Azərbaycan iqtisadi yüksəliş mərhələsini
yaşayır
İqtisadi
inkişafın yüksəliş mərhələsini
yaşayan ölkəmizdə ardıcıl davam etdirilən
islahatlar yeni makroiqtisadi mühitin formalaşmasına, beynəlxalq
iqtisadi münasibətlər sisteminə uğurlu inteqrasiyaya,
demokratikləşmə və vətəndaş cəmiyyəti
təsisatlarının sürətli inkişafına geniş
imkanlar açmışdır. Azərbaycanda son beş il ərzində
ümumi daxili məhsulun artımı, qlobal enerji-kommunikasiya
layihələrinin həyata keçirilməsi, qeyri-neft
sektorunun güclənməsi və milli iqtisadiyyatda sahibkarlar
sinfinin mövqelərinin əsaslı şəkildə
güclənməsi əldə olunan müsbət nəticələrdəndir.
Ölkəmizdə
sürətli iqtisadi inkişaf tempi demokratik islahatlar kursunun
daha da genişləndirilməsinə əlverişli şərait
yaradır.
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004-2008-ci illər)"
uğurla icrası bütün bölgələrimizin
tarazlı inkişafını təmin etmiş, əhalinin
sosial rifah halı yüksəlmiş, sahibkarlıq mühiti
genişləndirilmişdir. Son beş ildə ölkə üzrə yeni yaradılan
müəssisələrin 40 faizi, iş yerlərinin isə 80
faizi regionların payına düşür. Dövlət
proqramı və proqrama edilən əlavələrin nəzərdə
tutulan vaxtdan tez və keyfiyyətlə icra olunması nəticəsində
bütün rayonların siması dəyişmiş, paytaxtla
bölgələr arasında kəskin inkişaf fərqi
aradan qaldırılmış, əhalinin şəhərə
axınının - urbanizasiya prosesinin qarşısı
alınmış, yeni infrastrukturlar
yaradılmışdır. Proqramda qarşıya qoyulan vəzifələrin
layiqincə yerinə yetirilməsi və son beş ildə
bütün sahələrdə əldə olunmuş yüksək
nailiyyətlər 2009-2013-cü illəri əhatə edən
yeni dövlət proqramının hazırlanmasını
labüd etmişdir. Ölkə başçısının
təsdiq etdiyi II Dövlət Proqramı da
qarşıdakı illərdə dinamik inkişafın davam
etdirilməsi, investisiya mühitinin daha da
yaxşılaşdırılması, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi, əhalinin
sosial durumunun daha da yaxşılaşdırılması və
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi
kimi mühüm vəzifələrin həyata keçirilməsinə
hesablanıb.
Ölkəmizdə
qeyri-neft sektorunun möhkəmlənməsi, əlverişli
biznes və investisiya mühitinin formalaşması işsizlik
və yoxsulluq kimi problemlərin həllinə, əhalinin
sosial müdafiəsinin gücləndirilməsinə gətirib
çıxarmışdır. Cari ilin ötən dövründə ölkədə
ümumi daxili məhsul 4,1 faiz artmış, qeyri-neft sektorunda
artım 14 faiz təşkil etmişdir. İxrac 20 faiz, milli
iqtisadiyyata qoyulan investisiyaların həcmi 19,6 faiz, orta
aylıq əməkhaqqı 26,5 faiz artmışdır. Kənd
təsərrüfatı məhsullarının istehsalında
artım 4,3 faiz, ümumi yükdaşımaların həcmində
artım 5 faiz təşkil etmiş, pərakəndə əmtəə
dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi 20,5 faiz
çoxalmışdır. 2004-cü ildə təsdiqlənən
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının uğurlu icrası nəticəsində Azərbaycanda
təxminən 800 min yeni iş yeri açılmış,
yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə
düşmüşdür.
Ötən illər ərzində
sahibkarlığın hüquqi bazasının sistem halına
gətirilməsini təmin edən qanunlar və bir sıra digər
mühüm normativ sənədlər qəbul edilmişdir. Sahibkarların
vergi yükü azaldılmış, bu sistem xeyli dərəcədə
sadələşdirilmişdir. Eyni zamanda, mərkəzdə və
regionlarda infrastrukturun yeniləşdirilməsinin,
respublikanın ən müxtəlif bölgələrində
modul tipli elektrik stansiyalarının qurulmasının, əyalətlərin
"mavi yanacaq"la təchizatının özü də
dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.
Prezident İlham Əliyevin
imzaladığı "Azərbaycan Respublikasında
xüsusi iqtisadi zonaların yaradılması haqqında" fərman
da respublikamızda sahibkarlığın sürətli
inkişafına xidmət edən kompleks tədbirlərin tərkib
hissəsidir. Ölkəmizdə
xüsusi iqtisadi zonaların yaradılması sırf obyektiv zərurətdən
irəli gəlir. Müasir mərhələdə Azərbaycanın
mövcud iqtisadi potensialını səmərəli hərəkətə
gətirmək üçün beynəlxalq təcrübənin
mənimsənilməsinə geniş yer verilməlidir. Bu
baxımdan xüsusi hüquqi rejimə malik müstəqil ərazi
təsərrüfat kompleksi, mütərəqqi təsərrüfatçılıq
forması olan xüsusi iqtisadi zonaların yaradılması
iqtisadi inkişaf prosesində ciddi təkan rolunu oynaya bilər.
