Regionlarda elmi kadrların
hazırlanması diqqət
mərkəzindədir
Naxçıvan Dövlət
Universitetində Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyası ilə birgə "Regionlarda elmi
kadrların hazırlanmasının aktual problemləri"
mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransdan
öncə qonaqlar Naxçıvan Dövlət Universitetinin ərazisi
ilə tanış olmuşlar.
Naxçıvan Dövlət
Universitetinin tanıtma filmi nümayiş etdirildikdən sonra
konfransı giriş sözü ilə NDU-nun rektoru, akademik
İsa Həbibbəyli açmış, Azərbaycan
miqyasında AAK-la birgə ilk dəfə belə bir
konfransın keçirilməsinin əhəmiyyətindən,
regionda elmin inkişafına veriləcək töhfələrdən
bəhs etmişdir.
Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının sədri, akademik Arif Mehdiyev "Regionlarda
elmi kadrların hazırlanmasının əsas nəticələri
və problemləri" mövzusunda məruzə edərək
ölkə və muxtar respublika rəhbərliyinin
qayğısı sayəsində Naxçıvanda elmi
potensialın formalaşmasında, yerli elmi mütəxəssislərin
hazırlanmasında qazanılan uğurlardan
danışmışdır.
NDU-nun rektoru
"Naxçıvan Muxtar Respublikasında elmi kadrlara olan tələbat:
yekunlar və vəzifələr" adlı məruzəsində
statistikaya müraciət edərək bildirmişdir ki, 2 nəfər
akademikin, 5 nəfər akademiyanın müxbir
üzvünün fəaliyyət göstərdiyi
Naxçıvanda son iki ildə 60 nəfər doktorluq və
namizədlik dissertasiyası müdafiə etmişdir. Akademik
İsa Həbibbəyli Ali Attestasiya Komissiyasının regionda
elmi kadrların hazırlanmasındakı xidmətlərindən,
Naxçıvan MR-də intellekt bazasının təşəkkülündə
burada fəaliyyət göstərən 6 indeksli iki müdafiə
şurasının rolundan danışmış, bu sahədəki
müəyyən problemlərə nəzər
salmışdır.
AMEA-nın
Naxçıvan bölməsinin sədri, akademik
İsmayıl Hacıyev "Yeni elmi nəslin
hazırlanmasında akademik qurumlarla ali məktəblərin
qarşılıqlı əlaqələrinin imkanları"
məruzəsində Naxçıvan Dövlət
Universitetinin ərazidə elmi potensial məxəzi rolunu
oynamasından, rəhbərlik etdiyi elmi qurumun bu istiqamətdə
gördüyü işlərdən, müştərək
elmi tədqiqatlardan və elmi nəşrlərdən söz
açmışdır.
Sonra Ali Attestasiya
Komissiyasının sədri, akademik Arif Mehdiyev
Naxçıvan Dövlət Universitetinin bir qrup əməkdaşına
doktorluq və namizədlik diplomları təqdim etmişdir. Təltif
olunanlar adından çıxış edən tarix elmləri
doktoru Həmzə Cəfərov və digərləri elmi
kadrların hazırlanmasında göstərdiyi diqqət və
qayğıya görə ölkə Prezidenti cənab
İlham Əliyevə, Naxçıvan MR Ali Məclisinin Sədrinə,
ali attestasiya komissiyası və universitet rəhbərliyinə
minnətdarlıqlarını bildirmişlər.
Konfransda Azərbaycan
regionlarında elmin inkişaf göstəricilərinə dair
monoqrafiyalar, elmi məqalələr və avtoreferatlar sərgilənmiş,
universitetin incəsənət fakültəsinin müəllim
və tələbələri bədii proqramla
çıxış etmişlər.
Mehriban SULTAN
Azərbaycan.- 2009.- 18 iyul.- S. 6.