Ermənistanın həyata
keçirdiyi işğalçı siyasət nəticəsində
yaşadığı digər bir problem isə beynəlxalq
imicinin daha da pisləşməsidir. Dünya birmənalı
şəkildə Ermənistanı işğalçı
dövlət kimi tanıyır və beynəlxalq təşkilatların,
o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa
İttifaqı, İslam Konfransı Təşkilatı və
digər qurumların qəbul etdikləri sənədlərdə
bu, öz əksini tapıb. Prezident İlham Əliyev bununla
bağlı bildirir: "Müxtəlif təşkilatlarda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsi ilə əlaqədar
ədalətli, bizim mövqeyimizi əks etdirən
çoxsaylı qərarlar və qətnamələr qəbul
edilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyətlə bağlı BMT-nin Baş Məclisində
qətnamənin qəbul edilməsi bizim həm mənəvi,
həm siyasi qələbəmizdir. Eyni zamanda, bu, ədalətin təntənəsidir".
Azərbaycanın
apardığı siyasət nəticəsində dünya Ermənistanı
işğalçı dövlət olmaqla yanaşı, həm
də qeyri-konstruktiv ölkə kimi qəbul etməkdədir. Məhz
dünya miqyasında açıq etiraf olunur ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
danışıqlar yolu ilə həll edilməməsinin yeganə
səbəbi rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi və
danışıqlar prosesini süni şəkildə
uzatmağa çalışmasıdır. Lakin bu taktikanın
sonunun olmaması Ermənistana da yaxşı məlumdur. Rəsmi
Yerevan yaxşı bilir ki, danışıqlar prosesində Azərbaycan
öz prinsipial, ədalətli və beynəlxalq hüquq
normalarına əsaslanmış mövqedən əl çəkməyəcək.
Dünya birliyinin Azərbaycanın mövqeyini dəstəkləməsi,
mötəbər beynəlxalq təşkilatların qərarlarının
ölkəmizin mənafelərinə uyğun olması isə
Ermənistanın işğalçı və qeyri-konstruktiv
dövlət imicini daha da dərinləşdirir.
Müstəqilliyindən məhrum olmuş dövlət
Ermənistanın müəyyən
xarici havadarları hesabına Azərbaycan ərazilərini
müvəqqəti olsa da, işğal altında
saxlamasının ən böyük zərəri bu dövlətin
özünə dəyib və dəyməkdədir. Təkcə
bir faktı qeyd etmək kifayətdir ki,
işğalçılıq siyasəti Ermənistanı regionda
bütün iri layihələrdən təcrid edib ki, bu da
sözügedən ölkənin iqtisadi, sosial, siyasi durumunu
günü-gündən ağırlaşdırır. Bununla
bağlı Prezident İlham Əliyev bildirir: "Ermənistan
öz işğalçı siyasəti nəticəsində
bütün beynəlxalq layihələrdən təcrid olunmuş
vəziyyətdə qalmalıdır və qalacaqdır.
Azərbaycanın artan
imkanları, dünyadakı əhəmiyyəti, nüfuzu və
çox önəmli ölkəyə çevrilməsi, əlbəttə
ki, bizim bütün mövqelərimizi gücləndirir. Biz
bundan sonra da Ermənistanı bütün regional və qlobal
layihələrdən təcrid etmək üçün
öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər
ki, torpaqlarımız azad olunacaqdır".
Ümumiyyətlə,
bir sıra xarici qüvvələrin yardımı ilə Ermənistanın
Azərbaycan ərazilərinin işğalını
reallaşdırmasından sonra bu dövlətin
qazandıqları ilə itirdikləri müqayisə olunduqda
ermənilərin də özünü dəhşətə
gətirən bir mənzərə meydana çıxır. Bu
işğaldan Ermənistan heç nə
qazanmadığı halda itirdikləri olduqca
böyükdür. Düzdür, Ermənistanın Azərbaycan
ərazilərinin 20 faizinin işğalı hesabına
coğrafi baxımından müəyyən
üstünlük əldə etdiyini söyləmək olar.
