Ermənistanda Azərbaycana diplomatik məğlubiyyət açıq etiraf olunur

 

Ermənistan cəmiyyətində və siyasi qüvvələri arasında yaşanan parçalanmanın qarşıdakı dövr ərzində daha da dərinləşəcəyi və bunun ölkəni indikindən də böyük sürətlə fəlakətə sürükləyəcəyi artıq qaçılmazdır. Belə bir xəbərdarlıqla erməni politoloq David Şahnazaryan çıxış edib. Onun sözlərinə görə, sözügedən parçalanmaya yol açan əsas səbəblərdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən son hadisələrdir.

Ümumiyyətlə, indi Ermənistanda belə bir fikir hakimdir ki, ABŞ administrasiyası tərəfindən açıqlanan "Madrid prinsipləri", bundan əvvəl ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentləri tərəfindən verilən bəyanat Dağlıq Qarabağ münaqişəsilə bağlı rəsmi Yerevanın Azərbaycan tərəfinə tam məğlub olmasından xəbər verir. Bununla bağlı ölkənin əsas müxalifət qüvvələrinin birləşdiyi Ermənistan Milli Konqresi xüsusi bəyanatla da çıxış edib. Ermənistan Milli Konqresi tərəfindən yayılan sənəddə bildirilir ki, ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən iyulun 8-də verilmiş bəyanat ciddi narahatlığa yol açır. O da vurğulanır ki, üç prezidentin adından verilən bəyanatda yer alan məlumatlar Ermənistan hakimiyyəti tərəfindən təkzib olunmayıb və hadisələrin real inkişaf istiqaməti vəziyyətin Azərbaycanın lehinə olduğunu göstərir.

Ermənistan Milli Konqresinin narahatlığına yol açan məqamlardan biri də Azərbaycanın işğal edilmiş ərazilərinin statusu ilə bağlıdır. Xatırladaq ki, Azərbaycan tərəfi danışıqların indiki mərhələsində status məsələsinin müzakirə olunmadığını bildirib. Prezident İlham Əliyev bununla bağlı qeyd edib ki, məcburi köçkünlər öz doğma yerlərinə qayıtdıqdan sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verilə bilər: "Erməni qüvvələri tərəfindən etnik təmizlənməyə məruz qalmış bir milyona qədər azərbaycanlı öz yerlərinə qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Və biz həmişə demişik ki, indi də deyirik ki, Dağlıq Qarabağda yaşayanlara suveren Azərbaycan dövlətinin çərçivəsində ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, yeganə mümkün variantdır və əgər erməni tərəfi siyasi iradə göstərsə, münaqişə həll edilə bilər".

Ermənistan Milli Konqresi də münaqişə ilə bağlı yayılan son sənədləri və hadisələri təhlil etdikdən sonra bildirir ki, həqiqətən də bu gün danışıqlar prosesində Dağlıq Qarabağın statusu müzakirə olunmur. Bununla yanaşı, konqres onu da qeyd edir ki, Ermənistan hakimiyyətinin münaqişə ətrafında xalqa son on il ərzində yalan satdığı məqamlardan biri də problemin paket variantı ilə həllidir: "İndi dəqiq məlumdur ki, Dağlıq Qarabağın statusu məsələsi danışıqlarda müzakirə olunmur, həmçinin danışıqların mahiyyətindən o da aydın olur ki, hakimiyyətin 10 il ərzində münaqişənin paket variantında həll ediləcəyinə dair verdiyi açıqlamalar cəfəngiyatdan başqa bir şey deyilmiş".

Ermənistan Milli Konqresi onu da bildirir ki, referendum məsələsində də proseslər Azərbaycanın istədiyi şəkildə cərəyan edir: "Artıq Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsi də tam istisnadır. Əslində, Azərbaycan tərəfi də əvvəlcədən belə referendum keçirilməsinin mümkünsüzlüyünü bildirmişdi".

Bununla yanaşı, Ermənistan Milli Konqresi qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtmaları məsələsində də Azərbaycanın istədiyi şərtlərin həyata keçirildiyini bildirib. Bununla bağlı konqresin bəyanatında qeyd edilir ki, əgər əvvəllər söhbət qaçqın və məcburi köçkünlərin Azərbaycana qaytarılacaq ətraf rayonlara geri dönməsindən gedirdisə, indi onların bilavasitə Dağlıq Qarabağın özünə qayıtması da nəzərdə tutulur. Bütün bunları Ermənistan Milli Konqresi Azərbaycanın tam diplomatik qələbəsi kimi qiymətləndirir.

