Zəif mahnı mətnləri, yaxud da sözü qiymətdən salanlar

 

Musiqidən, sənətdən, poeziyadan xəbərdar olanlar bilirlər ki, hər nəğmənin uzun ömürlü olması həm də sözlərdən asılıdır. Həqiqətən də musiqi nə qədər gözəl, qəlbə yatan, məlahətli olsa da, əgər sözlər zəif və bəsitdirsə, mahnı nəinki xiridarlar, sadə dinləyicilər tərəfindən də qəbul edilmir. Bu halda musiqinin də köməyi olmur. Adətən, belə nəğmələr heç vaxt yadda qalmır, tez unudulur. Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycan bəstəkarları bir-birindən maraqlı, məlahətli mahnılar yazdılar. Musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutan görkəmli bəstəkarlar seçdikləri sözün mənasına, bədii dəyərinə, mənəvi yükünə, ən başlıcası da müəllifinə xüsusi fikir verirdilər.

Doğrudur, sovet dövründə yaranan mahnıların ayrıca tematikası var idi. Partiya, sovet həyat tərzi - mütləq bu nəğmələrdə tərənnüm olunurdu. Xüsusilə də əmək qəhrəmanlarına müxtəlif mahnılar həsr edilirdi. Etiraf edək ki, bu mahnıların özündə də bədii məzmun, təsirli musiqi, yadda qalan sözlər çox poetik olurdu. Əmək qəhrəmanlarının şəninə qoşulan nəğmələrin ahəngindəki coşqunluq, şux musiqi eşidənə xoş gəlirdi. Məsələn, Səid Rüstəmovun Zeynal Cabbarzadənin sözlərinə yazdığı "Sürəyya" mahnısını götürək. Bəllidir ki, bu mahnı Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıqçı Sürəyya Kərimovaya həsr edilib. Həm musiqisi, həm də sözləri o qədər bitkin və xoşdur ki, hələ də unudulmayıb.

Mahnıda əməyin tərənnümü, tarlalarda zəhmət çəkən insanların qiymətləndirilməsi təbii və səmimi alınıb. Eləcə də vətən, partiya, vətənpərvərlik haqqında yazılan mahnıların da ahəngində özünəməxsus təsirli, yaddaqalan məqamlar var. Azərbaycan haqqında bəlkə yüzlərlə mahnı qoşulub. Sovet dövründə Qəmbər Hüseynlinin, Səid Rüstəmovun, Emin Sabitoğlunun, Nəriman Məmmədovun, Tamilla Məmmədzadənin, Ələkbər Tağıyevin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Bəxtiyar Kərimovun və digərlərinin bəstələdiyi mahnılarda Azərbaycanın şərəfinə, qüdrətinə ən gözəl sözlər deyilib, musiqilər bəstələnib. Fərəhlidir ki, həmin mahnıların əksəriyyəti indi də repertuardan düşmür, sevilə-sevilə ifa edilir. Məsələn, Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısını bu gün də eşidəndə adamın varlığından qəribə bir gizilti keçir. O səsin ahəngindən qopan "Ey əziz anam, Azərbaycan, sənə bağlıyam..." harayı hər kəsin gözləri qarşısında ana yurdun dağlarını, çinarlarını, çöllərini, düzlərini, bir sözlə, gözəlliklər məskənini yaradır. Əsl mahnının zamanı olmur. O, ancaq doğulur və yaşayır. Belə olmasaydı, Ramiz Mirişlinin Məmməd Arazın sözlərinə yazdığı "Azərbaycan, dünyam mənim" mahnısını dəfələrlə eşitməkdən zövq almazdıq. Sovet dövründəki təzyiqlərə, diktələrə baxmayaraq, yaranan mahnılarda yurdumuzun bədii xəritəsi çox gözəl çəkilib:

 

Qayalıqda bitən çiçək,

Çiçəklikdə bir qaya tək

Ulduzlara səs düşəcək,

Azərbaycan, dünyam mənim.

 

Mahnının yaranışında və təbliğində üç şəxsin mühüm rolu var: şair, bəstəkar və onun ifaçısı. Elə mahnılar olur ki, müğənni ona məhz öz möhürünü vurur. Bir başqası həmin mahnını o zirvədə ifa edə bilməyəcəyindən çəkinərək yaxın düşmür. Bu münasibətin özü də təqdirəlayiqdir. Məsələn, böyük Bülbülün nəfəsindən qopan "Sənsiz" və "Ölkəm" romansları. Bu gün də heç bir ifaçı həmin romansları Bülbül ucalığında ifa edə bilmədi. Belə müğənnilərimiz çoxdur. Onların yaradıcılığında şah ifalar var. Unudulmaz Rübabə Muradova, Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Şövkət Ələkbərova, Sara Qədimova, Rəşid Behbudov, Mirzə Babayev, Oqtay Ağayev kimi onlarca məşhur ifaçılarımız olub ki, adları çəkilən kimi bu gün də unudulmayan mahnıları yada düşür.