Lakin Ermənistanın
özü də yaxşı başa düşür ki, Azərbaycan
ərazilərinin işğalı müvəqqəti xarakter
daşıyır və tezliklə həmin ərazilər geri
qaytarılacaq. Ən son halda Azərbaycanın bunu kifayət qədər
güclü olan və Ermənistan silahlı qüvvələrini
ilk həmlədə darmadağın etməyə qadir
ordusunun köməyi ilə edəcəyi bu gün ermənilər
tərəfindən açıq etiraf olunur. İşğal
olunmuş ərazilərdə isə mövcud
acınacaqlı durum, ermənilərin buradan, sözün əsl
mənasında, qaçıb qurtulmağa
çalışması, yalnız zor gücünə
Dağlıq Qarabağ və ətraf ərazilərdə
saxlanması nəzərə alınarsa, Ermənistanın
qazandığı müvəqqəti coğrafi
üstünlüyün əslində bu ölkə
üçün əlavə problem olduğu dərhal nəzərə
çarpır.
Ermənistanın nəzarətdə
saxladığı Azərbaycan ərazilərinə baş
çəkən xarici jurnalistlər bildirirlər ki, Xankəndi
istisna olmaqla, digər ərazilər müharibə
dövründə olduğu kimi, darmadağın edilmiş vəziyyətdə
qalmaqdadır. Xankəndidə isə erməni diasporunun
göndərdiyi pullar hesabına müəyyən təmir
işləri aparılsa da, bu şəhərin böyük
bir hissəsi bərbad durumdadır. Belə vəziyyətdə
isə çox vaxt quru çörəyə də möhtac
qalan ermənilər hər vəchlə buranı tərk etməyə
çalışırlar. Ermənistanın müxalifmeyilli
media orqanları da etiraf edirlər ki, yalnız zor ilə verilən,
lakin çox vaxt yerinə yetirilməyən şirnikləndirici
vədlər hesabına ermənilər bu yerlərdə
qalmağa vadar edilirlər. Bununla belə, Dağlıq
Qarabağda ermənilərin sayı sürətlə
azalmaqdadır.
Lakin Dağlıq
Qarabağ münaqişəsinə görə, Ermənistanın
üzləşdiyi digər problemlər miqyası və əhatə
dairəsi baxımından bundan dəfələrlə
böyükdür. Ümumiyyətlə, işğal siyasəti
nəticəsində sözügedən ölkənin itirdiklərindən
danışarkən buraya ilk növbədə Ermənistanın
müstəqilliyini aid etmək lazım gəlir. Məhz bu
işğalçılıq siyasəti keçmiş
SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan
edən Ermənistanın bu müstəqilliyinin formal xarakter
daşımasına gətirib çıxardı. Belə ki,
işğal siyasətini davam etdirmək məqsədilə
Ermənistan xarici havadarlarının köməyinə
sığınmağı davam etdirmək üçün
onların istənilən şərtlərini qəbul etdi,
ölkə iqtisadiyyatının bütün
infrastrukturları onlara satıldı, Ermənistanın siyasi
kursunu məhz həmin havadarlar müəyyən etməyə
başladı. Nəticədə bütün iqtisadi və
maliyyə resurslarından məhrum olan Ermənistan siyasi
baxımdan da ona edilən və bəzən maraqlarına zidd
olan sifarişləri yerinə yetirmək məcburiyyətində
qaldı.
Elə buna görədir
ki, Ermənistan artıq müstəqil dövlət olaraq
xarici himayəçilərinin razılığı olmadan hər
hansı qərar qəbul etmək imkanından məhrumdur. Bu
ölkə yalnız ona edilən sifarişlərin
icrasını həyata keçirməkdə və xarici
qüvvələrin əlində forpost rolunu oynamaqdadır. Ölkənin
belə bir vəziyyətə gəlib düşməsinin
arxasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin olması isə ermənilərin
özü tərəfindən də etiraf edilir. Ermənistan
Milli Konqresinin nümayəndəsi Suren Surenyan bununla
bağlı qeyd edir: "Dağlıq Qarabağ
münaqişəsi həll olunmayanadək Ermənistan
müstəqil dövlət ola bilməz. Çünki
yaranmış çətin vəziyyətdən
çıxmaq üçün ölkənin heç bir
resursu yoxdur". Onun fikrincə, Azərbaycan işğal
olunmuş 7 rayonun qaytarılması müqabilində
Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə
tam zəmanət verərsə, rəsmi Yerevan bu təklifi
qiymətləndirməlidir. Əks təqdirdə, Suren Surenyan
Dağlıq Qarabağın tezliklə Azərbaycanın nəzarətinə
keçəcəyini və Ermənistanın
danışıqlar prosesində indiki durumdan da pis vəziyyətə
düşəcəyini istisna etmir.
