Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı  

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

2.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin strukturunu və ştat cədvəlini 15 gün müddətində təsdiq etsin;

2.2. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təşkili üçün müvafiq binanın ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;

3.4. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 17 iyul.- S. 2.