"Yevlax Azərbaycanın ən inkişaf
etmiş şəhərləri sırasındadır"
Bir zamanlar ulu öndər
bu şəhər haqqında demişdir: "Mən
Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm".
Sonralar isə onun siyasi kursunun davamçısı, respublika
Prezidenti İlham Əliyev rayonda görülən işlərə
çox yüksək qiymət vermişdir: "...Deyə bilərəm
ki, son beş il ərzində Yevlax iqtisadi inkişaf
baxımından Azərbaycanda ən sürətlə
inkişaf edən rayonlardan biridir".
Deyirlər ki, insanlar
kimi, şəhərlərin də həyat tərzini onun
görkəmindən öyrənmək mümkündür. Yaxın
keçmişimizdə, xüsusən yay aylarında
Yevlaxın miskin görünüşü olardı. Şəhərdə
tət-tək adama rast gələrdin. Qışda palçıqdan, yayda
toz-torpaqdan heç kim rayonda qalmaq istəmirdi. İndi bu adət
çoxdan dəyişib. Respublikamızın müxtəlif
şəhərlərində və ölkədən kənarda
yaşayan yevlaxlılar axışıb doğma ocağa gəlirlər.
Nə çoxdur şəhərdə yaraşıqlı seyrəngahlar,
fəvvarələr, parklar. Müstəqillik abidəsi, Nizami parkı,
Xaldan kəndində Heydər parkı, Dostluq parkı, Dədə
Qorqud parkı, Səməd Vurğun parkı əhalinin sevimli
istirahət yeridir. Qeyd edək ki, Dədə Qorqud
parkının və Uşaq Əyləncə Mərkəzinin
açılışında ölkə Prezidenti İlham Əliyev
iştirak etmişdir.
Yevlaxdakı fəvvarələrin
öz füsunkarlığı var. Son beş ildə şəhərdə
22 fəvvarə kompleksi quraşdırılmışdır. Heykəllərdə
yaşayan tarix isə insanlarda heyrət və sonsuz maraq
doğurur.
Şəhərdə hara baxırsan, yaşıllıqdan,
gül-çiçəkdən göz dincəlir, ürək
rahatlıq tapır. Yevlaxa səfərlərindən biri
zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
demişdir: "Şəhərin bu axşam
görüntüsü... elə bil ki, dünyanın ən
qabaqcıl şəhəri səviyyəsindədir".
Yevlax
nəinki gözəlləşir, həm də onun iqtisadi
potensialı möhkəmlənir. Şəhərdə
iqtisadi və sosial inkişaf paralel aparılır, insanlara
qayğı və diqqət rayon rəhbərliyinin
gördüyü işlərin qayəsini təşkil edir. Ölkə
başçısının bu bölgəyə
çoxsaylı səfərləri yevlaxlılara daha
böyük işlər görmək üçün stimul
verir. Burada xüsusən sənayenin sürətli
inkişafı təmin edilmişdir. Rayonda iri sənaye
komplekslərində istehsal edilən məhsullar nəinki
ölkəmizdə, onun hüdudlarından kənarda da həvəslə
alınır.
"Lalə Tekstil"
MMC haqlı olaraq yevlaxlıların fəxr etdiyi müəssisələrdən
biridir. Fabrikin ümumi ərazisi 10,4 hektardır. Smeta dəyəri
4701 min manatdır. Fabrikdə 650 nəfər işləyir və
yaxın gələcəkdə onların sayı 1200 nəfərə
çatacaqdır. Müəssisədə uşaqlar,
böyüklər üçün müxtəlif
ölçüdə paltarlar tikilir. Ölkənin güc
nazirliklərinin sifarişləri də yerinə yetirilir. Buradakı
avadanlıq Türkiyə, Almaniya və Yaponiyadan gətirilmişdir.
Fabrikin istehsal gücü ildə 7 milyon manatlıq məhsul
buraxmağa imkan verir.
"Rövşən
Oğuz" şirkətlər qrupuna daxil olan "Arfa"
mebel fabrikinin tikintisi 2006-cı ilin sonunda başa
çatmışdır. 1 məktəb, uşaq və qonaq otağı mebellərinin
istehsal olunduğu fabrikdə quraşdırılmış
avadanlıq Almaniya və İtaliyadan gətirilmişdir.
Müəssisə öz məhsullarını satmaq
üçün 20 regionda sərgi-satış salonları
açmışdır.
2007-ci ilin oktyabr
ayında Yevlaxda "Gilan" dəri fabriki işə
düşmüşdür. Fabrikin
açılışında dövlətimizin
başçısı İlham Əliyev iştirak
etmişdir. İndi müəssisə İtaliya, İspaniya,
Ukrayna, Türkiyə və Çinə məhsul göndərir.
Fabrikdə 320 nəfər
işləyir.
Bunlardan əlavə,
Yevlaxda ən müasir avadanlıqla təchiz olunmuş
"DAN" MMC kərpic, asfalt, beton zavodları, "Yevlax-təmir"
ASC, makaron, konserv, çörək sexləri fəaliyyət
göstərir.
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"na uyğun olaraq rayonun Yuxarı
Qarxun kəndində orta, Hacımahmudlu kəndində əsas,
Bəydili kəndində ibtidai məktəb binaları tikilib
istifadəyə verilmişdir.
Heydər Əliyev Fondu
tərəfindən həyata keçirilən "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı çərçivəsində
Hacıselli və Nəmərli kəndlərində yeni orta məktəb
binaları inşa edilmişdir. Rayonun İrəvanlı qəsəbəsində
qaçqın və məcburi köçkünlər
üçün 211 min manat smeta dəyərində 198 yerlik
orta məktəb tikilmişdir.