Ermənistanın
işğalçı mövqeyinə görə müstəqilliyini
itirməsi onun xarici münasibətlərdə də istədiyi
yox, diqtə olunan siyasəti həyata keçirməsinə səbəb
olmaqdadır ki, bu da ölkənin beynəlxalq ictimaiyyətə,
Avratlantik məkana inteqrasiyasında, Qərb dəyərlərini
qəbul etməsində ciddi problemlər yaradır, xarici siyasət
sferasında disbalansa gətirib çıxarır. Bu məsələyə
toxunan Ermənistanın Strateji və Milli Tədqiqatlar Mərkəzinin
direktoru Riçard Kirakosyan bildirir ki, ölkənin xarici siyasətində
balansın bərpa olunmasına ciddi ehtiyac var. Onun fikrincə,
regionda baş verən dinamik geosiyasi və geocoğrafi dəyişikliklər
Ermənistan üçün daha böyük təhlükə
yaradır. Bu vəziyyət həm də Ermənistanın
düşdüyü izolyasiya vəziyyətini daha da dərinləşdirir:
"Əgər bu izolyasiya bir qədər də dərinləşsə,
Ermənistan daha kövrək bir duruma düşəcək və
onun Rusiyadan asılılığı qətiləşəcək.
Bu cür inkişaf trayektoriyasında heç bir dəyişiklik
olmasa, dənizə heç bir çıxışı
olmayan Ermənistanın reallıqda müstəqilliyi olmayan
Rusiyamərkəzli asılı və təmənnaçı
bir dövlətə çevrilməsi dərinləşəcək.
Ölkənin belə vəziyyətə düşməsinin əsas
səbəblərindən biri də hakimiyyətdə
yalnız öz şəxsi maraqlarını güdən
insanların olmasıdır".
Ermənistan hələ də transmilli layihələrə
həsrətlə baxır
İşğalçılıq
siyasəti üzündən Ermənistanın mübtəla
olduğu daha bir ciddi problem bu ölkənin regionda həyata
keçirilən bütün transmilli layihələrdən kənarda
qalmasıdır. Ermənistanın hakim dairələrinə də
yaxşı məlumdur ki, Azərbaycan indiyə qədər
olduğu kimi, bundan sonra da sözügedən ölkənin
regionda həyata keçirilən hər hansı transmilli layihədə
iştirakına imkan verməyəcək. Bunu etmək
üçün Azərbaycanın kifayət qədər
gücü olduğunu ermənilər də yaxşı bilirlər.
Hər halda, bu, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin
çəkilişində özünü bir daha büruzə
verdi. Məhz bu layihənin reallaşmasının
qarşısını almaq və özünü daha bir regional
layihədən kənarda qoymamaq üçün Ermənistan
bütün qüvvəsini işə saldı, xaricdəki
erməni diasporunun yardımı ilə regionda marağı
olan bir çox xarici dövlət və təşkilatlar
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin
əleyhinə çıxdılar. Hətta layihəyə
maliyyə yardımı ayrılmasından imtina edildi. Lakin bu
dəfə də Azərbaycan regionda əsas sözün ona məxsus
olduğunu nümayiş etdirdi.
Bütün təzyiqlərə
baxmayaraq, sözügedən layihənin reallaşması
istiqamətində ciddi addımlar atıldı. Layihənin
Gürcüstandan keçən hissəsinin maliyyələşdirilməsini
də Azərbaycan öz üzərinə götürdü və
bunun üçün Gürcüstana güzəştli şərtlərlə
(ildə 1 faiz) 25 il müddətinə 200 milyon dollar kredit
ayırdı. Bütün bunların nəticəsində
artıq Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2 ildən sonra
tam istifadəyə hazır olacaq.
