Xocalı soyqırımı fotoların dili ilə

 

Qoboyun çaldığı həzin musiqi nədənsə əvvəlki təsirini itirib. Daha qulaqlarımızı oxşamır. Sinirlərimizi tarıma çəkib, ürəyimizi sızladıb, qəlbimizin dərinliyinə gömülüb istədiyimiz nisgilimizi oyadır. Həsrətimizi elə yüyrək edir ki, arxasınca çatmaq üçün təngnəfəs oluruq. Axı, həmin sədaları itkimiz, kədərimiz ərşə qalxanda, televiziya ekranlarından, efirdən dinləmişik. Kamil Cəlilovun qoboyu inləyirsə, nəsə baş verib demək.

Gəncənin "Cırtdan" uşaq parkından yenə də ətrafa qoboy səsi yayılırdı. Gəncəlilər ora tələsirdilər. Hər kəsin üzündə bir kədər, bir təlaş, bir nisgil vardı. Tələsirdilər, çünki əbədi dərdimiz, unudulmayan faciəmiz, göz dağımız olan Xocalıya həsr olunmuş foto-sərgiyə baxmaq, bir daha o dəhşətli anları xatırlamaq, yaddaşları təzələmək zamanı idi. Mənə elə gəlir ki, bu şəkillər, faciəni özündə əks etdirən hadisələr kağız üzərində deyil, insanın köksünə, gözlərinə daimilik həkk edilsəydi, çoxdan həmin orqanı tel-tel, zərrə-zərrə dağıdıb məhv edərdi. Yəni bu cür vəhşəti nə tarix görüb, nə də insanlıq yaşayıb. Bu gün dünyanı ayağa qaldırmağa çalışan, hətta bəzi dövlətlərə Türkiyənin törətmiş olduğu sözdə "soyqırım faciəsi"ni çatdırmağa cəhd edən ermənilər dünyanın gözü qarşısında törətdikləri Xocalı soyqırımı üçün məsuliyyətdən yaxa qurtarmağa çalışırlar.

1915-ci ildə baş verənləri soyqırım adlandıranlar yaxın tariximizdə olan Xocalı faciəsini və orada baş verənləri sanki görmürlər. Adamın qanını donduran bu fotolara baxarkən düşünürsən: görəsən, insanam deyən bir kəsin qadına, uşağa, yaşlıya bu qədər zülm etməsi, qəddarlığı haradan gəlir. Amma insan adlanan kimsə bu vəhşəti heç zaman özünə rəva bilməzdi. Diri-diri yandırılan, başı kəsilən, gözü çıxarılan, şaqqalanan, süngü ilə bətnindən körpəsi çıxarılan qadının nə günahı vardı? Azərbaycanlı, müsəlman olduqları üçünmü? Fotolar insanın qanını dondurur.

Fotolar soyqırıma şahidlik edir. Həmin şəkillərin önündə dayananların göz yaşına sanki sərbəstlik səlahiyyəti verilmişdi. Kişi də, qadın da, yaşlı da, cavan da axan göz yaşını silmək istəsə də, düyünlənmiş yumruqları buna mane olurdu. Bu göz yaşı acizlikdən deyil, intiqam hissindən irəli gəlirdi. Bir gecənin içində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl və qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. Səkkiz ailə tamamilə məhv edilib.

56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların bədəni süngü ilə deşik-deşik edilmişdir. Bu faciə, soyqırımı heç zaman unudulmayacaq. Unutmağa haqqımız da yoxdur. Onu da unutmayacağıq ki, o dövrdə ölkəyə rəhbərlik edənlər, hakimiyyətə can atanlar xalqa vaxtında, düzgün məlumat vermədilər. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Xocalı faciəsi özünün siyasi, hüquqi qiymətini aldı.

Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilən soyqırımı kimi hər zaman anılacaq və faciənin baiskarları cəzalarını alana qədər qan verən yaramız sağalmayacaqdır. Elə "Xocalı soyqırımını tanıtma" ictimai birliyi də bu zərurətdən yaradılmışdır. Birlik "Xocalı soyqırımını dünyaya çatdıraq" devizi altında respublikanın on şəhər və rayonunda foto-sərgi təşkil edir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən foto-sərgiyə həsr olunmuş tədbiri açan Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Bəxtiyar Muradov sərginin əhəmiyyətindən bəhs etdi. "Xocalı soyqırımını tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu çıxışında qeyd etdi ki, Azərbaycan xalqının başına tarixən çox müsibətlər gəlib. Təbriz, Dərbənd, Göyçə, Zəngəzur, Borçalı və bir çox dədə-baba torpaqlarımızı itirmişik. Lakin biz Qarabağ itkisi ilə barışa bilmərik. Xocalı soyqırımını dünyaya çatdırmalı və qəbul etdirməliyik.

Sərgidə nümayiş etdirilən foto-şəkillərin müəllifi, əzablı döyüş yolu keçən Əlövsət Qasımov, Xocalı faciəsindən bəhs edən irihəcmli kitabın müəllifi Sənubər Sarallı, "Xocalının səsi" qəzetinin baş redaktoru Qasım Qırxqızlı, YAP Gəncə şəhər təşkilatı qadınlar şurasının sədri Arzu Həmzəyeva, jurnalist Mahirə İspiqızı, şairlərdən Zaur Quliyev və Ələs Əhmədov çıxış edərək fikir və mülahizələrini bildirdilər. "Xocalı soyqırımını tanıtma" ictimai birliyinin Gəncədə təşkil olunan foto-sərgisinə yüzlərlə sakin hüzn və kədərlə tamaşa etdi. Faciənin fotolardakı əksi baş verənləri insanların gözü önündə canlandırmaqla axan qanı unutmamağa və onu yerdə qoymamağa səfərbər edə bildi.

 

 

Rəfiqə SADIQOVA

 

Azərbaycan.- 2009.- 17 iyul.- S. 5.