Həm müalicə olunur, həm də istirahət edirlər

 

Aparılan uğurlu islahatlar öz bəhrəsini verdikcə ölkəmizdə həyatın müxtəlif sahələrinə, o cümlədən də insanların sağlamlığına xidmət edən müalicə ocaqlarının, pansionatların beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla təmin olunmasına da xüsusi diqqət yetirilir. Belə müəssisələrdən biri Əzizbəyov rayonun Şağan qəsəbəsində yerləşən müharibə əlilləri üçün müalicə pansionatıdır. O, sanatoriya tiplidir. Tikintisinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə başlanıb və 2003-cü ilin may ayında istifadəyə verilib.

Burada müalicə olunan Böyük Vətən müharibəsi, Qarabağ, Çernobıl əlillərinə, şəhid ailələrinin üzvlərinə həmişə qayğı ilə yanaşılır.

ABŞ Dövlət Departamentindən, Ukrayna Sosial Siyasət Nazirliyindən, Yaponiyadan və digər xarici ölkələrdən gələn qonaqlar belə bir pansionat-sanatoriyanın əlillər üçün unikal müalicə müəssisəsi olduğunu bildirmişlər. Amerika Dövlət Departamentinin Marşal institutu pansionatın nümunəvi işinə sertifikat da vermişdir

Pansionatın baş həkimi Arif Məmmədov rəhbərlik etdiyi bu müalicə ocağı barədə məlumat verərək bildirdi ki, pansionat 4 hektarlıq ərazidə inşa olunub. 250 çarpayılıq dördmərtəbəli binada stasionar, diaqnostika, fizioterapiya şöbələri, mədəni-istirahət və təsərrüfat bölmələri var. Burada 150 nəfər - 15 həkim, 85 tibb bacısı, 50 nəfərdər ibarət inzibati və texniki işçi heyəti çalışır. Həkimlər və tibb bacıları işlədikləri ixtisaslar üzrə təkmilləşmə kurslarından keçiblər. Stasionar şöbə 1, 2, 3, 4 nəfərlik palatalardan ibarətdir.

Diaqnostika və müalicə şöbələri Yaponiya istehsalı olan tibbi avadanlıqlarla təchiz edilmişdir. Diaqnostika şöbəsində ultrasəslə müayinə, elektrokardioqrafiya, elektroensefaloqrafiya, reoqrafiya, spiroqrafiya, rentgen kabinetləri və laboratoriya fəaliyyət göstərir. Stomatoloji və ginekoloji kabinetlərdə müayinə və müalicə üçün hər cür şərait var. Fizioterapiya şöbəsi də Yaponiyadan gətirilən tibbi avadanlıqlarla təchiz olunmuşdur. Burada müalicəvi bədən tərbiyəsi və əmək terapiyası, parafinlə, naftalanla, vannalarla, infraqırmızı ultrabənövşəyi şüa aparatları və s. ilə müalicə aparılır. Bir sözlə, pansionata daxil olan hər kəs hərtərəfli müayinə və müalicə imkanına malikdir. Xəstənin vəziyyəti ilə əlaqədar digər ixtisaslı həkimlərə ehtiyac yaranarsa, onlar 26 saylı şəhər xəstəxanasında konsultasiyadan keçirlər.

Pansionatda orta hesabla ildə 2500 nəfərə xidmət göstərilir. Burada altı il müddətində 15 minə yaxın xəstə müalicə olunub. Onlardan 1320 nəfəri müharibə veteranı, 1260 nəfəri Böyük Vətən müharibəsi, 1690 nəfəri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə zamanı, 1700 nəfəri isə müxtəlif səbəbdən əlil olanlar, 520 nəfəri şəhid ailələrinin üzvləri olub. Pansionatın müasir durumu imkan verir ki, hər bir imtiyazlı əlil, veteran, şəhid ailəsi azı ildə bir dəfə burada müalicə olunub sağlamlığını bərpa edə bilsin.

Pansionat il boyu işləyir. Müalicə üçün müraciət edənlər çox olduğundan qəbul növbəlilik əsasında aparılır. Hər bir imtiyazlı şəxs müalicə müəssisəsinin göndərişini, imtiyazlı olmasını təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsini təqdim etməklə pansionata daxil ola bilər. Müalicə müddəti orta hesabla 20 gündür. Müalicə olunanlara gündə üç dəfə yemək verilir. Mədəni istirahət bölməsində 100 nəfərlik akt zalı, kitabxana var. Xəstələrin asudə vaxtlarının mənalı keçməsi üçün konsertlər verilir, videofilmlər göstərilir, ekskursiyalar, tanınmış şəxslərlə görüşlər təşkil edilir.

Müalicə xərcləri dövlət hesabınadır. Müalicəyə ölkəmizin müxtəlif bölgələrindən gəlirlər. Onlar yaradılan şəraitdən, xəstələrə göstərilən xoş münasibətdən, tibbi xidmətdən razılıq edirlər. Tovuz rayon sakini, Böyük Vətən müharibəsi iştirakçısı Nəbi Gözəlov bu barədə belə dedi:

- Mən ilk növbədə əvvəlcə ölkəmizi bəlalardan xilas edən, onu dünyanın sivil dövlətləri sırasına çıxaran, ümummilli lider Heydər Əliyevə minnətdarlıq edirəm. Bu gözəl şəraiti də bizə ulu öndər yaratmışdır. Müharibə əlilləri üçün heç yerdə analoqu olmayan pansionat tikdirmişdir. İndi burada xəstələrə lazımi tibbi xidmət göstərilir. Həkimlər, tibb bacıları onlara qayğı ilə yanaşırlar.

Pansionatın məişət şəraitindən də narahatlıq yoxdur. Ona görə də müalicə olunanlar xoş münasibəti görüb yenə bura gəlmək istəyirlər.

Pansionatda elmi-tədqiqat işləri də aparılır, konfranslar keçirilir, digər bərpa mərkəzləri ilə təcrübə mübadiləsi aparılır, xəstələrə təbabətin müxtəlif sahələri üzrə mühazirələr oxunur.

 

 

Eldar NƏSİBLİ

 

Azərbaycan.- 2009.- 19 iyul.- S. 6.