İşğalçı
siyasət yürütməsi səbəbindən Ermənistan
daha böyük bir məkanı əhatə edəcək digər
transmilli layihədən - Nabukkodan da kənarda qalmalı
olacaq. Bir müddət əvvəl ermənilər layihədə
özlərinin iştirakı barədə sərsəm ideya
səsləndirsələr də, bunun Azərbaycanın
mövqeyi sayəsində mümkünsüzlüyünü
etiraf edirlər. Onlara yaxşı məlumdur ki, Azərbaycanın
razılığı olmadan Ermənistanın regionda həyata
keçirilən transmilli layihələrdə iştirakı
qeyri-mümkündür. Çünki iştirakındakı
hansı dövlətlərdən və ya təşkilatlardan
asılı olmayaraq, regional layiəhələrdə son
sözün Azərbaycana məxsusluğu artıq
aksiomadır. Regional enerji layihələrində Azərbaycanın
oynadığı rolla bağlı Prezident İlham Əliyev
qeyd edir: "Azərbaycanın iştirakı olmadan bölgədə
və geniş mənada yerləşdiyimiz qitədə enerji
təhlükəsizliyi məsələləri tam şəkildə
həll oluna bilməz, şübhə etmirəm ki, bu
mövqe üstünlük təşkil edəcəkdir. Bilirəm
ki, tərəfdaşlarımızın böyük əksəriyyəti
bu mövqeyi bölüşür".
Beləliklə,
işğal siyasəti davam etdikcə Ermənistan
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars layihələrindən kənarda
qaldığı kimi, Nabukkodan və regionda həyata
keçiriləcək digər transmilli layihələrdən
də kənarda qalacaqdır.
Məhv olmuş iqtisadiyyat
Ermənistanın
transmilli layihələrdən kənarda qalması bu ölkənin
onsuz da bərbad vəziyyətdə olan iqtisadi durumunu daha da
ağırlaşdırır. İşğalçı siyasəti
üzündən regionun Azərbaycan və Türkiyə kimi
aparıcı ölkələri ilə heç bir əlaqəyə
malik olmaması, Gürcüstanla münasibətlərdə
yaşanan problemlər Ermənistanın xarici ticarətində
də acınacaqlı vəziyyətin yaranması ilə nəticələnməkdədir.
Qlobal maliyyə böhranı isə Ermənistanı,
sözün əsl mənasında, çökdürməkdədir.
İqtisadçılar yaxın perspektiv üçün Ermənistanın
daha acınacaqlı vəziyyətə düşəcəyini
bildirirlər. Statistik rəqəmlər də Ermənistan
iqtisadiyyatında tənəzzülün gücləndiyini
göstərir.
Belə ki, cari ilin
yanvar-aprel aylarında Ermənistanda ümumi daxili məhsul
istehsalı 9,7 faiz azalıb. Azalma iqtisadiyyatın bütün
sahələrində qeydə alınıb. Belə ki, son bir
ildə Ermənistanda kənd təsərrüfatı məhsullarının
istehsalı 4,1 faiz aşağı düşüb. Xidmətlər
sektorunda tənəzzül 1,6 faiz təşkil edib. Ötən
illə müqayisədə Ermənistan müəssisələrinin
istehsal göstəricisi 11,1 faiz azalıb. Ən çox geriləmə
tikintidə qeydə alınıb. Məlumat üçün
bildirək ki, rəsmi rəqəmlərə görə cari
ilin ilk 4 ayı ərzində Ermənistanın tikinti sektorunda
42,4 faizlik geriləmə qeydə alınıb. Müstəqil
ekspertlər isə əslində tikinti sahəsində
böhran həddinin 70 faizdən yuxarı olması qənaətindədirlər.
Yaxın perspektivdə bu sahədə vəziyyətin daha da
pisləşəcəyi gözlənilir. Çünki
dövlətin daha bu sahəyə vəsait ayırması
üçün maliyyə ehtiyatları yoxdur.
İqtisadi göstəricilərin
pisləşməsi fonunda inflyasiya göstəriciləri də
artır. Ermənistan statistika xidmətinin məlumatına
görə, 4 ayda inflyasiya 3,9, son 1 ildə isə 21,9 faiz təşkil
edib. Müvafiq olaraq ölkədə işsizlərin sayı
6,5 faiz artıb. Müstəqil hesablamalar göstərir ki, əmək
qabiliyyətli insanların 60 faizindən çoxu qlobal
böhranın başlanmasından sonra işsiz qalıb və
bu sahədə göstəricilər durmadan artır. Xaricdən
Ermənistana göndərilən pulların miqdarının
iki dəfədən çox azalması isə vəziyyəti
daha da ağırlaşdırır.