İstər bəstəkar, istərsə də müğənnilər həmişə mahnı yaradıcılığına və ifaçılığına məsuliyyətlə yanaşıblar. Biz haqq dünyasına qovuşmuş məşhur bəstəkarların müraciət etdiyi şairlərin adlarına fikir verəndə dərhal anlaşılır ki, niyə onların həyat verdikləri mahnılar bu qədər sevilib, uzunömürlü olub. Çünki sözlərinə musiqi qoşulan şairlərin hamısı poeziyada özünü təsdiqləmiş, sözün qədrini bilən, onu uca tutan qələm sahibləri olub. Məsələn, Səməd Vurğun, Mikayıl Müşfiq, İslam Səfərli, Nəbi Xəzri, Tofiq Mütəllibov, Mirvarid Dilbazi, Rəsul Rza, Cabir Novruz, Süleyman Rüstəm, Zivər Ağayeva, Zeynal Cabbarzadə, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Mədinə Gülgün, Nigar Rəfibəyli... Əlbəttə, siyahını çox uzatmaq olar. Dediyimiz odur ki, bu şəxsiyyətlərin hər biri mahnı ifaçılığına ciddi yanaşıblar. Bu səbəbdən də onların qələmindən qopan misralar musiqi libasına bürünərək yeni ömür fəth edib. İndi də həmin mahnılar səslənəndə insan bir nostalgiya keçirir. Əslində bütün bu məşhur simaların nəfəsindən yadigar qalan ifalar retro mahnılar səviyyəsinə yüksəlib.

Sovet dövründə, həqiqətən, hər kəsin mahnı bəstələmək hüququ yox idi. Bu işi mütləq peşəkar bəstəkar görməli idi. Halbuki o dövrdə elə müğənnilər, müxtəlif musiqi alətində çalan sənətkarlar, həvəskar bəstəkarlar olub ki, istedadlarının gücünə çox gözəl mahnılar yaradıblar. İfa da edilib, amma heç vaxt bəstəkar kimi adları çəkilməyib. Müstəqilliyimizi qazandıqdan sonra bilinib ki, hansısa bir məşhur mahnının musiqisini Şahid Əbdülkərimov, yaxud Bəhram Nəsibov yazıb, Zeynəb Xanlarova özü bəstələyib. Xalq mahnısı kimi qəbul etdiyimiz neçə nəğmə, təsnif var. Çox sonradan məlum olub ki, onların musiqi yozumunu məşhur xanəndələr - İslam Rzayev, Əlibaba MəmmədovE verib. Xalq artisti, görkəmli muğam ustadı Arif Babayevin məlahətlə ifa etdiyi onlarla mahnının adını çəkmək mümkündür ki, musiqisini özü bəstələyib. Məsələn, Rəfiq Zəka Xəndanın sözlərinə yazdığı bir mahnıya fikir verək:

 

Eşqin göylərində uçan bir quşam,

O şən baxışlara heyran olmuşam.

Ey dilsiz qəlbimi ovlayan gözəl,

Səni küsdürmüşəm, peşman olmuşam.

 

Rəhmətlik Rübabə Muradovanın nisgillə oxuduğu "Dəşti" təsnifi çox məşhur idi. Amma heç kəsin ağlına gəlmirdi ki, öz avazında, ahəngində, ürəyindən gələn musiqidə təqdim etdiyi bu mahnının yaradıcısı özüdür.

 

Gözəlim, ürəkdən bağlıyam sənə,

Əziyyət verərmi sevən sevənə.

 

Belə nümunələrin sayı çoxdur. Təəssüflər ki, bu cür gözəl ənənəsi olan mahnı janrının indiki vəziyyəti çox acınacaqlıdır. Əlbəttə, yeni mahnılar səslənir, amma əvvəlki effekti vermir.

