"Çörək ağacı" - limon

 

Bağlar diyarı Ordubadın özünəməxsus gözəllikləri var. Bu gözəlliklər ilk növbədə onun təbii relyefi ilə bağlıdır. Uca dağlar, dərin dərələr, geniş ormanlar Zəngəzur dağ silsiləsinin cənub-qərb yamacları da bölgənin payına düşüb.

Uca dağ silsilələrindən Araza axan Gilənçay, Məsqətçay,Vənəndçay, Ordubadçay bu əsrarəngiz gözəllikləri daha da artırır. Rayon ərazisində mövcud olan 1 şəhər, 3 qəsəbə və 43 kənd yaşayış məskəninin demək olar ki, əksəriyyəti də bu çayların ətrafında yerləşir.

Ordubad torpağı həm də özünün dadlı-tamlı meyvələri ilə qədimdən tanınıb. Hələ XVI əsrdə etnoqraf-tarixçi İ.İ.Şopen əla meyvələri - əriyi, üzümü, şaftalısı, albuxarası, heyvası ilə tanınan bu diyar haqqında yazıb: "Dağlarla əhatə olunan Ordubad al-əlvandır, sağlam iqlimə malikdir. Su cəhətdən də boldur". O bu diyarı mübaliğəsiz, bütün Qafqazın ən şairanə, dilbər guşələrindən biri hesab edib. Xalqımızın ümümmilli lideri Heydər Əliyev isə ana təbiətin bu dilbər guşəsini "Azərbaycanın incisi"adlandırıb.

Sovet dönəmində Ordubad respublikanın ən iri meyvəçilik rayonlarından olub. İlkin mərhələdə illik istehsal gücü 400 min şərti banka olan Ordubad konserv zavodu istifadəyə verilib. Ötən əsrin 80-ci illərinin ortalarında burada məhsul istehsalının həcmi 40 milyon ədəd şərti bankaya çatdırılıb. Bu dövrdə müəssisədə 20 adda müxtəlif konserv məhsulları - qoz, qızılgül, qovun, ərik, gilənar, tut mürəbbələri, cem, şirələr, ərik və şaftalı kampotları və s. buraxılıb. Onlardan səkkizi keyfiyyət nişanı alıb. Emal olunan məhsullar keçmiş İttifaqın onlarca ünvanına yola salınıb.

Ordubad qədimdən həm də öz ipəyi ilə məşhur olub. Tarixi mənbələrə görə, XVI əsrin ikinci yarısından Venesiya, Marsel, Amsterdam və digər Avropa şəhərlərinə ipək ixrac edilib. XIX əsrin 80-ci iillərində burada Avropa tipli baramaaçan fabriklər istifadəyə verilib və onlar kustar ipək sexləri bazasında fəaliyyətə başlayıb. 1929-cu ildə isə həmin sexlər, artellər birləşdirilərək fabrik kimi fəaliyyət göstərib. Daha sonralar fabrikdə yenidənqurma işləri aparılmış, müəssisə kombinat kimi fəaliyyət göstərmişdir. Keçən əsrin 80-ci illərinin ortalarından hər il bu müəssisədə 105-108 ton ipək sapı, 1200-1300 metr ipək parca istehsal olunmuşdur. İqtisadi əlaqələr kəsiləndən sonra müəssisə fəaliyyətini dayandırıb.

Bağlar diyarı Ordubadda adamların dolanışığı müxtəlif sahələrdən olub. İqtisadiyyatın hansı sahəsində uğurlar qazanıbsa, o sahənin inkişafına xüsusi maraq göstəriblər. Bu ənənə indi də yaşayır. Götürək Ordubadçayın sahilində yerləşən Yuxarı və Aşağı Əndəmiç kəndlərini. Rayon mərkəzindən dörd-beş km aralıda yerləşən bu kəndlərdə 2 min nəfərə yaxın adam yaşayır. Başlıca məşğuliyyət limon yetişdirilməsi ilə bağlıdır.

Kəndin sakinləri quru və kontinental iqlim şəraitində yüksək məhsuldarlığa nail ola biliblər. Nəticədə limonculuq ən gəlirli sahəyə çevrilib, hətta heyvandarlığı da üstələyib.
Burada limonlar dibçəklərdə və istixanalarda yetişdirilir. Qış mövsümündə onu açıq havada saxlamaq mümkün deyil. Təcrübəli təsərrüfatçı, təqaüdçü müəllim Mənsur İbrahimov deyir ki, ömrünün 60 ilini bu sahəyə həsr edib. Hazırda təsərrüfatda 22 limon ağacı var. Dibçəkdə becərilən limon ağacları da az deyil. Ağaclara yaxşı qulluq ediləndə yaxşı inkişaf edir. Elə ağaclar var ki, hündürlüyü 3 metrə çatır.

Mənsur İbrahimov deyir ki, ailə ayda orta hesabla bu sahədən 400-450 manat gəlir götürür. Bu da onların normal yaşayışını təmin edir. Nəvələri Salman, Rəna, Rövşən və Orxan da onun yaxın köməkçilərinə çevriliblər.

