Hafiz Paşayevin "Bir səfirin manifesti" kitabının rus dilində nəşrinin təqdimatı keçirilmişdir

 

İyulun 17-də AMEA-nın "Akademiya" kitab mərkəzində Azərbaycanın ABŞ-da ilk səfiri olmuş xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin "Bir səfirin manifesti" kitabının rus dilində nəşrinin təqdimatı olmuşdur.

Hafiz Paşayev demişdir ki, Azərbaycan dilində çıxmış bu kitabı rus dilində nəşr etmək fikri Moskvada Azərbaycan səfirliyinin yaxınlığındakı bir kitab mağazasına baş çəkərkən yaranmışdır. Orada Azərbaycana aid heç bir kitabın olmaması faktı məni bu qənaətə gəlməyə vadar etdi.

Kitabın rus dilində nəşrinin redaktoru Siyavuş Məmmədzadə "Bir səfirin manifesti"nin uzun illərin müşahidəsi və təcrübəsi əsasında meydana gəldiyini söyləyərək demişdir ki, 14 il xaricdə fəal diplomatik fəaliyyətlə məşğul olan müəllif əsərində zəmanəmizin siyasi ab-havasını məharətlə qələmə almışdır. Burada onun Azərbaycan ilə ABŞ arasında münasibətlərin yaranması və inkişafına, iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə dair xatirə və mülahizələri toplanmışdır. Mən Hafiz Paşayevi alim-fizik kimi tanıyırdım, indi isə onu görkəmli diplomat kimi kəşf etdim.

Əsərin ictimai-siyasi əhəmiyyətindən danışan akademik Vasim Məmmədəliyev bildirmişdir ki, kitabda ümummilli lider Heydər Əliyevin xarici siyasətimizdə ABŞ ilə münasibətlərimizə mühüm qiymət verməsi, bu əlaqələrin durmadan inkişafı və möhkəmlənməsi yolunda ciddi səyləri konkret faktlarla oxuculara çatdırılır. Bu kitabı dolğun, zəngin faktlara əsaslanan toplu, mühüm tədqiqat işi adlandıran V.Məmmədəliyev onun diplomatların stolüstü kitabına çevriləcəyinə əminliyini vurğulamışdır.

Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli əsərdə müəllifin səmimiyyətini, müstəqillik illərində ölkəmizin diplomatiyasını xüsusi baxış bucağından işıqlandırdığını bildirərək kitabın təkcə peşəkar diplomatlarda deyil, həm də geniş oxucu kütləsində ciddi maraq doğuracağını söyləmişdir. Natiq kitabın dərslik kimi istifadəsinin vacibliyini vurğulamışdır.

Həqiqətən də bu kitab Azərbaycanı dünyaya bir az da yaxınlaşdırır. Ölkəmizin Vaşinqtondakı səfirliyinin təcrübəsi və müəllifin zəngin şəxsi təəssüratları əsasında yazılmış kitabda geniş spektrli mövzularla yanaşı, mühüm siyasi, ictimai hadisələrin və cərəyanların maraqlı detalları işıqlandırılır. Kitab müasir diplomatiyanın incəliklərini əks etdirən fikirlərlə zənginliyi ilə də böyük maraq doğurur.

Təqdimatın sonunda professor Hafiz Paşayev kitabları imzalayaraq mərasim iştirakçılarına təqdim etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 iyul.- S. 3.