Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın
tarixi nailiyyətidir
Çoxəsrlik
dövlətçilik tarixində mühüm yer tutan
Naxçıvan Muxtar Respublikasının yaradılmasından
85 il keçir. Ölkə Prezidenti İlham Əliyev bu tarixi
günlə bağlı 2009-cu il fevralın 6-da xüsusi sərəncam
imzalamışdır. Sərəncamda deyilir: "Azərbaycanın
qədim tarixə, zəngin mədəniyyətə və
çoxəsrlik dövlətçilik ənənələrinə
malik Naxçıvan diyarı çətin, mürəkkəb
və eyni zamanda parlaq inkişaf yolu keçmişdir".
Naxçıvan
heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür
etməmiş, bütün dövrlərdə dünyanın
bir çox dövlətləri üçün də
böyük coğrafi-siyasi və strateji əhəmiyyət kəsb
etmişdir. Xüsusilə, keçən əsrin əvvəllərində
yaranmış şəraitdən istifadə edən erməni
daşnakları Naxçıvana qarşı ərazi
iddiaları irəli sürmüş, bu diyarı Ermənistana
qatmaq üçün bütün vasitələrə əl
atmışdır. Bölgə əhalisinin inadlı
müqavimətləri nəticəsində Naxçıvan Azərbaycanın
əzəli və əbədi tərkib hissəsi kimi qorunub
saxlanılmış və son nəticədə ona Azərbaycanın
tərkibində muxtariyyət statusu verilmişdir. Naxçıvanın
muxtariyyət statusu qazanması bu bölgədə 1918-1921-ci
illərdə cərəyan edən proseslərin, onlara təsir
edən daxili və xarici amillərin, bölgənin və
regionun geosiyasi vəziyyətinin və iki mühüm beynəlxalq
müqavilənin sayəsində olmuşdur.
Ümummilli
lider Heydər Əliyev Naxçıvan MR-ın
yaradılmasını Azərbaycan xalqının olduqca
mürəkkəb bir siyasi şəraitdə əldə
etdiyi böyük tarixi nailiyyət
adlandırmışdır. Həqiqətən də
Naxçıvan əhalisi, həmin dövrün demokratik ruhlu
ziyalıları bölgənin təhlükəsizliyinə,
erməni daşnaklarının hərbi basqınlarına
qarşı mərdliklə mübarizə aparmış,
öz qanları bahasına qədim diyarı hər tərəfdən
qorumuşlar. Hələ 1918-ci ildə Naxçıvan Milli
Şurası Xalq Cümhuriyyəti hökumətinə
yazdığı məktubda göstərirdi ki, biz ermənilərə
tabe olmuruq, tezliklə Azərbaycan qoşunları tərəfindən
Zəngəzurun tutulmasını və Naxçıvanın
Azərbaycana birləşməsini gözləyirik.
Qədim
diyarın əhalisi o vaxt öz qəti fikrini bildirərək
and içmişdi ki, "...biz Avropanın mədəni
ölkələrinin alovları içərisində
yanmağa razı olarıq, amma Naxçıvanı Azərbaycandan
ayırmağa qoymarıq".
Naxçıvan
İnqilab Komitəsinin Azərbaycan hökumətinə 1920-ci
il 10 avqust tarixli məktubunda da bildirilirdi ki, əhalinin
böyük əksəriyyətinin qərarı ilə
Naxçıvan özünü Azərbaycanın ayrılmaz
hissəsi hesab edir.
1921-ci ilin əvvəllində
Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin
təşəbbüsü ilə keçirilmiş rəy
sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu
Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın
tərkibində qalmasına səs vermişdi.
