Azərbaycan ATƏT arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edir

 

İyulun 17-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ATƏT-in Baş katibi, səfir Mark Perrin de Brişambo ilə görüşmüşdür.

Parlament Sədrinin müavini qonağa ölkəmizdə həyata keçirilən islahatlar, qanunverici orqanın fəaliyyəti, qanun yaradıcılığı sahəsində beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in müvafiq institutları ilə əməkdaşlıq barədə ətraflı məlumat verdi. Dedi ki, rəsmi Bakı ATƏT ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə tərəfdardır. Biz qurumun Bakı ofisinin fəaliyyətini yüksək dəyərləndiririk.

Milli Məclis Sədrinin müavini Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərində rolundan, üzləşdiyimiz problemlərdən də söz açdı. Bildirdi ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, işğalçı dövlətin beynəlxalq qurumların qərar və qətnamələrinə, beynəlxalq hüquqa məhəl qoymaması, bütövlükdə Avropanın təhlükəsizliyinə mənfi təsir göstərir.

Beynəlxalq təşkilatlar, eləcə də ATƏT təcavüzkar Ermənistanı beynəlxalq norma və prinsipləri yerinə yetirməyə vadar etməlidir. Əgər belə bir addım atılarsa, regionda sülhə nail oluna bilər. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin son illər intensivləşdirilməsini müsbət dəyərləndiririk, bu fəaliyyətin konkret nəticələr verəcəyinə ümid edirik.

ATƏT-in Baş katibi, səfir Mark Perrin de Brişambo Azərbaycan parlamentinin fəaliyyətini, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gördüyü işləri müsbət qiymətləndirdi. Azərbaycan parlament nümayəndə heyətinin qurumun Parlament Assambleyasındakı fəaliyyətindən razı qaldığını bildirdi. Bu istiqamətdə işlərin davam etdirilməsini vacib saydı. Təmsil etdiyi qurumun regionda sülhün əldə olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini vurğuladı.

Qonaq Azərbaycan ATƏT arasında əməkdaşlığın iqtisadi humanitar sahələrdə inkişaf etdirilməsinə tərəfdar olduğunu qeyd etdi. Bildirdi ki, bu məqsədlə layihələrin həyata keçirilməsi qurumun 2010-cu il büdcəsində nəzərdə tutulacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2009.- 18 iyul.- S. 1.