Ermənistan müxalifəti belə hesab edir ki, indi beynəlxalq ictimaiyyət münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün qədər tez həll olunmasını istəyir və Serj Sarkisyan hakimiyyəti bu istiqamətdə edilən beynəlxalq çağırışlara əməl etmək məcburiyyətindədir. Ermənistan Milli Konqresi bunu belə əsaslandırır: "Serj Sarkisyan hakimiyyəti legitim olmadığından, ölkədə demokratik azadlıqlar məhdudlaşdırıldığından, korrupsiya baş alıb getdiyindən, siyasi məhbusların sayı durmadan artdığından beynəlxalq ictimaiyyətin bütün dedikləri ilə razılaşmaq məcburiyyətindədir. Əks təqdirdə, kifayət qədər güclü beynəlxalq təzyiqlərlə üzləşəcəyini yaxşı bilir. Beynəlxalq ictimaiyyətlə kifayət qədər yaxşı işləməyi bacaran Azərbaycan yaranmış vəziyyətdən böyük məharətlə istifadə edir".
Qeyd edilənlər əsasında Ermənistan Milli Konqresi bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli artıq özünün final nöqtəsinə yaxınlaşır: "Lakin final nöqtəsinə yaxınlaşmaqda olan həll variantı Ermənistanın maraqları çərçivəsində deyil. Proseslər göstərir ki, həll variantı Azərbaycanın maraqlarına tam uyğundur".

Ermənistan müxalifəti onu da bəyan edir ki, bütün bunlar münaqişə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərin tam həqiqət olduğunu göstərir və Serj Sarkisyanın status məsələsi də daxil olmaqla verdiyi digər açıqlamaların "siyasi boşboğazlıq" olduğunu meydana çıxarır. Prezident İlham Əliyev isə Böyük Britaniyaya rəsmi səfəri zamanı bir daha açıq surətdə bəyan edib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq və sülhün bərqərar edilməsi təkcə hər iki ölkəyə deyil, bütün bölgəyə mənfəət gətirəcək: "Erməni tərəfi anlamalıdır ki, işğalçılıq siyasəti heç vaxt Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çevrilməyəcək. Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bunu gözləmək gülüncdür - Azərbaycanın daxilindəki 60 minlik əhalinin yaşadığı bir ərazi müstəqil dövlət ola bilməz. İndiyə qədər heç bir dövlət, hətta Ermənistan da onun müstəqilliyini tanımayıb. Azərbaycan Dağlıq Qarabağa müstəqillik statusunun verilməsini nəzərdə tutan hər hansı sülh planını heç zaman qəbul etməyəcək. Yeganə mümkün yol Dağlıq Qarabağda hər iki icmanın dinc və əmin-amanlıqda birgə yaşamasıdır və bunun üçün həll variantı tapılmalıdır".

Münaqişə ilə bağlı yaranmış vəziyyətdə Azərbaycanın istədiyi şərtlərin diktə edilməsinə və Ermənistan hakimiyyətinin siyasətinə etiraz əlaməti olaraq bu ölkənin "Daşnaksütyun" partiyası etiraz aksiyası keçirəcəyini bildirib. İlk belə aksiyanın iyulun 15-də Ermənistanın Xarici İşlər Nazirliyinin binası qarşısında keçirilməsi nəzərdə tutulsa da, İranda "Caspian Airlines" aviaşirkətinə məxsus TU-154 təyyarəsinin qəzaya uğraması səbəbindən tədbir ləğv edilib. Xatırladaq ki, təyyarə qəzasında xeyli sayda Ermənistan vətəndaşı həlak olub və bununla bağlı ölkədə matəm elan edilib.

Lakin "Daşnaksütyun" partiyası etiraz aksiyasının keçiriləcəyini və əsas tələblərindən birinin də xarici işlər naziri Edvard Nalbandyanın istefası ilə bağlı olacağını açıqlayıb. Partiyadan bildiriblər ki, Prezident Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı danışıqlarda mövqeyindən narazıdırlar, amma hələ ki, prezidentin istefasını tələb etmirlər. Partiyanın məlumatında o da deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin sonuncu bəyanatı Qarabağ ermənilərinin müstəqil ola bilməyəcəyindən xəbər verir və bütün bunlar proseslərin Azərbaycanın lehinə işlədiyini göstərir.

Beləliklə, hadisələrin real inkişafı həqiqətən də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı Ermənistan üzərində tam diplomatik qələbə çaldığını göstərir və bu qələbə Ermənistanın özündə də etiraf olunur. Bütün bunlar isə artıq yaxın perspektivdə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinə başlanacağından xəbər verir.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 18 iyul.- S. 3.