Azərbaycan ilə Avropa
İttifaqı arasında
ikitərəfli məsələlər
müzakirə olunmuşdur
İyulun 20-də Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov İsveç
Krallığının xarici işlər naziri Karl Bildtin
başçılıq etdiyi Avropa İttifaqı
"Üçlüyü"nün (Troyka) nümayəndə
heyəti ilə görüşmüşdür.
Ölkəmizə səfərindən
məmnunluğunu bildirən qonaq Avropa İttifaqı (Aİ)
ilə Azərbaycan arasında əlaqələrin dinamik
inkişaf etdiyini və bunun müxtəlif sahələrdə
öz əksini tapdığını demişdir. K.Bildt
Aİ-nin regionda sabitliyin bərqərar olunmasında
maraqlı olduğunu və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə
dair ATƏT-in Minsk qrupu çərçivəsində
aparılan danışıqlar prosesini dəstəklədiyini
vurğulamışdır.
E.Məmmədyarov Avropa
Qonşuluq Siyasətinin ardınca Şərq tərəfdaşlığı
proqramını Azərbaycan ilə Aİ arasında
münasibətlərdə yeni mərhələ kimi qiymətləndirmiş,
bu layihə vasitəsilə əlaqələrin daha da intensivləşəcəyinə
və daha praktik nəticələrin əldə ediləcəyinə
ümidvar olduğunu demişdir.
Nazir Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan danışıqlar prosesi və
problemin həlli məsələsində ölkəmizin
mövqeyi barədə ətraflı məlumat vermişdir.
Görüşdə Xəzər
dənizi bölgəsindən
enerjidaşıyıcılarının Avropaya nəqli, azad
ticarət rejiminin tətbiqi, Dünya Ticarət Təşkilatına
Azərbaycanın qəbul edilməsinə Aİ tərəfindən
dəstək, viza rejiminin sadələşdirilməsi, təhsil,
demokratik islahatlar və digər qarşılıqlı maraq
doğuran məsələlər müzakirə olunmuşdur.
* * *
Görüşdən
sonra keçirilmiş birgə mətbuat konfransında
müzakirə olunan məsələlər haqqında məlumat
verilmişdir.
Nazir E.Məmmədyarov
bildirmişdir ki, görüşdə, əsasən, Şərq
tərəfdaşlığı proqramı çərçivəsində
əməkdaşlıq və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələlər müzakirə
edilmişdir.
Bundan əlavə, Azərbaycan
ilə Aİ arasında siyasi dialoq, iqtisadi inkişaf, enerji təhlükəsizliyi,
demokratiya və insan hüquqları sahələrində əməkdaşlığa
dair fikir mübadiləsi olmuşdur.
Karl isə demişdir
ki, Aİ "Üçlüyü"nün Azərbaycana səfərinin
əsas məqsədi ikitərəfli əməkdaşlığa
dair müzakirələr aparmaqdır. O
vurğulamışdır ki, görüşdə Azərbaycan
ilə Aİ arasında azad ticarət məsələləri
də diqqət mərkəzində olmuşdur. Çünki
burada azad ticarətlə bağlı sazişlər
üçün yeni imkanlar yaranmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyul.- S. 2.