Sanki yaşıl bir çəmənliyi yad məmləkətlərdən gətirilmiş çayırlarla, tikanlarla doldurublar. Bu solğunluqdan, yoruculuqdan, mənasızlıqdan bezirsən. Elə ki, qarışıq səslərin, gurultuların içində "köhnə" mahnılardan eşidirsən, əhvalın düzəlir. Ən dəhşətlisi də odur ki, təkcə qeyri-peşəkarlar deyil, tanınmış bəstəkarların bəziləri də, bəsit mətnlərə, məntiqsiz söz yığınına müraciət edir, musiqi bəstələyir, zorla dinləyiciyə sırıyırlar. Mahnı janrının yaranmasındakı ənənələr də, demək olar ki, pozulub. Birdən-birə müəyyən insanlara sanki "istedad" bəxş edilib.

Özü yazır, bəstələyir və oxuyur. İctimai və şəhərlərarası nəqliyyatda, yolda-izdə, evlərə iznsiz daxil olan televiziya ekranlarında, konsert salonlarında, toylarda, mərasimlərdə, daha haralarda nələr eşitmirsən?! Bəzən də mahnı adı ilə təqdim olunan söz yığınındakı qarğışlar adamı dəhşətə gətirir: "Səni öləsən, qayınana", "Evin yıxılsın, ay qız", "Azara düşəsən", "Mənsiz öləsən" və s. Bir vaxt ara mahnıları kimi epitetlənən, ekrana, efirə buraxılmayan bəsit mətnlər də var ki, indi yağışdan sonra cücərmiş göbələklər kimi hər yeri başına götürüb. "Min bir mahnı" adlı bir kitab tez-tez nəşr olunur. Burada xalq və bəstəkar mahnıları toplanıb. Əlbəttə, Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət etmək baxımından belə kitabların nəşri təqdirəlayiqdir. Elə naşirlərin də fikri budur ki, həm təzə, həm də retro mahnılar unudulmasın, oxucuya çatsın. Kitabı vərəqlədikcə qulağımıza gələn cılız səslərin ahəngində eşidilən söz yığını istər-istəməz bir sual doğurur: sözün evini nə qədər laqeydliklə yıxmaq mümkünmüş? Sözü nə qədər dəyərdən salmağa səy göstərərlər? Maşallah, müğənnilər o qədər istedadlaşıblar ki, hər işi yalnız özləri görürlər. Nə şairə, nə bəstəkara əziyyət verirlər. Müğənni Nadir Bayramlının repertuarından verilən "Aşiq olmuşam" mahnısını yada salaq. Burada dəfələrlə deyilmiş, çürüyü çıxarılmış, suyu süzülmüş ifadələr şit və bezikdiricidir:

 

Qara gözlərinə aşiq olmuşam,

Şirin sözlərinə aşiq olmuşam.

Aşiq olmuşam, aşiq olmuşam,

Şirin sözlərinə aşiq olmuşam.

 

Tənqidçi Arif Əmrahoğlu demişkən, indi bu müəllifə nə cür başa salasan ki, yazdıqların qara qəpiyə dəyməz. Belə də mahnı olar?! Nə demək istəyirsən? Yaxud da Vəliağa Tağıyevin repertuarından. Yenə də eyni deyim, eyni vəziyyət:

 

Aşiq olmuşam ala gözünə,

Heyran olmuşam şirin sözünə.

Zabitə Məmmədovaya məxsus mahnıdan:

Yolumuz beləcə açılır illərə,

Eşqimiz nur kimi səpilir ellərə.

 

İllərə qafiyə xatirinə elləri tapan müəllif, görəsən, eşqini necə səpir bu aləmə? Axı mahnı da hansısa bir mənanı, məzmunu ifa etməli, dinləyicidə xoş ovqat yaratmalıdır. Daha tapmaca xarakteri daşımalı deyil ki?!

Toylar "kralı" (?) Səməd Səmədovun repertuarından:

 

Bakının hər yeri məni səsləyir,

Bakının hər tini məni gözləyir.

Bakıda hər oğlan məni istəyir, (?)

Bakıdır məskənim, Bakıda qalasıyam.

 

Belə yerdə deyərlər ki, ay qardaş, o tin, o da səni istəyənlər. Bəsdir Azərbaycan musiqisini ağlar günə qoyduğun.

 

Xalq artisti Aygün Kazımovanın repertuarından:

Bizim qızlar, hörükləri uzun qızlar,

Bizim qızlar, hörükləri burma-burma,

Bizim qızlar, hörükləri əsir qızlar.

Bir başqa mahnısında xanım yenə də oxuyur:

Sənsizliyim sabahıma bir sirdaş mənim,

Sənsizliyin gözlərimdə bir təlaş mənim.