Bundan başqa,
yanvar-aprel aylarında Ermənistanın xarici ticarət
dövriyyəsi 30 faiz azalaraq 1 milyard dollara düşüb. İxracın
yarıbayarı azalması fonunda Ermənistanda idxal ixracı
5 dəfə üstələyib. Bu da xarici ticarətdə mənfi
saldonun 5 dəfə artması deməkdir. Ekspertlər bunun Ermənistan
üçün fəlakət olduğunu bildirir və ölkənin
tamamilə xaricdən gətirilən məhsullardan
asılı vəziyyətə düşməsi kimi dəyərləndirirlər.
Digər tərəfdən,
Ermənistan Milli Statistika Xidmətinin səsləndirdiyi rəqəmlərdən
fərqli olaraq, müstəqil ekspertlər iqtisadi geriləmə
göstəricilərinin daha böyük olması qənaətindədirlər.
Ermənistan Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan
isə qeyd edir ki, tezliklə hökumət onsuz da devalvasiyaya
uğramış dramın indiki səviyyədə də
süni yolla dəyərinin saxlanması siyasətindən əl
çəkmək məcburiyyətində qalacaq. Sabiq prezident
bildirib ki, indiki halda dramın dəyərdən düşməsi
nəticəsində bütün sahələrdə qiymətlərin
artması əhalinin yaşayış səviyyəsinin daha
da pisləşməsinə səbəb olub. Ölkədə
yaşanan iqtisadi geriləmə əhalinin yaşayış
durumunu dözülməz həddə qədər pisləşdirdiyindən
Ermənistanda bu sahədə mövcud vəziyyətin hər
an sosial partlayışla nəticələnəcəyi
gözlənilir.
Yoxa çıxan əhali, bərbad günə
qalmış ordu
İqtisadi vəziyyətin
pisləşməsi fonunda Ermənistanda yaşanan problemlərdən
biri demoqrafik durumun bu ölkə üçün dəhşətli
xarakter almasıdır. Yaranan problemlər üzündən əhali
durmadan ölkəni tərk edir. O da diqqətçəkən
faktdır ki, Ermənistanı tərk edənlər
arasında əmək qabiliyyətli kişi cinsinə məxsus
gənclər daha çox üstünlük təşkil
edir. Bunun nəticəsidir ki, Ermənistan tədricən
qadınlar ölkəsinə çevrilməkdədir. Yenə
də statistik rəqəmlər bunun əyani göstəricisi
kimi çıxış edir. Hələ 2001-ci ildə
aparılan siyahıyaalınmaya görə, Ermənistandakı
3 milyon 150 min nəfərin 2 milyon 100 mini qadın olub. Yerevandakı
qadın təşkilatlarının apardığı
araşdırmalara əsasən həmin ildən bugünədək
kişilərin 60 faizi ölkəni tərk edib.
İqtisadi böhran və
kişilərin azlığı erməni ordusundakı vəziyyətə
də təsirsiz ötüşməyib. Ölkənin demoqrafik
fəlakətlə üz-üzə olduğunu bildirən
sosioloqlar gələn ildən etibarən ordunun insan resursunun dəhşətli
həddə düşəcəyini və bu sahədə
ciddi problemlərin yaşanacağını bildirirlər. Sosioloq
Aram Torosyan bildirir ki, Ermənistanda demoqrafik vəziyyətin
pisləşməsi ordunun şəxsi heyətlə təminatı
baxımından ciddi problemə çevrilib. Onun sözlərinə
görə, hər il ölkədə
çağırışçıların sayı
azalır: "Gənclərin çoxu erkən
yaşlarında valideynləri ilə birlikdə və ya
yaxınlarından kimlərinsə himayəsi ilə xarici
ölkələrə gedir. Burada iş tapdıqdan sonra onlar
daha geri qayıtmaq istəmir. Bu hal son illər ərzində
böyük sürətlə inkişaf edir. Nəticədə
isə orduya və digər güc strukturlarına lazımi qədər
əsgər yığmaqda problem yaşanır. Belə vəziyyət
qarşıdakı illərdə Ermənistanın təhlükəsizliyinin
artıq ciddi təhlükə altında qalması deməkdir".
