Avropalı gənclər azərbaycanlı həmyaşıdları
ilə əməkdaşlığa
xüsusi maraq göstərirlər
Prezident İlham Əliyev
tərəfindən uğurla həyata keçirilən
dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin
inkişafına təkan verməklə yanaşı onun cəmiyyətdəki
rolunun daha da artmasına, ictimai fəallığının
yüksəlməsinə səbəb oldu. Gənclərin cəmiyyətdə
özünütəsdiqi, müxtəlif sahələrdə fəal
iştirakı, təşəbbüskarlığı və
gənc liderlər ordusunun formalaşması bütün
dünyada ölkəmizə maraq və diqqətin artması
ilə müşahidə edilir. Bu, respublikamızda
keçirilmiş "Mədəniyyətlərarası
dialoqda gənclərin rolu" mövzusunda beynəlxalq tədbirdə
iştirak edən ayrı-ayrı ölkələrin nümayəndələrinin
fikirlərində də öz təsdiqini tapdı. Azərbaycanla
əməkdaşlığı genişləndirmək məqsədilə
yeni proqramlarla çıxış edən Avropanın
nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərləri
əməkdaşımızla söhbətlərində cəmiyyətimizin
aparıcı qüvvəsinə çevrilmiş gənclərlə
daim sıx ünsiyyətdə olmaq, mövcud əlaqələri
daha da genişləndirmək təşəbbüsləri ilə
çıxış etdilər.
Linder van Lenden,
Demokratik İştirak
Naminə Avropa İnstitutunun rəhbəri
(Hollandiya) :
- Demokratik İştirak
Naminə Avropa İnstitutu ayrı-ayrı dövlətlərdə
keçirilən seçkilərdə treninqlər, seminarlar təşkil
etmək, gənclərin fəallığını
artırmaq məqsədilə təsis edilib. Biz işimizi bu
prinsiplər üzərində qurmuşuq. Azərbaycanda indiyə
qədər keçirilmiş seçkilərdə
müşahidəçi qismində iştirak etməsək də,
seçki prosesi və səsvermələrin gedişini
yaxından izləyirik. Demokratik İştirak Naminə Avropa
İnstitutunun burada keçirilmiş seçkilərə
münasibətinə gəlincə, düşünürəm
ki, yaxşı nəticələr əldə edilib.
Gələn il Azərbaycanda
növbəti parlament seçkiləri keçiriləcək.
Biz bu prosesdə müşahidəçi qismində
iştirak, Azərbaycan gəncləri ilə əməkdaşlıq
etmək niyyətindəyik. Çünki Azərbaycan gəncləri
ölkədə keçirilən bütün seçkilərdə
yaxından iştirak edir, ictimai fəallığın
artırılmasına öz töhfələrini verirlər. Onlar
cəmiyyətin ictimai-siyasi həyatında yaxından
iştirak edərək onun aparıcı qüvvəsinə
çevriliblər. Bu, yeni inkişaf mərhələsinin
başlanğıcından xəbər verir. Gənc liderlər
beynəlxalq miqyasda uğurla təmsil olunur, qlobal layihələrin
təşkilatçısı qismində
çıxış edirlər. Elə Bakıda keçirilən
"Mədəniyyətlərarası dialoqda gənclərin
rolu" beynəlxalq tədbir buna misal ola bilər.
Hollandiyalı gənclər
azərbaycanlı həmyaşıdları ilə əlaqələrin
genişləndirilməsinə xüsusi maraq göstərirlər.
Biz ölkənizin gənc liderləri ilə daha sıx
ünsiyyətdə olmaq, əməkdaşlıq etmək
arzusundayıq. Bu, nəinki xalqlarımız arasında mədəni
əlaqələrə öz töhfəsini verəcək, həm
də yeni tərəfdaşlığın əsasını
qoyacaq. Elə Azərbaycana gəlişim də bu məqsədlərə
xidmət edir. Təşkilatımız Hollandiyanın Xarici
İşlər Nazirliyi ilə yeni layihə hazırlayır. Proqrama
əsasən bir sıra ölkələrdə, o cümlədən
Azərbaycanda gənclərin təlim mərkəzlərini təsis
edəcəyik. Ümumiyyətlə, Demokratik İştirak
Naminə Avropa İnstitutunun Azərbaycanla bağlı
planları çoxdur. Maliyyə mənbələri əldə
edərək bu layihələri həyata keçirməyi
qarşımıza məqsəd qoymuşuq.
Yeri gəlmişkən,
bir məsələni də xüsusi olaraq diqqətinizə
çatdırmaq istəyirəm. Təəssüf ki,
Hollandiyada Azərbaycan həqiqətləri o qədər də
geniş yayılmayıb. Bunun da bir sıra obyektiv səbəbləri
var. Niderland Krallığındakı Azərbaycan diasporunun fəaliyyəti
çox zəifdir. Biz ölkəniz haqqında operativ və
dolğun məlumat ala bilmirik. Lakin çətinliklərə
baxmayaraq Cənubi Qafqazın ən güclü dövləti
Azərbaycan, bu ölkənin gəncləri haqqında zəruri
bilgilər əldə etmişik.
Olqa Çyorna, Avropa Tələbələr Forumu (ATF)
beynəlxalq təşkilatının təmsilçisi
(Ukrayna):
- ATF Avropa gənclərinin
ictimai-siyasi həyatda, cəmiyyətin bütün sahələrində
fəallığının artırılmasını təmin
etmək məqsədilə təsis edilib. Təşkilatımız
öz sıralarında 18-35 yaşlı gəncləri birləşdirir.
