Azərbaycan "Böyük 8-lər"in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir

 

Azərbaycan ABŞ, Rusiya və Fransa prezidentlərin "Böyük 8-lər"in İtaliyanın Akvil şəhərində keçirilmiş toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatını müsbət qiymətləndirir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir ki, bu bəyanat "Böyük 8-lər"in problemin həllində və "status-kvo"nun qalmamasında maraqlı olduğunu göstərir.

Nazir demişdir ki, ATƏT-in Minsk qrupu həmsədrlərin regiona səfərindən və Rusiya Prezidentinin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bəzi ümidlər yaranmışdır. Moskva görüşündə "Madrid prinsipləri"nin müəyyən detalları müzakirə olunmuşdur. Yəni əvvəlcə Azərbaycanın işğal olunmuş torpaqları azad olunur, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqları bərpa edilir, məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Ondan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında əlaqələr fəallaşdırılır. Sonda isə status müəyyənləşdirilir. Biz istəyirik ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilsin.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 2.