Beynəlxalq Güləş
Assosiasiyaları Federasiyasının (FİLA) prezidenti Rafael
Martinetti ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş "Qızıl Qran-pri" turnirinin
finalı ərəfəsində mətbuat konfransı
keçirmişdir.
FİLA-nın
başçısı bildirmişdir ki, Qran-pri
yarışlarının finalı statusuna görə
dünya və Avropa çempionatlarından sonra
üçüncü yerdədir. Dünyanın
aparıcı atletlərinin bu turnirə marağı ilbəil
artır. Üstəlik, Qran-pri yarışlarında
iştirak reytinq xalları toplamaq üçün əlavə
imkandır.
R.Martinetti Azərbaycan
Güləş Federasiyasının fəaliyyətini yüksək
qiymətləndirərək bildirmişdir ki, "o, qısa
müddətdə beynəlxalq aləmdə böyük
uğurlar qazanmış yeganə idman təşkilatıdır".
Sərbəst güləşçilərin dünya kuboku
yarışlarında, Avropa çempionatında qələbəsi,
Azərbaycan güləşçilərinin Tbilisidə
keçirilən gənclər arasında qitə birinciliyində
12 medal qazanmaları bunu təsdiq edir.
Qonaq Pekin
Olimpiadasının finalçısı Rövşən
Bayromovu (55 kq) ötən mövsümün ən
yaxşı güləşçisi saymış
FİLA-nın bu qərarı ilə bağlı vəziyyətə
aydınlıq gətirərək demişdir ki, ən
güclü güləşçi bir deyil, bir neçə
yarışın yekunlarına əsasən müəyyən
olunmalıdır. Azərbaycan güləşçisi ötən
mövsümdə Avropa çempionatında, Qran-pri
yarışlarında qalib gəlmiş, Pekin
Olimpiadasının gümüş mükafatçısı
olmuşdur. Beynəlxalq Federasiya məhz Rövşəni ilin
ən yaxşı güləşçisi seçməklə
düzgün qərar qəbul etmişdir.
FİLA-nın prezidenti
hər gəlişində Azərbaycan paytaxtının
simasında müsbət dəyişikliklərin şahidi
olduğunu vurğulayaraq demişdir ki, zənnimcə, bir
neçə ildən sonra Bakı dünyanın ən gözəl
şəhərlərindən biri olacaqdır.
Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti Namiq Əliyev demişdir ki,
komandada rəqabət ilbəil artır. İndiki turnir
sentyabrda Danimarkada keçiriləcək dünya
çempionatında Azərbaycanı təmsil edəcək
milli komandanın son tərkibinin müəyyənləşdirilməsində
həlledici olacaqdır.
FİLA-nın
başçısı mətbuat konfransından sonra Fəxri
xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin
məzarı önünə gül qoymuş, ulu öndərin
xatirəsini ehtiramla anmışdır.
Qonaq görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da məzarı
üstünə gül qoymuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 17 iyul.- S. 3.