Heydər Əliyev Fondunun
təşəbbüsü bölgələrdə mütəşəkkil
həyata keçirilir
Son dövrlər ölkəmizdə
səhiyyə ilə bağlı aparılan islahatlar, bu sahənin
inkişafına dövlət qayğısı, Prezident
İlham Əliyevin imzaladığı sərəncamlar əhaliyə
tibb xidmətinin səviyyəsinin yüksəldilməsində
mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək
lazımdır ki, hazırda əhaliyə tibb xidməti ilə
bağlı ölkəmizdə 9 dövlət proqramı
uğurla həyata keçirilir. Həmin proqramlardan biri
talassemiya və digər qan xəstəliklərinin müayinə
və müalicəsinin təşkili ilə
bağlıdır.
Bu proqramın ən
vacib hissəsi qan və qan ləvazimatları ilə təminat
məsələsidir. Bu baxımdan Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə regionlarda qanvermə aksiyalarının keçirilməsi
böyük humanizm nümunəsidir.
Bu günlərdə Qəbələ
rayonunda da belə bir tədbir keçirildi. Respublika Səhiyyə
Nazirliyinin təşkilatçılığı, Qəbələ
Rayon İcra Hakimiyyətinin dəstəyi ilə mərkəzi
rayon xəstəxanasında keçirilən qanvermə
aksiyası mütəşəkilliyi ilə seçilirdi.
Rayon mərkəzi xəstəxanasının
baş həkimi Sabir Bayramovun bildirdiyinə görə,
gün ərzində 200-dən artıq rayon sakini bu humanist
aksiyaya qoşulub. Qan verənlər arasında tibb
işçiləri, RİH, rayon polis şöbəsinin, eləcə
də digər təşkilatların nümayəndələri
vardı. Onlar qan vermək üçün böyük həvəslə
növbəyə dururdular.
Qanın toplanması
işini B.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və
Transfuziologiya İnstitutunun əməkdaşları yerinə
yetirirdilər.
Söhbət etdiyimiz
rayon sakinləri aksiyanın çox vacib bir iş olduğunu
və bu işdə böyük məmnuniyyətlə
iştirak etdiklərini bildirdilər.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 19
iyul.- S. 3.