Yeri gəlmişkən
qeyd edək ki, demoqrafik problemlər fonunda Ermənistanda hərbi
xidmətdən yayınma halları özünün ən
yüksək həddinə çatıb. Təsadüfi deyil
ki, hər çağırışda Ermənistan silahlı
qüvvələri əvvəlkindən 20 faizədək az əsgər
qəbul edir. Bir sıra sosioloqlar gələn il bu göstəricinin
40 faizə çatacağını düşünürlər.
Lakin Ermənistan ordusunun üzləşdiyi digər problemlər
əsgəri təchizatla müqayisədə daha
böyükdür. Belə problemlərdən biri də orduda
yaşanan mənəvi-psixoloji durumun günü-gündən
daha da ağırlaşması və bu fonda fərarilik
hallarının artmasıdır. Son araşdırmalar onu da
göstərir ki, Ermənistan ordusunda xəstəlik və səfalətin
durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları
müalicə etmək üçün nə maddi vəsait, nə
də yer çatışır. Bu isə xəstəlikdən
ölən erməni əsgərlərinin sayının
durmadan artmasına səbəb olur.
Digər tərəfdən,
silahlı qüvvələrdə "dedovşina"
hallarının artdığı bir vaxtda Ermənistan
ordusunun üzləşdiyi problemlərdən biri də
qarabağlı-ermənistanlı qarşıdurmasıdır.
Hazırda Qarabağ erməniləri ilə Ermənistandan olan
ermənilər bir-birlərinə düşmən kimi
baxırlar. Ermənistan hüquq müdafiəçiləri
bildirirlər ki, orduda kütləvi hal alan intizamsızlıq,
səhlənkarlıq, cinayətkarlıq halları
Qarabağda yerləşdirilən hərbi hissələrdə
daha geniş miqyas alıb.
Ermənistanın
silahlı qüvvələrində kütləvi şəkildə
yayılan neqativ hallardan biri də rüşvətxorluq və
korrupsiyaya meyillilikdir. Bu ölkənin ordusunun gələcəyini
sual altına alan məqamlardan biri də gənclər
arasında hərbi ixtisaslara və peşələrə
neqativ münasibətin formalaşmasıdır.
Belə vəziyyətdə
Ermənistan ordusunun Azərbaycanın qarşısında
duruş gətirə bilməyəcəyi bu ölkənin
özündə də açıq etiraf olunur. Ermənistanın
sabiq prezidenti Levon Ter-Petrosyan da açıq bildirir ki,
ac-yalavac vəziyyətdə saxlanılan Ermənistan ordusunu ən
müasir avadanlıqlarla təchiz edilmiş nizamlı Azərbaycan
Ordusu ilə müqayisə etmək mümkünsüzdür:
"Sarkisyan da yaxşı bilir ki, ac-yalavac Ermənistan ordusunu
ən müasir avadanlıqlarla təchiz edilmiş nizamlı
Azərbaycan Ordusu ilə müqayisə etmək belə
mümkün deyil. Bu səbəbdən də o, Bakının
münaqişənin hərb yolu ilə həllini istisna etməyən
açıqlamalarından qorxuya düşüb və
danışıqlarda geri addım atmağa məcburdur". Diplomatik
cəbhədə Ermənistanın Azərbaycana uduzduğunu
vurğulayan sabiq prezident ordu ilə bağlı vəziyyətin
də ölkəsi üçün acınacaqlı
olduğunu bildirib.
Ermənistan Milli
Konqresinin digər nümayəndəsi David Şahnazaryan da
etiraf edib ki, Dağlıq Qarabağ probleminin həllində
vaxt Azərbaycanın xeyrinə işləyir: "Proseslərin
gedişi göstərir ki, yaxın gələcəkdə
münaqişənin həll olunmasında bütün şərtləri
rəsmi Bakı diktə edəcək". Onun fikrincə, rəsmi
Yerevan münaqişənin onun arzusu çərçivəsində
həlli üçün heç bir təsir
rıçaqlarına malik deyil: "Bu gün problemin
nizamlanmasında qeyd-şərtsiz hər şey Azərbaycan
Prezidentinin hansı qərarı qəbul etməsindən
asılıdır. Ötən hər il Azərbaycana daha da
çox uğur gətirir. Ermənistan xarici siyasətdə
Bakının qarşısında aciz vəziyyətə
düşüb, ölkədə iqtisadi böhran dərinləşir,
sosial durum isə hər gün daha da pisləşir".
