflı cavabına
görə Prezident İlham Əliyevə təşəkkür
etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyul.- S. 1, 2.