Goranboy rayonunda arxeolojı qazıntılar davam edır
AMEA Gəncə arxeoloji ekspedisiyasının Goranboy rayonunun Rəhimli kəndində apardığı arxeoloji qazıntılar zamanı III-XIII əsrlərə aid Ştur qalasının qalıqları tapılmışdır.
Tarixi mənbələrdə adı Şətər kimi də çəkilən bu şəhər Bərdə-Gəncə-Tiflis karvan yolunun üstündə yerləşirdi. Qala haqqında Nizami Gəncəvi, Yaqut Həməvi, Həmdullah Qəzvini və başqaları məlumat vermişlər.
Arxeoloji qazıntı zamanı ərazidən boşqab, cam, çaydan, qazan, küp, XIII və XIV əsrlərə aid duzqabıları, muncuqlar, qolbaqlar və s. əşyalar tapılmışdır. Atabəylər, Hulakülər və Cəlalirilər dövrünə aid pulların aşkar edilməsi buranın vaxtilə ticarət mərkəzlərindən biri olduğunu təsdiqləyir.
Kərpic kürələrə, əridilmiş metal nümunələrinə, saxsı istehsalında istifadə olunan vasitələrə rast gəlinməsi burada geniş istehsal sahələrinin olduğundan xəbər verir.
Ştur qalası 1231-ci ildə monqolların Gəncəyə hücumu zamanı tamamilə yandırılmışdır. İndinin özündə də həmin hadisənin izləri bu ərazidə qalmaqdadır. Qaladan 20 kilometr Şərqdə Gürzalılar kəndinin yaxınlığında monqolların hərbi düşərgələrinin yerləşdiyi ehtimal olunan ərazi də aşkar edilmişdir. Yaxın vaxtlarda bu ərazidə də qazıntılar aparılacaqdır.
Qazıntılar başa çatdıqdan sonra həm hərbi düşərgə, həm də qala turizm marşrutuna daxil ediləcəkdir.
Azərbaycan. - 2009.- 19 iyul.- S. 6.