Aparılan sosioloji
sorğular da göstərir ki, hazırda Ermənistanda
hökm sürən siyasi-iqtisadi ab-hava bu xalqda Azərbaycan
qarşısında məğlubiyyətə uğrayacaqları
ilə bağlı xofun artmasına və müxalifət tərəfdarlarının
sayının sürətlə genişlənməsinə səbəb
olur.
Dünya qəzəbinə tuş gələn dövlət
Ermənistanın həyata
keçirdiyi işğalçı siyasət nəticəsində
yaşadığı digər bir problem isə beynəlxalq
imicinin daha da pisləşməsidir. Dünya birmənalı
şəkildə Ermənistanı işğalçı
dövlət kimi tanıyır və beynəlxalq təşkilatların,
o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa
İttifaqı, İslam Konfransı Təşkilatı və
digər qurumların qəbul etdikləri sənədlərdə
bu öz əksini tapıb. Prezident İlham Əliyev bununla
bağlı bildirir: "Müxtəlif təşkilatlarda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsi ilə əlaqədar
ədalətli, bizim mövqeyimizi əks etdirən
çoxsaylı qərarlar və qətnamələr qəbul
edilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyətlə bağlı BMT-nin Baş Məclisində
qətnamənin qəbul edilməsi bizim həm mənəvi,
həm siyasi qələbəmizdir. Eyni zamanda, bu, ədalətin təntənəsidir".
Azərbaycanın
apardığı siyasət nəticəsində dünya Ermənistanı
işğalçı dövlət olmaqla yanaşı, həm
də qeyri-konstruktiv ölkə kimi qəbul etməkdədir. Məhz
dünya miqyasında açıq etiraf olunur ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
danışıqlar yolu ilə həll edilməməsinin yeganə
səbəbi rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi və
danışıqlar prosesini süni şəkildə
uzatmağa çalışmasıdır. Lakin bu taktikanın
sonunun olmaması Ermənistana da yaxşı məlumdur. Rəsmi
Yerevan yaxşı bilir ki, danışıqlar prosesində Azərbaycan
öz prinsipial, ədalətli və beynəlxalq hüquq
normalarına əsaslanmış mövqedən əl çəkməyəcək.
Dünya birliyinin Azərbaycanın mövqeyini dəstəkləməsi,
mötəbər beynəlxalq təşkilatların qərarlarının
ölkəmizin mənafelərinə uyğun olması isə
Ermənistanın işğalçı və qeyri-konstruktiv
dövlət imicini daha da dərinləşdirir.
Bunun nəticəsidir
ki, beynəlxalq aləmdə Ermənistana qarşı radikal
bir mövqe formalaşmaqdadır. Bu ölkənin demokratik dəyərlərə
qarşı açıq hücuma keçməsi və
müxalifəti, vətəndaş cəmiyyətini güc
yolu ilə boğması isə dünyanın Ermənistana
qarşı mövqeyini daha da sərtləşdirir. Xüsusən
də ötən ilin fevralında keçirilən prezident
seçkilərində yol verilən total saxtakarlıq, bunun
ardınca qanlı mart hadisələri, Yerevan meriyasına
keçirilən seçkilərdə yenidən kütləvi
saxtakarlıqlar və qanun pozuntusu Ermənistanın beynəlxalq
mövqelərini əhəmiyyətli dərəcədə
sarsıdıb. Levon Ter-Petrosyan bu məqamla bağlı qeyd
edir ki, Serj Sarkisyan iqtidarının Dağlıq Qarabağ,
Ermənistan-Türkiyə sərhədləri məsələsində
aqressivlik nümayiş etdirməyə
çalışması, ölkədə rəqib qüvvələrə
qarşı zorakı metodların miqyasını daha da
genişləndirməsini Qərb dövlətləri
cavabsız qoymayacaq: "Əslində, Qərb Sarkisyanın
addımlarına cavab verməkdə gecikməyib. Avropa
Şurası Parlament Assambleyası gözlənilmədən
iyun sessiyasında Ermənistanın demokratiya və insan
haqları sahəsində öhdəliklərini necə yerinə
yetirməsini müzakirə etmək qərarına gəlib. ABŞ
hökuməti isə 2010-cu ildə Ermənistana maliyyə
yardımını demək olar ki, 40 faiz azaltmağı, bunun
əvəzində Azərbaycana hərbi yardımı
artırmağı nəzərdə tutur. Və nəhayət,
Türkiyənin Baş naziri ölkəsinin BMT Təhlükəsizlik
Şurasının daimi üzvü olmasa da, indiki vəziyyətindən
istifadə edərək bu təşkilatda Ermənistanın
işğalçı dövlət kimi tanınması istiqamətində
səylərini gücləndirəcəyini bildirir".
