Baş prokuror ATƏT-in Baş katibi ilə görüşmüşdür
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ATƏT-in Baş katibi Mark Perrin de Brişambonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Baş prokuror ölkəmizin Avropa inteqrasiya proseslərinə fəal qoşulduğunu, ATƏT-lə Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulamışdır. O, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində ölkə Prezidenti tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, kadr siyasətində ciddi dönüşün yaradılması, şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat vermişdir.
Ölkəmizdə korrupsiyaya qarşı genişmiqyaslı mübarizə aparıldığını bildirən Zakir Qaralov Azərbaycanın bu sahədə beynəlxalq konvensiyalara qoşulduğunu, qanunvericiliyin təkmilləşdirildiyini vurğulamış, həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səmərəli fəaliyyətini qeyd etmişdir.
Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verilərək Azərbaycanın dünyanın 140 ölkəsini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olduğunu və bu qurumun bir neçə tədbirinin Bakıda keçirildiyini bildirmişdir.
Zakir Qaralov prokurorluq orqanlarında islahatların reallaşdırılmasında ATƏT-in və Avropa Şurasının xüsusi rolunu vurğulayaraq son illər ATƏT-in təşkilatçılığı ilə keçirilən beynəlxalq seminar və məşğələlərdə prokurorluq işçilərinin iştirakının əhəmiyyətini qeyd etmiş, ATƏT-in Bakı ofisinin yeni layihəsi - hakimlər, prokurorlar və vəkillər üçün səhnələşdirilmiş məhkəmə formatında geniş treninq kursu keçirməsi barədə ətraflı məlumat vermişdir.
Mark Perrin de Brişambo Azərbaycana səfəri çərçivəsində bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulamışdır. Təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar olduğunu deyən Baş katib ATƏT-in Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 18 iyul.- S. 3.