Bakıda "Qızıl Qran-pri" turnirinin açılış mərasimi
keçirildi
Beynəlxalq
yarışlar ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunub
Dünən Bakı
İdman Oyunları Sarayında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr
olunmuş "Qızıl Qran-pri" II beynəlxalq turnirinin
final mərhələsi start götürmüşdür.
İlk yarış günü 10 ölkənin 105 yunan-Roma
güləşçisi 7 çəki dərəcəsində
qalib adı uğrunda mübarizə aparmışdır.
Beynəlxalq turnirin
açılış mərasimindən öncə Beynəlxalq
Güləş Federasiyasının (FİLA) prezidenti Rafael
Martinetti, yarışın təşkilat komitəsinin sədri,
Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov
və qonaqlar Bakı İdman Oyunları Sarayının
foyesində ümummilli lider Heydər Əliyev və Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və
dövlət qayğısından bəhs edən stendlə
tanış olmuşlar.
Rəngarəng keçən
açılış mərasiminin bədii hissəsində
tamaşaçılara ana xəttini Odlar Yurdunda dünyaya
göz açmış bir qəhrəmanın əfsanəsi
əsasında qurulmuş kompozisiya təqdim olundu.
Mərasimin rəsmi hissəsində
çıxış edən FİLA prezidenti Rafael Martinetti
yüksək təşkilatçılığa görə
ölkə rəhbərliyi və AGF-yə təşəkkür
etmişdir. R.Martinetti Heydər Əliyevin xatirəsinə həsr
olunmuş "Qızıl Qran-pri" beynəlxalq turnirinin
FİLA-nın təqvim planında önəmli yer
tutduğunu bildirmişdir.
Gənclər və
idman nazirinin müavini İsmayıl İsmayılov son illər
Azərbaycanda idmanın bütün istiqamətlərinin
yüksək sürətlə inkişaf etdiyini
vurğulamışdır. İ.İsmayılov son illər ərzində
qazanılan uğurların bundan sonra daha da artacağına əmin
olduğunu qeyd etmişdir.
Ulu öndər Heydər
Əliyevin xatirəsinə həsr olunmuş bu turnirin
miqyasının ildənilə genişləndiyini
vurğulayan AGF prezidenti Fazil Məmmədov
idmançılarımızdan yüksək nəticələr
gözləndiyini diqqətə
çatdırmışdır.
Təntənəli
açılış mərasimindən sonra final
görüşləri başlanmışdır.
"Qızıl
Qran-pri" turniri iyulun 19-dək davam edəcək.
Yarışda 32 ölkədən 310 idmançı
iştirak edir.
Azərbaycan.- 2009.- 18 iyul.- S. 4.