Yay istirahəti

 

Respublikamızın səfalı guşələrindən olan Lənkəranın bir tərəfi Xəzərdirsə, digər tərəfi yaşıl libaslı, buz bulaqlı, gur şəlaləli dağlar, sitrus meyvəli bağlardır. Nadir dəmirağac, palıd, cökə, nil, akasiya ağacları, al-əlvan güllər-çiçəklər bu yurda əzəmət gətirir, özgə gözəllik verir. Bu gözəlliklərin şəninə neçə-neçə şeirlər yazılıb, nəğmələr bəstələnib.

Dağlar, meşələr qoynunda qərar tutan Xanbulançay su dəryaçası Lənkəranın nadir incilərindəndir. Flora və faunası ilə zəngin olan Hirkan Milli Parkı, 90 yaşı tamam olan Qızılağac qoruğu açıq səma altında canlı muzeylərdir. Rayon ərazisində 87 tarix və mədəniyyət abidəsi mövcuddur. "Dairəvi Qala" (Zindan), Şeyx Zahid türbəsi, Seyid Xəlifə türbəsi, Kiçik Bazar məscidi, Lənkəran Mayakı, Mir Əhməd xanın yaşayış evi və digər tarixi abidələr buranın Azərbaycanın qədim yaşayış məskənlərindən biri olduğunu göstərir. Son illər həmin abidələrin, demək olar ki, hamısında təmir-bərpa işləri aparılmışdır. Abidələr haqqında üç dildə - Azərbaycan, ingilis və rus dillərində məlumatlar hazırlanmışdır. Tarix-Diyarşünaslıq Muzeyində rayonun abidələrini, zəngin tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətlərini əks etdirən çox sayda qiymətli əşyalar, eksponatlar qorunub saxlanılır. Muzeyin üçüncü mərtəbəsində "Mədəni irsimiz və turizm" guşəsi yaradılmışdır. Ümumiyyətlə, bu torpaqda turizmin bütün növlərinin inkişafı üçün hər cür şərait vardır və bu istiqamətdə rayonda ardıcıl iş aparılır. Hazırda burada 2 turist firma təşkilatı fəaliyyət göstərir. 9 iri xidmət obyekti - "Xanbulan", "Palıdlı sahil", "Bəşəri" istirahət mərkəzləri, "Qala", "Qızıl tac", "Dalğa", "Xəzər" hotelləri, Mamusta qonaq evi, Hirkan xidmət kompleksi ilboyu turistlərin xidmətindədir. Göyşaban dairəsində yaradılmış sənətkarlıq şəhərciyi mahiyyət etibarilə yüz illlər, min illər bundan qabaqkı adət-ənənələrimizi özündə əks etdirir. Burada açılmış Turizm İnformasiya Mərkəzi bölgədə sahənin inkişafında mühüm rol oynayacaqdır. Rayonda əl sənəti nümunələrini yaratmaq üçün bir sıra tədbirlər görülüb.

Dulusçuluq və həsirtoxunma ilə məşğul olanların siyahısı dəqiqləşdirilib. Separadi kənd sakini Zahid Əkbərov gil və torpaqdan nehrə, bardaq, manqal düzəltməkdə, Kənarmeşə kənd sakini Nargilə Qənbərova xalça toxumaqda, xalçalara portretlər salmaqda, Şağlaser kənd sakini Xanım Baxşıyeva həsir toxumaqda mahirdirlər.

Lənkəran Şəhər İcra Hakimiyyəti turizmin inkişafı ilə bağlı kompleks tədbirlər görür. Şəhər bir neçə il ərzində tanınmaz dərəcədə dəyişmiş, demək olar ki, yenidən qurulmuşdur. Ulu öndərin adını daşıyan Heydər Əliyev adına xatirə parkı özü ayrıca şəhəri xatırladır. Buradakı fəvvarələr yayın isti günlərində sərinlik gətirir, müasir işıqlandırma sistemi ətrafı çıraqban edir. Parkda ümummilli liderin adını daşıyan muzey fəaliyyət göstərir. Bundan əlavə, bir sıra yerlərdə də parklar, xiyabanlar salınmış, istirahət güşələri yaradılmışdır.

Ekoturizmin inkişafı ilə bağlı kəndlərdə münasib məişət şəratinə malik olan ev sahiblərinin razılığı əsasında turistlərin qəbulu istiqamətində də işlər aparılır. Lənkəran hava limanından, dəmiryolu və avtomobil vağzalından, dəniz limanından, Hirkan Milli Parkından turizmin inkişafında səmərəli istifadə edilməsi planlaşdırılmış, balıqçılıq və ovçuluq həvəskarı olan turistlər üçün razılaşdırılmış ərazilərdə ov mövsümünün təşkili nəzərdə tutulmuşdur.

Lənkəran rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərindən biri "Qafqaz" sahil hotelidir. Burada hər bir şərait ideal səviyyədə yaradılmışdır. Səliqə-sahman, təmizlik göz oxşayır. Dənizlə hotel arasında cəmi 50 metr məsafə var. Turistlər bol günəş qəbul etməklə yanaşı, Xəzərin göz yaşı kimi dupduru suyunda çimir, bədənlərini möhkəmləndirir, dincəlirlər. Hotelin geniş ərazisində uşaqlar üçün şəhərcik salınmış, müxtəlif qurğular quraşdırılmışdır. Baş menecer Mehmet Sözenin dediklərindən məlum oldu ki, 40 nəfərin çalışdığı hotel il boyu fəaliyyət göstərir. "Qafqaz" sahil hotelinin əsas binası ikimərtəbəlidir. 19 adi, 4 lüks, 1 senyor-suita nömrəsi, 18 koteci, 42 ümumi nömrəsi, 1 restoranı, 2 kafesi, idman zalı və saunası var.

Ailəsi ilə "Qafqaz" sahil hotelində dincələn Bakı şəhər sakini Tahir Məmmədov buradakı şəraitdən və xidmətdən razılığını bildirdi. Dedi ki, bundan əvvəl Qəbələdəki "Qafqaz" istirahət mərkəzində dincəlib. Hər ikisi yaxşıdır və hər birinin öz yeri var. Buradakı üstünlük bircə dənizin olmasıdır. Şəraitə, təmiz havaya, göstərilən xidmətə həm orada, həm də burada söz ola bilməz.

"Palıdlı sahil" Lənkəran şəhərinin yaxınlığındakı Sitəmurdov kəndində yerləşir. Bura palıdlı meşə zolağı ilə dənizin təmasda olduğu məkandır. Buna görə də istirahət mərkəzi "Palıdlı sahil" adlandırılıb. Burada da mənalı istirahət üçün bütün şərait yaradılıb. Dənizdə çimmək, balıq ovu, faytonda gəzinti, Lənkəranın görməli yerlərinə, bölgədəki ziyarətgahlara səyahət unudulmaz anlar yaşadır, xoş təəssüratlar oyadır. "Palıdlı sahil"ə hər il yay tətili günlərində məktəblilər, o cümlədən Qarabağ əlilləri və şəhid ailələrinin uşaqları gəlirlər.

Bir sözlə, Lənkəranda turizm sürətlə inkişaf edir, bura gələnlərin sayı ildən-ilə çoxalır.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.-2009.- 17 iyul.- S. 6.