Xüsusi iqtisadi zona dedikdə, ölkədə sosial-iqtisadi
inkişafın sürətləndirilməsi üçün
xarici sərmayənin və mütərəqqi
texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə
təcrübəsinin tətbiqi və yayılması məqsədilə
yaradılmış, özünün inzibati sərhədi,
xüsusi hüquqi rejimi olan ərazi basa
düşülür. Bu hüquqi rejimdə bank, vergi,
gömrük sistemi ölkənin digər ərazilərindən
fərqlənir, müəyyən güzəstlər sistemi tətbiq
olunur. Eyni zamanda, təsərrüfat subyektlərinin fəaliyyətinin
məhdudlaşdırılması və yaxud
stimullaşdırılması ölkənin digər ərazilərindən
fərqli formada həyata keçirilir. Xüsusi iqtisadi zonada
istər istehsalçıların, istərsə də
istehlakçıların qərar qəbul etməklə
bağlı müstəqillik səviyyəsi də digər ərazilərdə
oldugundan fərqlidir. Belə iqtisadi zonaların
üstünlükləri sırasında, ilk növbədə,
etibarlı və sərfəli xidmətlər, vahid
infrastruktur, cəlbedici və təhlükəsiz mühit,
professional və effektiv menecment, inteqrasiya və əlaqələrin
genişləndirilməsi, yüksək imic kimi məqamlar
xüsusi vurğulana bilər.
İstənilən, hətta
ən yüksək inkişaf səviyyəsinə malik
iqtisadiyyatın da ortaya qoyduğu nəticələr cəmiyyətin
sosial ehtiyaclarının təmininə yönəlməyibsə,
onda o, özünəqapalı bir sistem olaraq qalır. Burada əsas məsələ
iqtisadi sahədə əldə olunan dəyərlərin
effektiv şəkildə sosial dəyərlərə
çevrilməsinə bağlıdır. Azərbaycanda həyata
keçirilən sosial siyasət də bu məqsədə
xidmət edir. Hər il dövlət büdcəsinin xərclər
bölümünün tərtibi zamanı sosial müdafiəyə
ehtiyacı olan təbəqəyə xüsusi diqqət
göstərilir. Bu kateqoriyaya aid insanların (aztəminatlı
ailələrin, pensiyaçıların, əlillərin)
sosial müdafiəsinə ayrılan məbləğ ildən-ilə
artırılır. Prezident İlham Əliyev bildirmişdir:
"Azərbaycan son illər çox sürətlə
inkişaf edir. Ölkə qarşısında duran
bütün vəzifələr icra edilmişdir. Siyasi müstəvidə
Azərbaycan bölgədə özünəlayiq yerini tuta
bilmişdir.
Beynəlxalq təşkilatlarda
ölkəmiz böyük hörmətə malikdir. Azərbaycanda aparılan iqtisadi
islahatlar onu göstərir ki, ölkəmiz iqtisadi artım
templərinə görə son beş il ərzində
dünya çapında birinci yerdədir. Azərbaycanda
yaşanan iqtisadi inkişaf və iqtisadiyyatın artımı
heç bir başqa ölkədə bu vaxta qədər
müşahidə olunmamışdır. Ölkə
qarşısında duran sosial məsələlərin həlli,
iqtisadi islahatların dərinləşməsi, bölgədəki
mövqelərimizin möhkəmləndirilməsi istiqamətində
böyük nailiyyətlər əldə edilibdir. Əgər
Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi
olmasaydı, bütün bunları əldə etmək
mümkün olmazdı".
Ölkədə əhalinin
aztəminatlı təbəqəsinə ünvanlı sosial
yardımın verilməsinə başlandığı
2006-cı il iyulun 1-dən ötən dövr ərzində
mühüm nəticələr əldə edilmişdir. Sosial müdafiə sistemi
mexanizminin təkmilləşdirilməsi, yardım alan ailələrin
əhatə dairəsinin genişləndirilməsi,
yardımların verilmə müddətinin uzadılması, tələb
olunan sənədlərin sayının azaldılması məqsədilə
mövcud qanunvericilik aktlarına, xüsusilə
"Ünvanlı dövlət sosial yardım haqqında"
qanuna əlavələr və dəyişikliklər edilməsi
buna misal ola bilər. Nəticədə yardımların verilmə
müddəti 6 aydan bir ilədək uzadılmış,
ünvanlı sosial yardım almaq üçün prosesin
başlandığı dövrdən tələb olunan sənədlərin
sayı 18-dən 7-dək endirilmişdir.
Hazırda vətəndaşlarımızın
sosial müdafiəsinin gücləndirilməsi üzrə kompleks
tədbirlərin yeni mərhələsinə start verilib. Əhalinin sosial durumunun daha da
yaxşılaşdırılması istiqamətində
dövlət tərəfindən görülən sistemli tədbirlər
vətəndaşlarımız tərəfindən ruh
yüksəkliyi ilə qarşılanmaqdadr. Son beş il ərzində
bu sahədə əldə edilən nəticələr
ölkə rəhbərliyinin yürütdüyü sosial
siyasət strategiyasının alternativsizliyini bir daha təsdiq
edir.
E.HACIALIYEV
Azərbaycan.- 2009.- 18 iyul.- S. 1.