Şəffaflığın maliyyə intizamının gözlənilməsi səmərəli idarəçiliyin vacib şərtidir

 

Azərbaycan inkişafının elə bir mərhələsindədir ki, əldə olunan makroiqtisadi göstəricilərin davamlı xarakter daşıması daha çox cəmiyyət həyatının bütün əhəmiyyətli sahələrində demokratik normaların, şəffaflığın və qanunçuluğun təminatından asılıdır. Respublikamızda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son illər dövlət idarəetmə sistemində şəffaflıq prinsipinin qorunması, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı mübarizə tədbirlərini genişləndirməsi də məhz bu reallıqla şərtlənir.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində dövlət başçısı müxtəlif kateqoriyadan olan məmur təbəqəsinin sosial rifah halının yaxşılaşdırılmasını, qanunçuluğun gücləndirilməsini və ictimai maarifləndirmə yolu ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərini xüsusi diqqətdə saxlayır. Etiraf etmək lazımdır ki, Azərbaycanda ictimai həyatın bütün sahələrində əsaslı islahatların aparıldığı bir dövrdə cəmiyyətdə korrupsiya hallarının hələ də mövcud olması dövlətin və cəmiyyətin inkişafına ciddi əngəllər törədir, sosial-mənəvi problemlər doğurur. Məhz bu baxımdan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində siyasi və hüquqi tədbirlərin proqram şəklində həyata keçirilməsi dövrün zərurətinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı il oktyabrın 2-də Milli Məclisin payız sessiyasının açılışı zamanı ölkənin inkişafının müasir mərhələsində ictimai nəzarətin vacibliyini xüsusi önə çəkmişdir: "Əgər ciddi ictimai nəzarət olmasa, onda bizim nəzərdə tutduğumuz proqramlar çətinliklərlə üzləşə bilər... Büdcənin xərclənməsinə ictimai nəzarətlə bərabər, parlament nəzarəti də olmalıdır. Xərclər artdıqca, nəzarət də güclənməlidir. Bu, mütləq və mütləq olmalıdır".

Son beş il yarımda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər də özünün ardıcıllığı və sistemliliyi ilə diqqəti çəkir: 2004-cü il yanvarın 13-də "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul olunmuş, həmin qanunun tətbiqi ilə əlaqədar "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqamının (2004-2006-cı illər)" layihəsi hazırlanaraq Azərbaycan Prezidentinin 3 sentyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Korrupsiyaya qarşı səmərəli mübarizə mexanizmlərini müəyyənləşdirən dövlət proqramı uğurla icra edilərək 2006-cı ilin dekabrında tam başa çatdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm addımlardan biridir.

Dövlət başçısının 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əsasnaməsi təsdiq olunmuş, bu qurumun səlahiyyət və funksiyaları müəyyən edilmişdir. Ötən müddətdə sözügedən idarə korrupsiya cinayətlərinin aşkarlanması və aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Bundan başqa, Milli Məclisin 2006-cı ilin yaz sessiyasında Azərbaycan Prezidentinin təklifi ilə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar bəzi qanunvericilik aktlarına, ələlxüsus Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Cinayət Məcəlləsinə korrupsiya anlayışı əlavə edilmiş və 33-cü fəsil "Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər" kimi adlandırılmışdır. Rüşvətvermə cinayəti mahiyyətcə daha ağır əməl kimi göstərilərək aktiv rüşvətxorluq adlandırılmış, onun cəza sanksiyası artırılmışdır. Eyni zamanda, vəzifəli şəxsin qərarına təsir göstərmə (nüfuz alveri) kimi yeni cinayət əməli cinayət qanunvericiliyinə əlavə edilmişdir. Vəzifəli şəxslərin kateqoriyası genişləndirilmiş, korrupsiya ilə bağlı cinayətlərin istintaq aidiyyəti müəyyən olunmuşdur. Bununla yanaşı, Cinayət Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər cinayət yolu ilə əldə edilmiş əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda, dəyərinə görə müsadirənin prosessual normalarını müəyyən edir.

"Məhkəmələr və hakimlər haqqında" qanuna edilmiş əlavə və dəyişikliyə görə isə fiziki və hüquqi şəxslər hakimlər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulan korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi haqqında məlumata malik olduqda, birbaşa Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər. Məhkəmə-Hüquq Şurası bu halda öz qərarı ilə hakimlər haqqında intizam icraatı başlaya bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul 2007-ci il tarixli fərmanı isə respublikada şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha geniş miqyasda aparılmasını təmin etmişdir. Belə bir mühüm sənədin imzalanmasının başlıca məqsədi korrupsiya sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institutsional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsidir.

