Naxçıvan şəhərində yeni avtovağzal kompleksi istifadəyə verilmişdir

 

Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov avtovağzal kompleksinin yenidən qurulmasını qədim diyarın həyatında əlamətdar hadisələrdən biri kimi dəyərləndirərək demişdir ki, hər gün buradan Naxçıvan-Bakı istiqamətinə 2, Naxçıvan-Türkiyə istiqamətinə 8, rayon mərkəzlərinə 22, yerli terminalda isə 114 avtobus 3 minə yaxın sərnişinə nəqliyyat xidməti göstərəcəkdir. Sərnişinlərə xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün Şərur rayonundakı dəmir yol vağzalı kompleksində avtovağzal istifadəyə verilmiş, Culfa avtovağzalında yenidənqurma işlərinə başlanılmışdır. Şahbuz rayonunda isə yeni avtovağzal binasının tikintisi davam etdirilir.

Ölkənin iqtisadi imkanları olmadan bu işləri görmək mümkün deyildir. Bu gün Azərbaycanın iqtisadi imkanları kifayət qədərdir. Prezident İlham Əliyevin təsdiq etdiyi 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yaxın gələcəkdə ölkəmizdə çox mühüm layihələr həyata keçiriləcəkdir.

Ali Məclisin sədri iyulun 14-də ümummilli liderimizin Azərbaycanda siyasi rəhbərliyə gəlməsinin 40 illiyinin qeyd edildiyini xatırladaraq demişdir ki, indi yenidən qurulmuş avtovağzal kompleksi də ötən əsrin 70-ci illərində tikilmişdi. Lakin 90-cı illərin ağır hadisələri ondan da yan keçməmiş, bina tamamilə yararsız vəziyyətə düşmüşdü. Nəticədə sərnişindaşıma xidmətində ağır vəziyyət yaranmış, avtovağzalda çalışan insanlar isə işsiz qalmışdılar. Ona görə də indi avtovağzalın yenidən qurulması sərnişinlərə xidmətin səviyyəsini yüksəltməklə bərabər, yeni iş yerlərinin açılmasına da imkan verəcəkdir.

Məlumatı AzərTAc yaymışdır.

 

 

Azərbaycan.- 2009.- 17 iyul.- S. 4.