Şəki ipəyinin şöhrəti
yenidən qayıdır
Böyük insanlar əzəmətli
dağlara bənzəyir. Bu dağlardan məsafəcə
aralandıqca onların böyüklüyü, əzəməti
daha aydın görünür. Öz xalqının taleyində,
dövlətçiliyinin inkişafında misilsiz xidmətlər
göstərmiş, bu müqəddəs yolda
ömrünü-gününü şam kimi əritmiş
insanlar da belədir.
İllər
ötdükcə, zaman keçdikcə onların
böyüklüyü, xalq və məmləkət yolunda
etdikləri fədakarlıqlar özlərindən sonra da əsl
örnək olur. Ümummilli lider Heydər Əliyev də
möhtəşəm bir ömür yaşamışdır.
Azərbaycanımızı çətinliklərin məngənəsindən
qoparıb ayağa qaldırmış, dirçəltmişdir.
Öz müdrikliyi sayəsində böyük uğurlara
qovuşdurmuşdur. Azərbaycanımız məhz Heydər Əliyev
siyasi kursu ilə bu gün də bir dövlət olaraq qüdrətini
və nüfuzunu artırmaqdadır.
Taleyimə minnətdaram
ki, bu gün vaxtilə o böyük insanın - ulu öndər
Heydər Əliyevin diqqət və qayğı göstərdiyi
müəssisələrdən birində
çalışıram. Bəli, "Şəki-İpək"
ASC-nin fəaliyyətinin ən çətin dövrlərində
Şəki ipəyinin şöhrətinin qaytarılması,
kombinatımızın normal iş ahənginin təmin
olunması üçün ulu öndər Heydər Əliyev
mənəvi qayğısını əsirgəmədi,
tövsiyələrini verdi. Maddi-texniki bazanın möhkəmləndirilməsi,
işin səmərəliliyinin artırılması məqsədilə
müəssisəmizə maddi yardım göstərilməsi
barədə 2001-ci ildə sərəncam imzaladı.
Həmin vaxtdan
ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə
"Şəki-İpək" ASC fəaliyyətini
genişləndirmiş, müəyyən uğurlara nail
olmuşdur.
Şəkinin ən iri
istehsal müəssisəsi olan "Şəki-İpək"
ASC-də yeni istehsal sahəsi, pambıq sapəyirmə sexi
quraşdırılmışdır. İllik istehsal
gücü 1700 ton pambıq sap olan bu sexdə 120 nəfər
daimi işlə təmin olunmuşdur. Ötən ilin
sonlarında müəssisədə yeni, daha məhsuldar xam ipək
istehsal edən baramaaçan dəzgahlar
quraşdırılaraq istifadəyə verilmişdir. Çin
Xalq Respublikasından gətirilən bu avadanlıq məhsulun
keyfiyyətini yüksəltməklə yanaşı, burada
çalışan insanların əməyinin yüngülləşdirilməsinə
imkan yaratmışdır.
Bir faktı qətiyyətlə
demək olar ki, Şəki ipəyi, o cümlədən burada
istehsal olunan xalçalar, kəlağayılar, şərflər,
xammal məmulatları yenə keyfiyyəti,
rahatlığı, insana faydalılığı ilə
seçilir.
2006-cı ildə bölgəyə səfəri çərçivəsində
rayonumuzda olarkən möhtərəm Prezident İlham Əliyev
demişdir: "Bu gün ölkəmiz Heydər Əliyev yolu
ilə uğurla inkişaf edir. O cümlədən Şəki
şəhərinin inkişafında nailiyyətlər
vardır".
Həmin ili ona görə
xatırladım ki, möhtərəm Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva ilə müəssisəmizin
kollektivinin görüşü indiyə qədər də hər
kəsin qəlbində şirin bir xatirəyə
dönmüşdür. Həmin görüş bizi daha əzmlə
çalışmağa, daha böyük uğurlara
ruhlandırmışdır.
Bu gün "Şəki-İpək"
ASC göstərilən dövlət qayğısının
müqabilində daha əzmlə çalışır ki,
Şəki ipəyinin şöhrəti yaşasın və
istehsal etdiyimiz məhsul istehlakçı ünvanını
tapmaqda çətinlik çəkməsin.
Sevil İSMAYILOVA,
"Şəki-İpək" ASC-nin həmkarlar
təşkilatının sədri
Azərbaycan.- 2009.- 18 iyul.- S. 2.