Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı  

 

Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"ndan irəli gələn məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılsın.

2. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 25 ştat vahidi müəyyən edilsin.

3. "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №5, maddə 402; 2008-ci il, № 11, maddə 970):

3.1. 5-ci bəndində "180" rəqəmi "155" rəqəmi ilə əvəz edilsin;

3.2. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin strukturu"nun 2-ci bəndinin ikinci və üçüncü abzasları müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi;".

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. qüvvədə olan normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 17 iyul.- S. 2.