Limon olduqca məhsuldar bitkidir. Yaxşı becərildikdə torpağa əkilən bir ağacdan il ərzində 220-250 ədəd limon götürmək olur. Bu şərtlə ki, gərək aqrotexniki tədbirləri vaxtında həyata keçirəsən. Məsələn, yay mövsümündə dibçəklərdə beçərilən ağaclara gündə iki dəfə su verəsən. Səhər tezdən gün çıxmamış və axşam gün batandan sonra. Bitkiləri üzvi və mineral gübrələrlə qidalandırmağın da norması var. Əks halda, yüksək məhsuldarlıqdan danışmaq əbəsdir. Yaxşı yetişdirilən bir limonun çəkisi 400-450 qrama çatır.

Aşağı Əndəmiç kəndində yaşayan Zakir Rüstəmov istixana və dibçəkdə yüzə yaxın limon ağacı becərir. Təcrübəli təsərrüfatçı bildirir ki, yerli şəraitdə limon ilin hər fəslində çiçək açır. Barın hasilə gəlməsi isə təxminən 10-11 ay çəkir. Dəriləndən sonra on-on beş gün keyfiyyətini itirmir. Qışın sərt şaxtalarında bu bitkini qoruyub saxlamaq heç də asan deyil. Əvvəla, istilikxanada müsbət 4-10 dərəcə arasında daim istilik olmalıdır. Digər tərəfdən, istilikxana axşamlar elektrik lampaları ilə işıqlandırılmalıdır. Yoxsa, 3 dərəcə şaxtada limon ağacları tamam məhv olar.

Demək olar ki, Əndəmiçdə hər bir ailə limonçuluqla məşğul olur. Bu qoşa kənddə 25-30 ailənin şəxsi istilikxanaları var. Dibcəkdə məhsul yetişdirməklə yaxşı qazanc əldə edənlər də az deyil.

Manaf İbrahimovun, Nəriman Məmmədovun, Fəxrəddin Mehdiyevin, Qüdrət Fərəcovun da şəxsi təsərrüfatlarında xeyli sayda limon ağacları vardır. Gənc ailələr də indi bu sahəyə böyük maraq göstərirlər. O ki, qaldı yetişdirilən məhsulun alıcısına, bu sahədə narahatçılıq yoxdur. Yeri gəlmişkən, burada yetişdirilən limonun dəyəri digər yerlərlə müqayisədə xeyli bahadır. Lakin alıcısı həmişə var. Daha çox hallarda yetişdirilən, məhsul uzaq ünvanlara - ölkəmizin paytaxtına, Rusiyanın mərkəzi şəhərlərinə aparılır. Yerli istehsalçılar qiymətdə bahalığı keyfiyyətlə əlaqələndirirlər. Onların fikrincə, Ordubad torpağında yetişdirilən digər meyvələr kimi, limon da özgə keyfiyyətə, dada-tama malikdir, tərkibi qələvi elementləri və bir çox vitaminlərlə daha zəngindir.

Tibb elmləri namizədi, Naxçıvan Kardioloji Dispanserinin baş həkimi Alı Əliyev deyir ki, indiyədək tibb elminə 500-dən çox virus məlum olub ki, onların 45-nə limonun təsir gücü var. O cümlədən, xərcəng virusuna qarşı. Bu səbəbdən də limon şirəsi virusa qarşı mübarizədə ən yaxşı vasitə hesab olunur. Ondan ateroskleroz, hipertoniya, böyrək, mədə-bağırsaq, ürək-damar, qaraciyər və sair xəstəliklərin müalicəsində də səmərəli istifadə edilir. Bir vaxtlar əfsanəvi hindli yoqlar da sağlamlığın qorunmasında limonu universal vasitə saymışlar.

Limon tinglərini artırmaq üçün istər dibçəkdə, istərsə də torpaqda əkilən ağaclar kifayətdir. Adətən, bu tədbir may-iyun aylarında həyata keçirilir. Cavan və yaxşı inkişaf etmiş budaqların hər birindən bir ting almaq olur. Budağın qabığı 1 santimetr enində dairəvi soyulur, ortası və yan tərəfı kəsilmiş dəmir və ya saxsı qab budağın soyulan hissəsinə bərkidilir, altı pambıq parça ilə möhkəm sarınır. Qab içərisinə peyin qatılmış torpaq töküldükdən sonra su ilə doldurulur. Ertəsi gündən etibarən hər səhər onun dibinə azacıq su tökülür. Təxminən iki ay müddətində həmin qabın içərisi kök rişələri ilə dolur. Payız mövsümündə budaq kəsilərək yerə və ya dibçəyə əkilir. Yaxşı halda dibçəkdə yetişdirilən ağacdan ildə 40-50 limon dərilir.

Bir sözlə, qiymətli sitrus bitkisi olan limon Ordubad rayonunun Yuxarı və Aşağı Əndəmiç kəndlərində neçə-neçə ailənin "çörək ağacına" çevrilib.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 19 iyul.- S. 4.