Azərbaycan hökumətinin təşəbbüsü ilə
BMT-nin Cenevrədəki
ofisində Tasim layihəsi müzakirə olunmuşdur
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan
hökumətinin təşəbbüsü ilə BMT-nin
Cenevrədəki ofisində Transmilli Avrasiya Super İnformasiya
Magistralı (TASİM) layihəsinə həsr olunmuş iclas
keçirilmişdir. İclasa Azərbaycan
Respublikasının BMT-nin Cenevrədəki bölməsində
və digər beynəlxalq təşkilatlar yanında daimi
nümayəndəsi, ölkəmizin İsveçrədəki
səfiri Elçin Əmirbəyov sədrlik etmişdir.
Müzakirələrdə
Azərbaycanın rabitə və informasiya texnologiyaları
naziri Əli Abbasov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev
və Beynəlxalq Telekommunikasiya Birliyinin (BTB) baş katibi Həmədun
Ture iştirak etmişdilər.
Nazir Ə.Abbasov Avrasiya
regionu ilə yüksək səviyyəli informasiya-kommunikasiya
texnologiyaları infrastrukturuna malik Qərbi Avropa və Sakit
okean hövzəsinin ölkələri arasında mövcud boşluqların
aradan qaldırılmasına xidmət edəcək TASİM
layihəsi barədə geniş məlumat vermişdir. Nazir təklif
olunan layihənin məqsəd və vəzifələrindən
də danışmış, onun Minilliyin İnkişaf Məqsədlərinin
vaxtında həyata keçirilməsinə töhfə verə
biləcəyini bildirmişdir.
M.Məmmədquliyev
TASİM layihəsi üzrə BMT Baş Məclisinin 64-cü
sessiyasında irəli sürüləcək qətnamə ilə
bağlı Azərbaycan hökumətinin planları və nəzərdə
tutulan sənədin məqsədi barədə məlumat
vermişdir.
BTB-nin baş katibi H.Ture
TASİM layihəsi ilə bağlı Azərbaycan hökumətinin
təşəbbüsünü alqışlamış və
vurğulamışdır ki, bu layihə vasitəsilə
Avrasiyada bağlantının yaradılması səyləri təqdirəlayiqdir.
Azərbaycanın
nümayəndə heyəti Cenevrəyə səfəri
çərçivəsində TASİM layihəsi ilə
bağlı bir neçə ikitərəfli görüşlər
də keçirmiş, o cümlədən Dünya
İqtisadi Forumunun Avropa və Mərkəzi Asiya regionu üzrə
direktoru Stefen Kinnok ilə görüşmüşdür.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyul.- S. 3.