Sənsizliyim ümidimə bir yoldaş mənim,

Qoy işığı söndürüm.

 

Sözləri və musiqisi bəlli olmayan bu mənasız mətnlərin mahnıya çevrilməsində məqsəd nədir? Bu ifa nəyi təlqin edir? Belə yerdə "Ac həriflər" tamaşasındakı bir personajın laqeydcəsinə dediyi məşhur ifadə: "Ə, noolsun!" yada düşür.

Başqa bir müğənninin - Əlikram Baryamovun repertuarından:

 

Səndən mənə nə qaldı,

Evimin soyuq daşı.

 

Vallah, adamı vahimə basır. Adətən, soyuq daş qəbirdə olar. Soyuq divarlar deyərlər, soyuq ev də olar. Amma soyuq daş...

Süni sızıltılar, ahlar, oflar doldurulmuş mətnlər adamı təngə gətirir. Az qala musiqidən də mahnıdan da üz döndərib bu mühitdən getmək istəyirsən.

Bir çox bəstəkar mahnılarının gözəl ifaçısı olan Brilyant Dadaşovanın "Maç- maç. Quc-quc" adlanan mahnısı da olduqca şit və bayağıdır. Dəfələrlə bu haqda deyilsə də, ifa davam etməkdədir. Nə uşaq mahnısıdır, nə böyüklər üçün yararlıdır. Əttökəndir:

 

Daşa-divarlara sarılmışam,

Maç-maç, quc-quc, darıxmışam.

Yalvarmaqdan yorulmuşam,

Maç-maç, quc-quc, darıxmışam.

 

Əslində zövqlü insanlar da məhz belə şit mahnıları eşitməkdən təngə gəliblər. Brilyant Dadaşovanın vaxtilə oxuduğu gözəl mahnılar üçün darıxıblar. Doğrudan da, şeir yazmaq, musiqi bəstələmək asan olsaydı, korifey sənətkarların özləri bu işi görərdilər! Nə şairə, nə də bəstəkara müraciət etməzdilər! Müstəqillik anarxiya deyil, hər bir azad fikir özü də müəyyən məntiqə söykənir.

"Ay qız, keçmə bizim məhlədən" hədəsi ilə musiqi aləminə gələn Ədalət Şükürov da həmkarları kimi "istedadlılar" cərgəsinə mənsubdur. Necə deyərlər, özü yazır, özü bəstələyir, özü də oxuyur:

 

Məni atdın oda sən,

Eşqi verdin bada sən,

Sevdim səni, nə fayda.

 

Sevgisindən fayda görməyən bu biçarələrə əsl söz sahibləri, nəhayət, başa salmalıdırlar ki, bəlkə bir "yetər" deyəsiniz. Səsiniz varsa, oxumağa gücünüz yetərsə, o qədər peşəkar bəstəkar, şair var ki, onlara müraciət edin. Hər bir müğənninin repertuar mədəniyyəti olmalıdır. Oxuduğun mahnının sözlərinə mütləq fikir verməlisən. Ağzına gələni oxumaq təkcə tamaşaçıya deyil, həm də qədim və şərəfli tarixi olan milli musiqiyə hörmətsizlikdir. biganəlikdir.

Şairliklə məşğul olan bəstəkarlar da var. Özü yazır, özü bəstələyir. Bunların ən bariz "nümunəsini" Xanım İsmayılqızı göstərir. Öz sözlərinə özü də musiqi yazır, başqaları da. İş burasındadır ki, bu sözlərin şeiriyyətə dəxli olmur, poeziyadan çox uzaqdır, adi, quru cümlələrdir. Məsələn: Nadir Əzimovun musiqi bəstələdiyi "Darıxdım" mahnısı.

 

Yadıma düşür yenə

Bizim son görüşümüz.

Sevirəm dedim sənə,

Şahid oldu gecəmiz.

Dünyanın qucağında

Gecə layla çalardı.

Sevginin ocağında

Məhəbbət ucalardı.

 

Vallah, şeir belə olmur axı! Bəlkə orta məktəbin ədəbiyyat dərsliyinə bir nəzər salasınız, ədəbi janrların növlərini gözdən keçirəsiniz. Ən azından əsl şairlərin əsərlərini diqqətlə oxuyasınız. Sözləri yan-yana düzmək, yaxud da şeir formasında kupletləşdirmək hələ şeir yazmaq demək deyil.