Qədim
diyarın muxtariyyət statusu məsələsində N.Nərimanovun
prinsipial mövqeyi, onun adından B.Şahtaxtinskinin Moskvada
apardığı danışıqlar və 1921-ci il
martın 1-də V.Leninə göndərdiyi məktub, nəhayət
Rusiyanın Naxçıvan məsələsinə münasibətini
müsbət istiqamətdə dəyişməsinə səbəb
oldu. Nəticədə Naxçıvanın muxtar statusu RSFSR
ilə Türkiyə arasında dostluq və qardaşlıq
haqqında imzalanan Moskva müqaviləsində təsbit edildi:
"Razılığa gələn hər iki tərəf
hazırkı müqavilənin I (B) əlavəsində
göstərilən sərhədlərdə Naxçıvan
vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi
təşkil etməsinə razıdırlar, o şərtlə
ki, Azərbaycan bu himayə haqqını heç bir zaman
üçüncü bir dövlətə güzəştə
getməyəcəkdir". Bu müqavilə
Naxçıvanın taleyinin həll edilməsində tarixi
rol oynadı.
1921-ci il
oktyabrın 13-də RSFSR-in iştirakı ilə Azərbaycan
SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə
arasında imzalanmış Qars müqaviləsinə əsasən
Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi.
Müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsi
Naxçıvanın ərazi mənsubiyyətini bir daha təsdiqlədi,
onun sərhədlərini müəyyənləşdirdi. Burada
göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin
3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə
Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil
edir.
Naxçıvan
diyarının tarixi taleyini, yəni onun Azərbaycan SSR-in tərkibində
muxtar respublika kimi qalmaq imkanlarını bu beynəlxalq
müqavilələr reallaşdırdı. Həmin müqavilələrlə
Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları
Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum
kimi tanınan beynəlxalq hüquqi təminat verdilər.
Muxtar
qurumlar yaranma əsaslarına görə milli-ərazi və
inzibati-ərazi əlamətlərinə ayrılır. Naxçıvan
Muxtar Respublikası dövlətin əsas ərazilərindən
tam təcrid olunmuş vəziyyətdə - "anklav" ərazi
kimi geosiyasi əsasa görə yaranmışdır. Belə
coğrafi-siyasi əlamət tarixi zərurət kimi
Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirmiş
və qismən özünüidarə hüququnun
tanınmasına yol açmışdır. Çünki Zəngəzur
mahalının Ermənistan tərəfindən işğal
edilməsi ilə Naxçıvan diyarı Azərbaycanın əsas
ərazilərindən aralı düşmüş, nəticədə
onun muxtariyyət məsələsi gündəliyə gəlmişdir.
Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "əgər
Zəngəzur mahalının Ermənistana verilməsi
olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti
də lazım deyildi və Azərbaycan vahid əraziyə
malik olan bir ölkə idi".
Bu diyara
muxtariyyət statusunun verilməsi ilə Azərbaycan SSR
Naxçıvan üzərində hüquqlarından irəli
gələn vəzifələri həyata keçirirdi. Lakin
Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar
respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü
ilin fevralınadək ləngidildi. Həmin il fevralın 9-da
isə Azərbaycan SSR MİK-in dekretinə əsasən
Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR-in tərkibində
Naxçıvan MSSR-ə çevrildi. Bununla da qədim
diyarın statusu qəti şəkildə müəyyənləşdirildi.
Naxçıvan
1921-ci il martın 16-dan Naxçıvan SSR, 1923-cü il iyunun
16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın
9-dan Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə
Naxçıvan Muxtar Respublikası adlandırılıb. Burada
bir məsələ də qeyd olunmalıdır ki,
Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu
kimi idarə olunsa da, 30-cu illərin ortalarına qədər
bütün rəsmi sənədlərdə Naxçıvan
SSR yazılmışdır.
Naxçıvanın
muxtariyyət statusunun hüquqi bazasının
yaradılması 1924-cü ilin aprelində Azərbaycan SSR
MİK tərəfindən təsdiq edilmiş
Naxçıvan MSSR haqqında Əsasnaməsinin qəbulu ilə
başlanmışdır. Bu Əsasnaməyə görə
Naxçıvan Azərbaycan SSR-in tərkib hissəsi kimi ona
muxtar respublika şəklində daxil olurdu. Naxçıvanın
Azərbaycanla qarşılıqlı münasibətləri
Azərbaycanın Konstitusiyası ilə müəyyənləşdirildi.
