İnteraktiv sorğu vasitəsilə pensiya islahatlarına münasibət öyrənilib

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında keçirilən daha bir interaktiv sorğu yekunlaşıb. Sorğu zamanı respondentlərin ölkəmizdə həyata keçirilən pensiya islahatlarına münasibəti öyrənilib. Onlara "Sizcə, indiyədək həyata keçirilən pensiya islahatlarının başlıca üstünlüyü nədən ibarətdir?" sualı ünvanlanıb.

Rəyi soruşulanların 27,5 faizi islahatların ən üstün cəhəti kimi pensiyaların plastik kartlarla ödənilməsini gördüyünü nəzərə çatdırıb. 23,5 faiz isə ən üstün cəhət kimi, pensiyaların artırılmasını göstərib. Bundan başqa, respondentlərin 17,3 faizi fərdi uçot sisteminə keçidə üstünlük verib. Sorğuda iştirak edənlərin 12,9 faizi islahatların bürokratik əngəllərin aradan qaldırılmasına gətirib çıxardığını vurğulayıb. 18,8 faizi isə onlara ünvanlanan suala "bilmirəm" cavabını verməklə kifayətlənib. Sorğunun nəticələri onu vurğulamağa əsas verir ki, respondentlərin ümumilikdə 80 faizindən bir qədər çoxu ölkəmizdə həyata keçirilən pensiya islahatları ilə yaxından maraqlanır.

Qeyd edək ki, keçmiş SSRİ dövründən qalmış və müasir dövrün tələblərinə cavab verməyən pensiya münasibətlərində köklü dəyişikliklərin başlanğıcı 2001-2005-ci illəri əhatə edən "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın reallaşdırılması ilə qoyulmuşdur. Konsepsiyanın reallaşdırılması ilə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılmış, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tətbirlər həyata keçirilmişdir. Sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılması və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edir.

2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yardım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Həmçinin, bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilmiş və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilmiş və yenidən qurulması əməli həyata keçirilmişdir. Əmək pensiyalarının plastik kartlarla ödənilməsi sistemi müvəffəqiyyətlə tətbiq edilmişdir. Hazırda isə Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" icra olunmaqdadır.

DSMF özünün internet saytında ictimaiyyətlə əlaqələrin daha da inkişafı üçün bu tipli interaktiv sorğular keçirilməsini davam etdirir. Mütəmadi olaraq keçirilməsi planlaşdırılan sorğular zamanı əhaliyə sığorta-pensiya sistemi ilə bağlı müxtəlif suallar ünvanlanır. Sorğuların keçirilməsində başlıca məqsəd əhalinin ölkədə keçirilən sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir.

 

 

Azərbaycan.- 2009.- 17 iyul.- S. 4.