Biz Avropa gənclərinin inteqrasiyası məqsədilə
seminarlar, konfranslar və beynəlxalq layihələr həyata
keçiririk. Gələcəkdə Azərbaycanla əməkdaşlığın
genişləndirilməsi də planlarımıza daxildir.
Avropanın bütün ölkələrində ATF-in təmsilçilikləri
fəaliyyət göstərir. Azərbaycandakı nümayəndəliklə
geniş əlaqələr qurmuşuq. Sevindirici haldır ki,
bu təmsilçiliyin üzvləri digər ölkələrin
nümayəndəlikləri ilə müqayisədə
çox fəaldırlar. Onlar daim mütərəqqi təşəbbüslərlə
çıxış edirlər və yeni ideya
axtarışındadırlar.
Azərbaycan haqqında
təsəvvürüm əvvəllər o qədər də
geniş deyildi. Burada baş verən proseslər haqqında xəbərləri
yalnız mətbuat orqanları vasitəsilə
toplayırdım. Bilirdim ki, Azərbaycanın Dağlıq
Qarabağ münaqişəsi kimi böyük problemi var. Amma
buna baxmayaraq ölkə özünün sürətli
inkişaf dövrünə qədəm qoyub. Ümid edirəm
ki, həmin problem tezliklə həllini tapacaq. Səfər
zamanı müsbət gözləntilərimdə, təsəvvürlərimdə
yanılmadığımın şahidi oldum. Azərbaycan
müasir, Avropa dəyərlərinə üstünlük verən,
qədim tarixə, mədəniyyətə malik bir ölkədir.
Son illər Azərbaycan gəncləri tərəfindən irəli
sürülən mütərəqqi təşəbbüslər,
keçirilən tədbirlər beynəlxalq layihələr də
bunu sübut edir. Avropanın ayrı-ayrı ölkələrindən,
müxtəlif mədəniyyətləri təmsil edən gənclərin
Bakıda bir araya gəlməsi zəruri dialoqun
reallaşması və təcrübə mübadiləsi
baxımından çox əhəmiyyətlidir. Mən bu
ideyanın reallaşmasındakı əvəzolunmaz xidmətlərinə
görə buradakı həmyaşıdlarıma təşkilatımız
adından minnətdarlığımı bildirirəm.
Lusiya Bezakova, "Peorle to reorle" beynəlxalq təşkilatının
rəhbəri (Slovakiya):
- Təşkilatımızın
adından da göründüyü kimi, biz xalqlar
arasındakı mədəni, tarixi əlaqələrin daha da
dərinləşməsi prinsipini əsas seçmişik. Məqsədimiz
ayrı-ayrı ölkələrin gəncləri arasında
geniş əməkdaşlıq qurmaqdır. Bu, təcrübə
mübadilələri, birgə tədbirlər, layihələr
formasında reallaşa bilər.
Bu mənim Azərbaycana
ilk gəlişimdir. Amma səfərdən öncə də
ölkəniz barəsində geniş bilgilərə malik
idim. Azərbaycan son illər qlobal mövzuları əhatə
edən beynəlxalq tədbirlərin, konfransların təşkilatçısına
çevrilib. Slovakiyada yaşayan azərbaycanlılar, eləcə
də buraya səfərlər edən soydaşlarım vətənə
qayıtdıqdan sonra bu ölkənin zəngin mədəniyyəti,
tarixi, qonaqpərvərliyi, qədim adət-ənənələri,
sürətli sosial-iqtisadi inkişafı haqqında ətraflı
danışırlar.
Ötən il Almaniyada gənclərin
inteqrasiyası ilə bağlı keçirilən beynəlxalq
tədbirdə azərbaycanlı gənclərlə geniş təcrübə
mübadiləsi apardıq. Onlar bizə vətənləri barəsində
dolğun məlumat verdilər və təsəvvürümdə
bu ölkə haqqında aydın qənaət hasil oldu. Azərbaycanlılar
özünəməxsus müsbət cəhətləri,
pozitiv xüsusiyyətləri ilə başqa xalqlardan
seçilirlər. Onlar olduqca səmimi, mülayimdirlər və
hər şeyə həssas yanaşırlar. Bu məqamın
özü həmin ölkə, onun xalqı haqqında təsəvvürlərin
formalaşmasında həlledici rol oynayır.
Biz azərbaycanlı həmyaşıdlarımızla
birgə layihələr və proqramlar keçirmək niyyətindəyik.
Bu, "gənclərin fəaliyyəti və idman"
adlı maraqlı mövzudur. Çünki idman elə bir fəaliyyət
növüdür ki, burada dil, din heç bir rol oynamır. Həmin
təşəbbüs Azərbaycan və Slovakiya gənclərinin
yeni əməkdaşlığının başlanğıc
nöqtəsi sayıla bilər. Düşünürəm
ki, hər iki ölkənin gəncləri əlaqələri
genişləndirmək imkanlarına malikdirlər. Azərbaycanın
bir neçə təşkilatı ilə artıq bu
mövzuda məsləhətləşmələr
aparmışıq. Qərara almışıq ki, yaxın gələcəkdə
təcrübə mübadilələri keçirək, beynəlxalq
layihələr təşkil edək.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 17 iyul.- S. 5.