Qəbul olunmuş Əsasnamə muxtar respublikanın
ictimai-siyasi, iqtisadi həyatını tənzimləyən əsas
qanunverici akt olmuşdur.
Bununla da
Naxçıvan özünün qanunverici orqanları, icra
hakimiyyəti olan muxtar quruma çevrilmişdi. Bu isə
1926-cı il aprelin 18-də qəbul edilmiş Naxçıvan
MSSR-in I Konstitusiyasında hüquqi cəhətdən təsbit
olunmuşdu. Naxçıvan MSSR-in sonrakı
konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində
muxtar respublika kimi göstərilmişdir. Naxçıvan
MSSR-in Konstitusiyasında qədim diyarla Azərbaycan
arasındakı qarşılıqlı münasibətlər
dəqiq müəyyənləşdirilmişdi. Həmin
Konstitusiyanın 52-ci maddəsində göstərilirdi ki,
"Naxçıvan SSR Azərbaycan SSR-in tərkib hissəsidir
və onun protektoratlığındadır".
Məkrli
erməni daşnakları Naxçıvanın əzəli və
əbədi Azərbaycan torpağı olduğuna və bununla
bağlı Sovet Ermənistanı hökumətinin
özünün də 1920-ci ildə bəyanatlar verdiyinə,
nəhayət, Qars müqaviləsini imzaladığına
baxmayaraq, bütün XX əsr boyu tarixi şəraitin ermənilərin
xeyrinə işlədiyi vaxtlarda iddialarını ortaya
qoymuş, onu "böyük Ermənistan"a birləşdirmək
üçün gizli və açıq mübarizə
aparmışlar. Xüsusilə, keçən əsrin 80-ci
illərinin sonlarına yaxın ermənilərin qəsbkarlıq
planlarında Dağlıq Qarabağla bərabər
Naxçıvan da mühüm yer tutmuşdu. Qədim
diyarı blokadaya salan, hava nəqliyyatından başqa digər
kommunikasiya xətlərini kəsən, onun Azərbaycanla
bütün əlaqələrinə mane olan Ermənistan
Naxçıvana qarşı həm də hərbi
basqınlara rəvac vermiş, sərhəd kəndlərinə
silahlı hücumlar etmişdir. O dövrdə Azərbaycan rəhbərliyinin
Naxçıvana biganə münasibəti burada yaşayan əhalinin
vəziyyətini bir qədər də
ağırlaşdırmışdı.
1990-cı
ilin iyul ayının 22-də görkəmli dövlət
xadimi Heydər Əliyevin Naxçıvana qayıtması,
burada yaşayıb fəaliyyət göstərməsi, 1991-ci
il sentyabrın 3-də isə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri seçilməsi bu
diyarı gözləyən təhlükələrdən
xilas etdi. Heydər Əliyev gəlişi ilə xalqın gələcəyə
ümidini özünə qaytardı, Naxçıvanı Azərbaycanın
ərazi bütövlüyü və istiqlaliyyəti
uğrunda mübarizənin mərkəzinə çevirdi. Ulu
öndərin uğurlu fəaliyyəti, nüfuzu o dövrki
iqtidarı ciddi narahat edirdi. Necə olursa-olsun Heydər Əliyevi
hakimiyyətdən kənarlaşdırmağa
çalışırdılar, bu niyyətləri baş
tutmadığından Naxçıvanın muxtariyyət
statusunu ləğv etməyə cəhd göstərdilər.
AXC-Müsavat iqtidarı və bəzi siyasi qüvvələr
bunu onunla əsaslandırmağa
çalışırdılar ki, Azərbaycan unitar dövlətdir
və bu səbəbdən də onun tərkibində muxtar
qurum ola bilməz. Guya bu Konstitusiyaya ziddir və Azərbaycanı
federativ dövlətə çevirir. Əslində isə
burada Konstitusiyaya zidd heç bir şey yox idi. Dünya təcrübəsindən
məlumdur ki, bir sıra unitar dövlətlərin
(İspaniya, İtaliya, Finlandiya, Portuqaliya və b.) tərkibində
müxtəlif səviyyəli muxtar qurumlar mövcuddur.