Milli strategiya korrupsiyaya qarşı mübarizənin əsas şərti kimi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını təsbit edir, şəffaflıq korrupsiyaya qarşı mübarizənin əsas vasitəsi kimi müəyyən olunur. Şəffaflığın təmin edilməsi ictimaiyyətin dövlət orqanlarının qəbul edəcəyi qərarlar haqqında daha çox məlumata malik olması, dövlət orqanlarına ictimai etimadın güclənməsi və bu orqanların məsuliyyətinin daha da artırılması kimi səciyyələndirilir. Milli Strategiya qərar qəbul etmə mexanizmləri və qaydaları, dövlət qulluğuna qəbul, dövlət büdcəsinin gəlir və xərcləri, siyasi partiyaların maliyyələşdirilməsi, dövlət satınalmaları, özəlləşdirmə, investisiya, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti və digər sahələrdə şəffaflığın artırılması üçün tədbirləri müəyyən edir. Sənədin birinci hissəsində şəffaflığın təmin edilməsi üçün "İnformasiya əldə etmək haqqında" qanunun effektiv işləməsinin zəruriliyi də xüsusi önə çəkilir.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun da cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına, belə pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə maliyyə sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılmasına yönəlmişdir.

Dövlət başçısı İlham Əliyevin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" fərmanı isə dövlət və bələdiyyə orqanlarında şəffaflığın və hesabatlılığın gücləndirilməsinə, korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsinə xidmət edir. Fərmanın preambula hissəsində göstərilir ki, ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi artan maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsini tələb edir: "Vətəndaşlardan daxil olan müraciətlərin ümumiləşdirilməsi göstərir ki, bəzi hallarda dövlət və bələdiyyə vəsaitləri, o cümlədən dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dövlət proqramları çərçivəsində ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, dövlət və bələdiyyə əmlakının və maliyyə vəsaitlərinin idarə olunmasında nöqsanlar nəzərə çarpır, vəsaitlərin istifadə olunmasına, tənzimləyici və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində korrupsiya halları müşahidə olunur. Korrupsiya ilə əlaqədar hüquqpozmalar dövlət vəsaitlərinin nəzərdə tutulmuş istiqamətlərdə xərclənməsinin qarşısını almaqla dövlətə və cəmiyyətə böyük ziyan vurur, ölkəmizin daha sürətlə inkişafına mane olur, əhalinin rifahının artırılması sahəsində görülən tədbirlərin səmərəsini azaldır".

Fərmanda həmçinin vurğulanır ki, hazırkı şəraitdə ümumbəşəri sosial bəla olan korrupsiyanın tam aradan qaldırılması üçün daha sərt və qətiyyətli addımların atılması tələb olunur. Eyni zamanda, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılır ki, dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində dövlət nəzarətinin səmərəliliyinin artırılması, bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görsünlər. Bu sahələrdə cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə müvafiq sənədləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərsinlər, müvafiq prokurorun mütəxəssislərin cəlb edilməsi və ya yoxlama materiallarının tələb edilməsi barədə qərarının təxirəsalınmadan icra olunmasını təmin etsinlər.

Fərmana əsasən, icra strukturları Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icra edilməsi vəziyyətinə dair Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilən məlumatlarla birgə bu fərmanın icrası ilə əlaqədar görülən tədbirlər barədə hesabat verməlidirlər.

Fərmanla Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin mütəmadi olaraq ümumiləşdirilməsini həyata keçirmək və nəticələrə əsasən daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasının dövlət orqanlarına və ya audit təşkilatlarına həvalə edilməsini, cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini təmin etmək tövsiyə olunur. Eyni zamanda, komissiya fərmanın icrası ilə əlaqədar görülən tədbirlər haqqında dövlət orqanları tərəfindən təqdim olunmuş hesabatları təhlil etməli, bu barədə ildə iki dəfə Azərbaycan Respublikası Prezidentinə məlumat verməlidir.

Fərmanda bir sıra məsələlərlə yanaşı, sahibkarların fəaliyyətinə süni müdaxilənin qarşısının alınması istiqamətində də qətiyyətli tədbirlərin həyata keçirilməsinin vacibliyi önə çəkilir. Sənəddə respublika Prokurorluğuna "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli fərmanının sahibkarlıq subyektlərinə müdaxilələrin qadağan edilməsinə dair tələblərinin hüquq-mühafizə orqanları tərəfindən icrasına öz səlahiyyətləri daxilində nəzarət etmək tapşırılır.

Azərbaycan Respublikasının Hesablama Palatası isə öz növbəsində fərmanın icrası ilə bağlı dövlət əmlakının idarə edilməsinə, dövlət büdcəsinin icrasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini təmin etməlidir.

Bütün bunlar göstərir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmərəli və keyfiyyətli olması üçün dövlət səviyyəsində tədbirlər görülür və bu mübarizə aşkarlıq şəraitində aparılır. Bir çox dünya dövlətlərinin təcrübəsinə nəzərən bu sosial bəlaya qarşı inzibati metodlarla mübarizənin mümkünsüzlüyünü nəzərə alan Azərbaycan hakimiyyəti təkamül və islahatlar yolu ilə korrupsiyanın aradan qaldırılmasına çalışır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 18 iyul.- S. 4.