Müəllifin "Darıxarsan mənsiz" adlı şeirinə özünün bəstələdiyi mahnıdan:

 

Səni birdən unudaram,

Yenə özümə qayıdaram,

Sənsizliyi ovudaram,

Uçub gedər məhəbbətimiz,

Darıxarsan, bilirəm mənsiz.

Başqa bir mahnısında isə belə deyir:

Sənə ömür verdim, (Nazən-billah, ömrü Allah verər - F.X.)

 

Sənə könül verdim,

Sənə sevgi verdim,

Özüm sevgi yolçusuyam.

Başqa bir mahnısında:

Sevgimiz dənizə, gecəyə qonub,

Sevgimiz bizimlə birgə doğulub,

Görənlər soruşur, sizə nə olub,

Sevgimizi qoruyub yaşayaq.

Xanım İsmayılqızının "Sevirəm" adlı mahnısından:

Sevirəm, çırpınır ürək,

Sevginin qədrini bilək.

Sevirəm, sevgimizi qoruyaq gərək,

Hər bir yaşda sevmək olar.

Sevənin öz dünyası var.

 

Doğrudanmı, bunlar şeir nümunələridir?! Belə məntiqsiz söz yığınını oxuyanda fikirləşirsən ki, ömrünü söz uğrunda girov qoymuş, fədakarcasına yaşayıb yaratmış, sözü bütün varidatlardan ucada tutmuş, ona məhəbbətlə yanaşmış, şah əsərlər yaratmış neçə dahinin goruna od düşür. Füzuli tərifli sözün anasını bu şəkildə ağlatmaq yerə-göyə sığmır. Nə vaxta qədər sözə olan səlib yürüşü belə amansızlıqla davam edəcək? Bu gün Azərbaycanın söz məkanında, mahnı aləmində amansız bir işğal var. Peşəkarlar susduqca, insanlar abrına qısıldıqca meydan qeyri-peşəkarlara, ədəb-ərkandan uzaq olan bir qrupa verilir. Televiziyanı açırsan onlar, toylara gedirsən eyni ahəng, bütün mərasimlər, tədbirlər bir biçimdə! Son nə vaxt gələcək? Nə vaxta qədər ekran və efirlərdən Nadir Qafarzadə kimi müğənnilərin "Qız şokolad kimisən, marmelad kimisən..." şit, duzsuz səsi eşidiləcək.

Bəstəkar, əməkdar incəsənət xadimi Eldar Mansurov söyləyir ki, mahnı janrı sahəsində olan problemlərin aradan qaldırılması, qüsur və nöqsanların ləğv edilməsi üçün mütləq Mədəniyyət və Turizm Nazirliyində, eləcə də Bəstəkarlar İttifaqında bədii şura yaradılmalıdır. Heç bu da çıxış yolu deyil. Hər bir telekanalın öz rəhbərliyi bu barədə ciddi düşünməli və əncam çəkməlidir. Bu faktdır ki, hazırda özəl telekanallar mahnı janrını yaman günə qoyan bəzi "ifaçı" və "bəstəkarların" sayəsində bərbad günə qalıb. Əslində varlanıb. Bəziləri hətta bədii şuraların əleyhinə çıxırlar. Çünki onlar yaxşı bilirlər ki, bu gün telekanalların musiqi redaksiyalarında musiqidən xəbəri olmayanlar çalışırlar. Bu səbəbdən də şit, bayağı, məzmunsuz sözlərlə dolu mahnılar efir məkanını başına götürüb.

Vaxtilə Üzeyir Hacıbəyov bildirirdi ki, mahnını təhrif etmək günahdır. Görəsən, bu gün dahi bəstəkar Azərbaycanda mahnı janrının necə acınacaqlı vəziyyətdə olduğunu görsəydi, nə söylərdi?!

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi həm də milli mədəniyyətin keşiyini çəkən, onun daha da zənginləşməsinə, inkişaf etməsinə çalışan mötəbər dövlət qurumudur. Bu nazirliyin son beş ildə gördüyü təqdirəlayiq işlər hər kəsi sevindirir. Çox istərdik ki, milli musiqinin əsas qollarından olan mahnı yaradıcılığına da nazirlik öz münasibətini bildirsin. Bəlkə bundan sonra musiqi meydanlarını başına alan bayağılığa son qoyula. Mahnı janrının həm ənənələrə, həm də müasirliyə söykənməsi üçün mütləq əsl sənət xiridarları bir araya gəlməli, musiqimizin, sözümüzün qəniminə çevrilmiş bu özbaşınalığa son qoyulmalıdır!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 19 iyul.- S. 5.