ATƏT və Azərbaycan arasında əməkdaşlıq inkişaf
edir
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, iyulun 16-da ədliyyə
naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət
Məmmədov ATƏT-in baş katibi, səfir Mark Perrin de
Brişambo ilə görüşmüşdür.
Azərbaycan və ATƏT
arasında münasibətlərin dinamik inkişaf etdiyini
bildirən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə
ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi
sahəsində ölkədə həyata keçirilmiş
kompleks tədbirlər, Ədliyyə Akademiyasının fəaliyyətinin
təşkili barədə məlumat vermiş, ATƏT-lə əməkdaşlıqda
görülmüş işlərin, xüsusilə hakim və
hakimliyə namizədlərlə aparılan tədris məşğələlərinin,
o cümlədən səhnələşdirilmiş məhkəmə
formatında keçirilən təlimlərin əhəmiyyətini
vurğulamışdır.
ATƏT-lə Azərbaycan
arasında geniş əlaqələrin olduğunu deyən cənab
Mark Perrin de Brişambo qanunun aliliyinin təşviqinin əhəmiyyətini
vurğulayaraq, bu istiqamətdə açıq və səmərəli
əməkdaşlığa görə minnətdarlığını
bildirmişdir. Baş katib Azərbaycanın Avropada ən
müasir penitensiar sistemin yaradılmasına doğru irəlilədiyini,
qabaqcıl beynəlxalq standartlara uyğun tikilmiş Bakı
istintaq təcridxanasının buna bariz nümunə
olduğunu, bu sahədə şəffaflığın və
aşkarlığın mövcudluğunu məmnunluqla qeyd
etmişdir.
Görüşdə
demokratik cəmiyyətdə müstəsna əhəmiyyəti
olan inzibati məhkəmələrin ölkəmizdə
yaradılması təqdir edilmiş, məhkəmə
monitorinqlərinin aparılmasına dair tədbirlər, habelə
əməkdaşlığın inkişafı
üçün geniş perspektivlərin olduğu
vurğulanmış, qarşılıqlı fəaliyyətə
dair konkret təkliflər səslənmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyul.- S. 3.