Şəhər icra
hakimiyyətinin qeyri-hökumət təşkilatları ilə
apardığı uğurlu təşkilatçılıq
işi nəticəsində Qaraoğlan və Əkşəm
kəndlərində orta, Duzlaq kəndində ibtidai məktəb
binaları inşa edilmişdir. Şəhərdəki 8 saylı məktəb bu
yaxınlarda əsaslı təmir və yenidənqurma işlərindən
sonra istifadəyə verilmişdir. Məktəbin direktoru
Mehriban Məcnunova deyir:
- Bütün qüvvə
və bacarığımızı, təcrübəmizi sərf
edəcəyik ki, möhtərəm Prezident İlham Əliyevin
söylədiyi "Biz çox istəyirik ki, gənc nəsil
dünyanın ən müasir standartlarına cavab verən
şəraitdə oxusun, bilikli, savadlı olsun" fikrini
layiqincə həyata keçirək.
Rayonda uşaqların məktəbəqədər
tərbiyəsi işi də diqqət mərkəzində
saxlanılır. Şəhər
2, 3, 4 saylı uşaq bağçası - körpələr
evləri əsaslı təmir olunmuş, sağlamlıq
imkanları məhdud uşaqların tərbiyəsi işinin
təşkili məqsədilə şəhər 4 saylı
uşaq bağçası - körpələr evində
"Günəş" Uşaq İnkişaf Mərkəzi
yaradılmışdır.
Yevlax səhiyyəsi
respublikamızda bu sahənin ən müasir səviyyədə
inkişafının bariz nümunəsidir. Bu ilin mart ayında Yevlax şəhərinə
növbəti səfəri zamanı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva rayonda müasir tipli
uşaq xəstəxanasının
açılışında iştirak etmişlər. Xəstəxananın
smeta dəyəri 3 milyon 800 min manatdır. Burada ən
müasir tibbi avadanlıqdan istifadə olunur. Təməli
2007-ci ilin oktyabrında qoyulmuş Mərkəzi Şəhər
Klinik Xəstəxanası, Təcili Təxirəsalınmaz
Tibbi Xidmət Stansiyası və digər tibb ocaqları səhiyyənin
inkişafından xəbər verir.
Cəmi bir neçə
il bundan əvvəl Yevlaxdan ayrılmış insanlar bu aran
şəhərinin indiki mədəni həyatına heyran
qalırlar. Yevlax Rayon Mədəniyyət
Şöbəsinin müdiri İlqar Əhmədov bizimlə
söhbətində deyir:
- Yevlaxın tarixində
ilk dəfə olaraq burada Elektron kitabxana inşa edilmişdir. Şəhər və uşaq
kitabxanalarında aparılan əsaslı təmir və yenidənqurma
işlərindən sonra buranın görkəmi dəyişmiş,
xidmətin səviyyəsi yüksəlmişdir. Yaxın
keçmişdə rayonda yaşayan insanlar teatr
tamaşalarını nadir hallarda görərdilər. İndi
Yevlax Xalq Teatrı rayon sakinlərinin ixtiyarına verilib. Son
illərdə inşa olunan Heydər Əliyev adına muzey və
xiyaban, 5000 ədəd eksponatı olan
tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev adına
unikal saray Yevlaxın bugünkü mədəni həyatından
xəbər verir.
Ölkəmizin ərazi
bütövlüyünün müdafiəsi uğrunda
savaşlarda fiziki sağlamlığını itirmiş vətəndaşların
və şəhid ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması ilə
bağlı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin göstərişləri rayonda uğurla həyata
keçirilir. Son illər
onların ailələri üçün 2 ədəd 16 mənzilli
və 1 ədəd 4 mənzilli yaşayış binası
inşa olunmuşdur.
Hazırda 16 mənzilli
yaşayış binasının inşası davam etdirilir. Bu yaxınlarda isə rayonda Əlillərin
Bərpa Mərkəzi istifadəyə verilmişdir. 2 mərtəbədən
ibarət olan mərkəzin ümumi ərazisi 4480
kvadratmertdir. Burada akt zalı, müasir tipli diş kabineti,
trenajor zalı, hovuz, işıq, elektrik və istiliklə
müalicə kabinetləri vardır.
Yevlaxlılar Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair dövlət proqramının ikinci mərhələsində
qarşıya qoyulan vəzifələri də müvəffəqiyyətlə
yerinə yetirməyə çalışırlar. Yevlax bu gün də inşaat
meydanını xatırladır. Ana Kürün sağ sahilində
böyük bir ərazidə xüsusi layihə ilə bulvar
inşa olunur. Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün dördmərtəbəli
yaşayış binasının üçüncü mərtəbəsi
tikilir. Mərkəzi Bankın Yevlax ərazi idarəsi
üçün müasir tələblər səviyyəsində
yeni inzibati binanın tikintisi sürətlə davam edir.
Ölkə
başçısı İlham Əliyevin bu şəhərə
böyük diqqət və qayğısı
yevlaxlıların əhvali-ruhiyyəsini daim artırır,
onları yeni nailiyyətlərə ruhlandırır. Möhtərəm Prezidentin
söylədiyi kimi, bu gün "Yevlax Azərbaycanın ən
inkişaf etmiş şəhərləri
sırasındadır".
Lazım QULİYEV
Azərbaycan.- 2009.- 18 iyul.- S. 2.