Pirhəsənli böyük abadlıq dövrünü
yaşayır
Bir az qəribə səslənsə
də, bu kənddə görülən bütün işlər
göz qabağındadır. Ağsu
aşırımını arxada qoyan magistral yolun
yolçuları Pirhəsənlidən keçib gedir və
ya əksinə - bu kəndin içindən üzü
Ağsu aşırımına, Bakıya tərəf
yollanırlar. Bu kənddə dayanıb yol soruşan da olur,
bir udumluq su istəyən də. Pirhəsənlilərin qonaqpərvərliyi
ilk ünsiyyətdəncə diqqəti çəkir. Fikirləşirsən
ki, nə yaxşı kənddir - özü də, adamları
da.
Nahaq yerə demirlər
ki, kəndin abadlığı yolundan bəlli olur. Pirhəsənlinin
də kəndarası yolları
asfaltlaşdırıldığına görə gediş-gəliş
üçün heç bir problem qalmayıb. Kəndin qaz,
işıq xətləri dəyişdirilərək təzələnib.
Keçən rabitə şöbəsi üçün yeni
bina tikilib, istifadəyə verilib. Poçt binasının
tikintisi isə davam edir. Pirhəsənlinin baxımlı və
abad görkəminə yaraşıq verən yeni tikililərdən
ən möhtəşəmi 360 şagird yerlik orta məktəb
binasıdır. Bina dövlət vəsaiti hesabına inşa
edilib. Sözsüz ki, hər cür ləvazimat və
avadanlıqla təmin edlmiş müasir məktəb
binası keyfiyyətli tədris üçün böyük
imkan və şərait deməkdir.
Söhbət zamanı
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər
Seyidəliyev bir məqamı xüsusi vurğuladı ki, rayonda
sahibkarlığın, özəl bölmənin
inkişafına qayğı və diqqət yetirildiyi
üçün vaxtilə bu yerlərdən, o cümlədən
Pirhəsənlidən iş dalınca çıxıb
getmiş gənclər də artıq böyük həvəslə
öz elinə-obasına qayıdıb müəyyən bir
işin qulpundan yapışırlar. Qeyd etmək yerinə
düşər ki, son beş ildə Ağsuda 3109-u daimi
olmaqla 5916 iş yeri açılmışdır. Ötən
il isə 518 nəfər işlə təmin olunmuşdur. Həmin
iş yerlərinin 104-ü daimidir. Pirhəsənli rayon mərkəzinə
yaxın olduğuna görə elə Ağsunun özündə
çalışan kənd sakinləri də çoxdur. Kənddən
o qədər də uzaq olmayan bir ərazidə tikilən Azərbaycan-Almaniya
birgə müəssisəsinin şirə və şərab
emalı zavodunun da istifadəyə verilməsinə az
qalıb. Zavodda çalışacaq 350 nəfər
işçinin sırasında pirhəsənlilərin də
olacağı şübhəsizdir.
Kənd əhalisinin
Dünya Səhiyyə Təşkilatının normalarına
uyğun içməli su ilə təmin edilməsi
üçün respublika Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin dəstəyi ilə Pirhəsənlidə modul tipli
sutəmizləyici qurğunun tikilməsi
planlaşdırılıb.
Pirhəsənlidə kənd
əhalisinin əsas məşğuliyyəti əkinçilik
və maldarlıqdır. Fərdi təsərrüfatlar da bu
sahələrə, həmçinin
taxılçılığa ciddi önəm verirlər. Kəndin
icra nümayəndəsi Rövşən Mütəllimov
bildirdi ki, əkib-becərmək üçün hər
cür şərait yaradılıb. Yerli sahibkarlardan Mütəllim
Mütəllimov həm heyvandarlıqla, həm də əkinçiliklə
məşğul olur. Balacaxan Cəfərquliyev və Vəzir
Cəfərquliyev də gün-güzəranlarını bu
sahələrə bağlayıblar. İstehsal etdikləri məhsulun
sərbəst bazara çıxmağında elə bir çətinlikləri
olmur.
İşgüzar Pirhəsənli
əhalisi kəndləri ilə bağlı daha bir xoş xəbər
alıb: Pirhəsənlidə yeni mədəniyyət evinin
tikilməsi planlaşdırılıb. Yaxın vaxtlarda
işin icrasına başlanılacaq.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 18 iyul.- S. 2.