Hamıya
yaxşı məlumdur ki, Naxçıvanın ərazi
baxımından Azərbaycandan ayrı
düşdüyünü və ermənilərin oranı ələ
keçirə bilməməsi üçün ona muxtariyyət
statusu verilmişdir. Keçən əsrin 90-cı illərində
respublika mətbuatında belə siyasi qüvvələrə
tutarlı cavablar verilirdi.
Naxçıvanın
muxtariyyətinin ləğvini birtərəfli qaydada
müqaviləni imzalayan heç bir dövlət ləğv
edə bilməz. Muxtariyyətin ləğvi beynəlxalq Moskva
və Qars müqavilələrinin ləğvi deməkdir. Onda
bu, Naxçıvanın siyasi vəziyyətini pisləşdirər
və diyarın gələcəyini təhlükə
altına alardı. Məkrli düşmənlərimiz də
həmin müqavilələrin ləğvinə
çalışırlar. Müasir dövrdə
Naxçıvan Muxtar Respublikasına ermənilərin ərazi
iddialarının əvvəlki kimi qalması muxtar respublikaya
verilən statusun vacibliyinə bu gün daha çox ehtiyac
olduğunu göstərir.
Ulu öndər
Heydər Əliyevin qədim diyarda yaşayıb işlədiyi
illər (1990-1993), həm də Azərbaycana rəhbərlik
etdiyi dövr Naxçıvanın muxtariyyətinin möhkəmləndirilməsində,
onun erməni hücumlarından qorunmasında mühüm mərhələ
təşkil edir. Naxçıvan Muxtar Respublikasının sərhəd
kəndlərinə erməni təcavüzü olarkən,
diyarın ərazi bütövlüyü pozularkən 1991-ci
il yanvar ayının 11-də Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Moskva
və Qars müqaviləsini imzalayan dövlətlərə bəyanat
verərək bu hadisəyə münasibət bildirməyə
çağırdı. Bir qədər sonra isə, 1992-ci ilin
may ayında Naxçıvana erməni təcavüzü
artarkən Heydər Əliyev oranın siyasi-diplomatik yollarla
müdafiəsinin təşkili işinə böyük diqqət
yetirdi. Ulu öndər Türkiyə Cümhuriyyətinin rəhbərləri
ilə danışıqlar apardı, nəticədə
Türkiyənin Nazirlər Kabineti Naxçıvana təcavüzlə
bağlı bəyanatla çıxış etdi. Heydər Əliyevin
apardığı diplomatik mübarizənin ən
böyük uğuru dünyanın 57 ölkəsinin
Naxçıvana erməni təcavüzünü rəsmi
şəkildə pisləməsi ilə nəticələndi.
