Yardımlıda heç vaxt builki qədər taxıl olmayıb

 

Yardımlıda taxıl biçini bu il də aranla müqayisədə, təxminən, bir ay gec başlayıb. Bu, əsasən, dəniz səviyyəsindən yüksək olan ərazidə havaların sərin keçməsi ilə bağlıdır. Amma taxıl yetişəndə hamı onu tez yığmağa tələsir.

Çünki burada yayın ortasında da havalar dəyişə bilir. Yardımlıda olarkən bu cür halla qarşılaşdıq. Günortadan keçmiş havanın üzü döndü, şimşək çaxdı, yağış yağmağa başladı. Belə olan halda, havanın yenidən istiləşməsi, zəmilərin quruması vaxt istəyir. Biçinin yubanması isə məhsulun bir hissəsinin itirilməsi deməkdir. Dağlıq ərazidə kombaynlarla taxıl biçmək asan deyil. Bu, kombaynçıdan təcrübə məharət tələb edir. Elə buna görə Yardımlı rayonunun kombaynçıları taxıl biçini mövsümündə başqa rayonlara köməyə getdikləri halda, digər yerlərin ən təcrübəli mexanizatorları buraya gəlməkdən ehtiyat edirlər. Bəzi yüksəkliklərdə kombaynların işləməsi isə qeyri-mümkündür. Belə yerlərin taxılı əl ilə biçilib daşınır, sonra kombaynla döyülür.

Əkin vaxtı sahələrə toxum əl ilə səpilir. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov dedi ki, çətinliklərə baxmayaraq, torpaq mülkiyyətçiləri bu il zəmilərdə bol məhsul yetişdiriblər. Kənd təsərrüfatı məhsulları istehsalçılarına, xüsusilə, buğda əkib-becərənlərə dövlət tərəfindən göstərilən diqqət və qayğı sahəyə marağı xeyli artırmışdır. 2007-ci ilin payızında 1783 torpaq mülkiyyətçisi 2 min 200 hektarda taxıl əkib. Hər hektardan 21,1 sentner məhsul götürülüb. Bundan ruhlanan torpaq sahibləri keçən il payızda daha çox - 2953 hektar taxıl əkiblər ki, bu da əvvəlki ildəkindən 753 hektar artıqdır.

Alar kənd bələdiyyəsinin sədri, Ağarəşid Rüstəmov söhbət zamanı dedi ki, sovetlər zamanında uzun illər kolxoz sədri işləmişəm. Yardımlının həmişə problemi olub. Bir qismi indi də var. Bu, əsasən, işsizliklə bağlıdır. Amma rayonda heç vaxt indiki qədər iş görülməyib. Yeni-yeni təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib, parklar, xiyabanlar salınıb, yollar çəkilib.

Magistral şose yolu əsaslı şəkildə yenidən qurulub, rayon mərkəzinə, ona yaxın yaşayış məntəqələrinə təbii qaz xətti çəkilib. Yardımlıya şəhər statusu verilib. Alar kəndində 2005-ci ildə Heydər Əliyev Fondu hesabına yeni, müasir tipli orta məktəb binası tikilmişdir. Kəndimizdə həkim ambulatoriyası yeni binada fəaliyyət göstərir. Elektrik enerjisi sarıdan korluğumuz yoxdur, təzə EATS kənd camaatının istifadəsindədir.

Xalq cəbhəsi hakimiyyətdə olanda Yardımlının əhalisi də böyük çətinliklərlə qarşılaşdı. Heç kəs bizə taxıl, un vermək istəmirdi. Əslində, hakimiyyətdə olanların naşılığından belə vəziyyət yaranmışdı. Güc-bəla ilə Dağıstandan alınıb gətirilən una möhtac qalmışdıq. İndi əhali növbənöv un məmulatı ilə təmin olunmuşdur. Bütün bunlar aparılan düzgün, düşünülmüş siyasətin nəticəsidir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına, habelə buğda əkib-becərənlərə dövlət tərəfindən subsidiyaların, güzəştli qaydada mineral gübrələrin verilməsi, "Aqrolizinq" ASC-nin, rayon filiallarının yaradılması aqrar sahədə əsaslı dönüşə səbəb olmuşdur. Heç vaxt Yardımlıda bu qədər taxıl olmayıb. İndi hamı yetişdirdiyi məhsulu tez itkisiz yığmağa çalışır. Eyni zamanda, məhsulu satmaqda çətinlik çəkir. Bununla bağlı onların dövlətin köməyinə ehtiyacı var.

Hazırda rayonda taxıl biçininin qızğın çağıdır. Kombaynlar işləyən sahələrin məhsulu kombaynla, texnikanın işləməsi mümkün olmayan zəmilər isə əllə biçilir. Mütəxəssislərin hesablamalarına görə, zəmilərdən 6 min 500 ton buğda məhsulu gözlənilir.

 

 

Seyran Cavadov

 

Azərbaycan.- 2009.- 17 iyul.- S. 4.