Epizootoloji sabitlik təmin olunur
Yay fəslinin gəlişi, havaların isti keçməsi heyvan kəsiminə, ət məhsullarına baytarlıq nəzarətinin artırılmasını zəruri edir. İsti günlərdə bu cür məhsullar daha tez xarab olduğundan müxtəlif xəstəliklərin törənməsi ehtimalı artır. Gözlənilən fəsadların qarşısının alınması üçün ölkəmizdə hansı tədbirlər həyata keçirilir? Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bununla bağlı demişdir:
- "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı müəssisələrində, həmçinin bu məhsulların daşınması zamanı baytarlıq-sanitariya qaydalarına və normalarına riayət edilməsi bizim qurumun nəzarətindədir. Ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə respublika baytarlıq laboratoriyasında, eləcə də bölgələrdə fəaliyyət göstərən laboratoriyalarda müasir avadanlığın köməyi ilə müvafiq testlər tətbiq olunur.
Qanunsuz ət kəsiminə, mənşəyi məlum olmayan ət və ət məhsullarının satışına yol verən hüquqi və fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilir və ya məsuliyyətə cəlb olunurlar. Cari ilin birinci rübündə qanun pozuntusuna yol verən 203 nəfərə xəbərdarlıq edilmiş, 37 nəfər cərimə olunmuşdur. Ət kəsiminə dövlət baytarlıq nəzarətini artırmaq məqsədi ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq qanunsuz heyvan kəsiminin qarşısının alınması üçün hər bir rayon və şəhərdə özəl heyvan kəsimi məntənqələrinin yaradılması nəzərdə tutulur. Ərazi dövlət baytarlıq müfəttişləri yerlərdə qanunsuz ət satışının qarşısının alınması üçün icra hakimiyyəti orqanları nümayəndələrinin, Gigiyena və Epidemiologiya Mərkəzi mütəxəssislərinin iştirakı ilə mənşəyi məlum olmayan yararsız ət satışının qarşısının alınması üçün operativ tədbirlər görürlər.
İstehsal müəssisələri və xidmət idarələri arasında bağlanmış "Baytarlıq təbabəti haqqında" müqavilənin şərtinə əsasən, təsisatlı baytarlıq xidməti xammalın və hazır məhsulların keyfiyyətinin baytarlıq-sanitariya tələblərinə uyğun olmasını nəzarətdə saxlayır. Dövlət Baytarlıq Xidməti ölkədə epizootik vəziyyəti sabit saxlamaq məqsədi ilə Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli qərarına uyğun olaraq bir sıra yoluxucu xəstəliklərə, o sıradan quduzluq, qara yara, dabaq, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik tədbirlər aparır. Bunun nəticəsində qara yara xəstəliyi son illər tamamilə aradan qaldırılmışdır. Adı çəkilən xəstəliklərə qarşı peyvənd və müalicə vasitələri bütünlüklə heyvan sahiblərinin vəsaiti hesabına olduğu üçün onlar vaxtında dərman preparatlarını ala bilmir və nəticədə heyvanlar tələf olur. Odur ki, heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslər rast gəldikləri fəsadlar barədə dərhal ərazi dövlət baytarlıq orqanına məlumat verməli və həkimlərin məsləhət bildiyi dərman vasitələrini və dezinfeksiya maddələrini vaxtında əldə etməlidirlər.
Dövlət Baytarlıq Xidməti ölkədə yoluxucu, invazion xəstəliklərlə yanaşı, quş qripi, Afrika taunu və digər xəstəliklərə qarşı müntəzəm monitorinqlər aparır və götürülən nümunələr respublika baytarlıq laboratoriyasında müayinə edilir, nəticələr ictimaiyyətə açıqlanır.
Heyvandarlıq təsərrüfatlarında və digər baytarlıq nəzarəti obyektlərində dezinfeksiya tədbirləri ardıcıl davam etdirilir.
Akif CABBARLI
Azərbaycan.- 2009.- 18
iyul.- S. 5.