Məhvə doğru gedən yol
Beləliklə,
işğalçı siyasətinə görə Ermənistan
dünya birliyinin açıq qəzəbinə tuş gəlib,
həmçinin mühüm regional layihələrin
hamısından kənarda qalıb. Bu, məhdud iqtisadi
resurslara malik Ermənistanda sosial durumun daha da
ağırlaşmasına səbəb olub. İşğal
siyasəti davam edən müddət ərzində Azərbaycan
Ermənistanın regional təcridi və dünyada
işğalçılığına görə bu dövlətə
qarşı daha radikal mövqenin formalaşması istiqamətində
siyasətini davam etdirəcək.
Həmçinin Ermənistanda
onu da gözəl anlayırlar ki, Azərbaycanın artıq
işğal edilmiş ərazilərində yaradılan
separatçı rejim heç vaxt beynəlxalq birliyin müstəqil
subyekti ola bilməyəcək. Çünki dünya birmənalı
şəkildə Azərbaycanın ərazi
bütövlüyünü tanıyır və bu ölkənin
işğala məruz qaldığını bildirir. Elə bu
səbəbdən Ermənistandan işğal olunmuş əraziləri
mümkün qədər tez geri qaytarmaq tələb olunur. Həmçinin
işğalçı siyasətinə görə dünya Azərbaycanın
Ermənistana tətbiq etdiyi iqtisadi pressinqə və bu ölkənin
regional layihələrdən kənarda qalmasına haqq
qazandırır.
Bütün bunlar isə
Ermənistanın təkcə siyasi yox, iqtisadi durumunun da pisləşməsi
və bu ölkənin daha acınacaqlı duruma düşməsinə
gətirib çıxarır. Belə vəziyyətdə Ermənistan
daxilində mövcud hakimiyyət əleyhinə sürətlə
radikal əhval-ruhiyyə formalaşmaqdadır və ölkədə
hər an sosial partlayışın yaşanması istisna
olunmur. Bu duruma qarşı çıxan qüvvələri
isə Ermənistan hakimiyyəti ən zorakı metodlar
hesabına zərərsizləşdirir. Hətta bunun
üçün hakimiyyət özünün killer dəstələrini
də yaradır. Bununla bağlı Levon Ter-Petrosyan qeyd edir:
"Xidməti formada olan killerlər institutu yaratmaqla hakimiyyət
təkcə müxalifətlə mübarizəyə
hazırlaşmır. Bu dəstələrdən hakimiyyət
daxilində gedən savaşlarda da istifadə olunacaq. Əgər
kimsə tabe olmaqdan imtina edəcəksə, onda killer dəstələri
fəaliyyətə keçəcək".
Ermənistan hakimiyyətinin
xalqa və ona qarşı çıxan qüvvələrə
amansız divan tutması artıq bu ölkədə
totalitarizmin bərqərar olmasından xəbər verir. Bu vəziyyətdə
isə Ermənistanın gələcək perspektivlərindən
söhbət belə gedə bilməz. Çünki ölkə
daxildən tənəzzülə uğrayır, totalitar
mövqeyinə görə isə demokratik dünya birliyi Ermənistanı
özündən uzaqlaşdırır. Deməli, hadisələrin
bu səpkidə inkişafı Ermənistanı bir dövlət
kimi faktiki məhvə məhkum edir. Bütün bunların
arxasında isə qeyd olunanlardan aydın göründüyü
kimi, Ermənistanın işğalçı siyasəti durur.
Bu siyasətin davam etməsi Ermənistanın öz məhvinə
gedən yolla irəliləməsindən başqa bir şey
deyil.
R.İSLAMOĞLU
Azərbaycan.- 2009.- 19 iyul.- S. 2, 3.