Qlobal iqlim dəyişikliyi problem olaraq qalır

 

Ötən həftə İtaliyanın Lakvilla şəhərində toplanan böyük səkkizliklərin zirvə toplantısında müzakirə olunan məsələlərdən biri iqlim dəyişkənliyinin törətdiyi fəsadlar idi. Böyük səkkizliyin məqsədi istiləşməni 2 dərəcə endirməkdir.

Elmi araşdırmaların nəticəsinə görə isə qlobal temperaturun 1 selsi dəyişməsi üçün 1000, 1200 il vaxt tələb olunur. Bəs buna necə nail olsunlar? Axı atmosferə atılan tullantılar, istixana qazlarından istifadə bir an belə azaldılmır. Hətta qlobal iqtisadi tənəzzüldən çıxış yolları tapılsa da, iqlim böhranı məsələsi öz ciddiyyətini qorumaqdadır. Toplantıda iştirak edən ölkələrin liderləri inkişaf etməkdə olan Avropa ölkələrini də iqlim dəyişkənliyi ilə mübarizəyə yardım etməyə, eləcə də karbon qazı tullantılarının azaldılmasına kömək etməyə çağırdılar.

Xatırladaq ki, bir neçə ildir mütəxəssislər iqlim dəyişməsindən və karbon qazlarından müntəzəm olaraq bəhs edir, dünyanın ən nüfuzlu beynəlxalq qurumları bu problemdən çıxış yolu axtarırlar. Lakin hələ də iqlim dəyişməsi problem olaraq qalmaqdadır. Yəni Yer kürəsi atmosferə atılan karbon qazının, elmi dildə desək, CO2 tullantılarının yaratdığı qlobal gərginliklə üz-üzədir. Aramsız yağıntılar, sunamilər, qitənin şimalında düşən istilər dünyada həm də sosial və iqtisadi itkilərlə müşahidə olunur.

Əslində dünyanın karbon qazına ehtiyacı var. Çünki planetimizdəki bütün canlıların həyatı bu rəngsiz və qoxusuz qazla sıx bağlıdır. Bu element dəniz sularının, bitkilərin, meşələrin, ağacların, bir sözlə, hər bir canlının tərkibində mövcuddur. Karbon qazının tərkibində 2 oksigen atomu və 1 karbon atomu var. Bitkilərin böyüməsində karbon qazı gərəkdir, onların böyüməsinə və inkişafına yardım edir. Sonra da o, bitkilərlə qidalanan canlılara keçir. Alimlər deyirlər ki, canlılar dəyişdikcə, yəni onlar ölüb torpağa gömüldükcə, bədənlərindəki karbon qazı da torpağa köçür. Onun bir hissəsi yerin dərinliklərində yığılıb qalır və milyon illər ərzində formalaşaraq kömürə, neftə və yaxud başqa yeraltı sərvətə çevrilir.

CO2 istiliyi özündə saxlamaq qabiliyyətindədir. Karbon qazı atmosferə düşdükdə onda güclü istiləşmə prosesi gedir. Yəni yeraltı sərvətlər də, anormal iqlim dəyişməsi də bu istilikdən yaranır. Mütəxəssislər bildirir ki, planetimizin mövcudluğu ərzində karbon qazının atmosferdə miqdarı cüzi olub. Sənaye inqilabı dövründə atmosferdəki hər milyon hissəcikdən yalnız 280-ni karbon qazının payına düşüb. Lakin o vaxtdan bəri atmosferdə karbon qazının miqdarı sürətlə artır. İndiki dövrdə mədən yanacağının istifadə edilməsi, meşələrin qırılması üzündən atmosferə düşən hər milyon hissəcikdən biri karbon qazının payına düşür. Proqnozlara görə, 20 ildən sonra bu rəqəm 450-yə çatacaq. Çünki atmosferə atılan toksik maddələrin həcmi hələ də yüksək olaraq qalır.

Bütün bunların nəticəsində yer üzündə orta temperatur sürətlə artır, aramsız yağışlar yağır, qasırğalar qopur, torpaq erroziyaya uğrayır və şoranlaşma gedir. Bir neçə gün öncə Türkiyənin Qara dəniz bölgəsi ətrafında güclü istidən dərhal sonra baş verən aramsız yağış və qasırğa sel daşqınına səbəb oldu, evlər suyun altında qaldı, ağaclar kökündən qopdu və insan təlafatı ilə nəticələndi. Təbii fəlakəti təhlil edən mütəxəssislər bu təbiət hadisəsini, yəni həddən artıq güclü istini və ardınca da baş verən yağışı, dağıdıcı qasırğanı okeanlarda baş verən iqlim hadisələri, buzların əriməsi və torpaqların şoranlaşması ilə bağlayırlar.

Alimlər bu yay da güclü istilərin olacağını, sərt küləklərin əsəcəyini və aramsız yağışların yağacağını bildirirlər. Təhlilçilər deyirlər ki, Amazoniya, Tayqa kimi iri meşələrin qırılmasının qarşısı alınarsa, karbon qazının udulması bir qədər artar, enerji balansı müəyyən qədər sabitləşər.

Bir çıxış yolu isə sənayeləşmənin alternativ enerji üzərində - məsələn, Günəş və külək enerjisindən, biokütlədən istifadə üzərində qurulmasıdır. Alimlərin fikrincə, pozulmuş ekoloji tarazlığı yalnız bu şəkildə bərpa etmək olar. Ötən həftə böyük səkkizliyin qlobal iqlim dəyişkənliyi ilə bağlı keçirdiyi müzakirələrdə bu məsələ də səsləndi. Belə düşünmək olar ki, növbəti toplantıda artıq bu problemin həllinin təklif olunan dəqiq konturları müəyyənləşə bilər. Yəni artıq sözdən işə keçməyin zamanıdır. Yoxsa yaxın 40-50 il ərzində temperatur daha 1 selsi də arta bilər ki, bu da dünyanı fəlakət qarşısında qoyar.

 

 

R.RZALI

 

Azərbaycan.- 2009.- 19 iyul.- S. 6.