Azərbaycan Prezidenti İlham Əliyev İsveç Krallığının xarici
işlər naziri Karl Bildti və
onun başçılıq
etdiyi Avropa İttifaqı "Üçlüyü"nün (Troyka) nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də
İsveç Krallığının xarici işlər naziri
Karl Bildti qəbul etmişdir.
Görüşdə
iki ölkə arasında münasibətlərin
inkişafından məmnunluq ifadə olundu, siyasi dialoqun
genişləndirilməsinin zəruriliyi, ikitərəfli əlaqələrin
daha da inkişaf etdirilməsi üçün geniş
imkanların olduğu vurğulandı. Azərbaycan-İsveç
ikitərəfli münasibətlərinin Avropa İttifaqı əməkdaşlığı
çərçivəsində genişləndirilməsi
baxımından vacibliyi bildirildi. İsveç
Krallığının xarici işlər nazirinin Azərbaycana
bu səfərinin iki ölkə arasında əlaqələrin
daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə
əminlik ifadə olundu.
Sonra isə Prezident
İlham Əliyev İsveç Krallığının xarici
işlər naziri Karl Bildtin başçılıq etdiyi
Avropa İttifaqı "Üçlüyü"nün
(Troyka) nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycanla Avropa İttifaqı
arasında əməkdaşlığın hazırkı səviyyəsindən
məmnun olduğunu deyən Prezident İlham Əliyev Şərq
tərəfdaşlığı proqramının bu əməkdaşlığın
daha da möhkəmlənməsinə xidmət edəcəyinə
əminliyini vurğuladı və eyni zamanda, Proqramın Azərbaycanın
Avropaya daha sıx inteqrasiyası üçün geniş
imkanlar yaratdığını bildirdi.
Avropaya inteqrasiya məsələsinin
ölkəmizin strateji məqsədlərindən biri
olduğunu deyərək, bu siyasətin 15 ildir uğurla davam
etdirildiyini vurğuladı. Dövlətimizin
başçısı Avropa İttifaqı
"Üçlüyü"nün nümayəndə heyətinin
ölkəmizə bu səfərinin əməkdaşlığa
dair bir çox məsələlər ətrafında fikir
mübadiləsi aparılması baxımından əhəmiyyətli
olduğunu söylədi.
Nümayəndə heyətinin
rəhbəri, İsveç Krallığının xarici
işlər naziri Karl Bildt Avropa İttifaqının Azərbaycanla
əməkdaşlığa maraqlı olduğunu bildirdi. Qonaq
təmsil etdiyi təşkilatla ölkəmiz arasında enerji,
terrorizmə qarşı mübarizə və digər sahələrdə
əməkdaşlığın yüksək səviyyədə
olduğunu və bu əməkdaşlığın daha da
genişləndirilməsinin vacibliyini vurğuladı. Karl Bildt
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə dair
aparılan danışıqlar prosesinin Avropa İttifaqı tərəfindən
yaxından izləndiyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyul.- S. 1.