Görkəmli
dövlət xadimi Heydər Əliyevin fəaliyyəti muxtar
respublikanı blokadadan çıxarmağa, qonşu dövlətlərlə
sosial-iqtisadi və mədəni əlaqələri inkişaf
etdirməyə, onun ərazi bütövlüyünü
qorumağa yönəldilmişdi. Bunun üçün Heydər
Əliyev Türkiyə və İrana səfərlər
etmiş (1992, mart və avqustunda), danışıqlar
aparmış, müqavilələr bağlamış və
Naxçıvana bu ölkələrdən kredit və enerji
verilməsinə nail olmuşdur. 1992-ci il mayın 28-də
Türkiyə ilə Azərbaycan arasında Sədərək-Dilucu
körpüsünün açılışı isə
diyarın sosial-iqtisadi blokadadan
çıxarılmasını təmin etmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev
ABŞ Konqresinin bədnam 907-ci maddəni qəbul etməsinə
baxmayaraq, prezident B.Klintonun Naxçıvana humanitar yardım
göstərməsinə nail olmuşdu. Naxçıvan Muxtar
Respublikasının statusunun dəyişdirilməsi ilə
bağlı bəzi qüvvələrin siyasətləri erməni
daşnaklarının fəaliyyətləri ilə
üst-üstə düşürdü. Ulu öndər Heydər
Əliyev 1992-ci il iyun ayının 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin
iclasında çıxış edərək bu məsələyə
öz kəskin münasibətini bildirdi:
"Naxçıvanın statusunun dəyişdirilməsinə
yönəldilən hər hansı cəhdin, onun ərazisinə
edilən hər cür qəsdin qarşısı qətiyyətlə
alınacaqdır". Həqiqətən də, AXC hakimiyyətinin
Naxçıvandakı nümayəndələri diyarın
muxtariyyət statusunu ləğv etmək, onun qanuni hakimiyyətini
devirmək məqsədilə 24 oktyabrda (1992) çevriliş
cəhdi etsələr də, Heydər Əliyevin
naxçıvanlıların mütləq əksəriyyəti
tərəfindən müdafiə olunan prinsipial mövqeyi bu cəhdin
qarşısını aldı.
Keçən
əsrin 90-cı illərinin əvvəllərində
AXC-Müsavat iqtidarı Azərbaycanı çətin vəziyyətə
saldı, ölkə siyasi, iqtisadi, hərbi böhrana
düşdü. Bir vaxtlar Heydər Əliyevin kölgəsini
"qılınclayan" səriştəsiz "rəhbərlər"
ulu öndəri hakimiyyətə dəvət etməyə məcbur
oldular.
Mövcud
siyasi rejimin mahiyyətindən və yürütdüyü səriştəsiz
siyasətdən yaranan hərbi-siyasi hadisələr
AXC-Müsavat cütlüyünün hakimiyyətdən getməsi
ilə nəticələndi. Ulu öndərin siyasi hakimiyyətə
gəlməsi ölkənin, xalqın və müstəqil dövlətçiliyin
xilasını və möhkəmləndirilməsini təmin
etdi. Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə
qayıtdıqdan sonra da Naxçıvan Muxtar
Respublikasının hərtərəfli inkişafını
daim diqqət mərkəzində saxladı, blokada şəraitində
olan qədim diyarın dirçəlişi və
inkişafı üçün qüvvə və
bacarığını əsirgəmədi.
Doxsanıncı
illərin ikinci yarısı Naxçıvanın muxtariyyət
statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi
baxımından diqqəti cəlb edir. 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi (referendum) ilə qəbul
olunmuş Azərbaycan Respublikası Konstitusiyasının VIII
fəsli "Naxçıvan Muxtar Respublikası"
adlanır. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində
deyilir: "Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan
Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən
edilir.
Naxçıvan
Muxtar Respublikası Azərbaycan Respublikasının
ayrılmaz tərkib hissəsidir".
Naxçıvanın
muxtariyyət statusunun zəruriliyini əsaslandıran Azərbaycan
Prezidenti Heydər Əliyev deyirdi: "Naxçıvanın
muxtariyyəti mühüm hadisədir. Bu çətin bir
dövrdə, böyük bir mübarizənin nəticəsi
olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq
üçün Moskva müqaviləsinin və xüsusən
Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur.
Naxçıvan Azərbaycanın əsas torpağından
ayrı düşdüyünə görə,
Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini,
dövlətçiliyini, muxtariyyətini gələcəkdə
də təmin etmək üçün Qars müqaviləsi
bizim üçün çox böyük, əvəzi olmayan
bir sənəddir. Belə ağır şəraitdə
Naxçıvanın yaşamasının, inkişaf etməsinin
əsas şərtlərindən biri də odur ki,
Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu
muxtariyyət hüququ çətin vəziyyətdə
yaşamaqda, inkişaf etməkdə olan Naxçıvana
böyük şərait yaradıbdır. Amma
Naxçıvanın bundan sonra da buna ehtiyacı vardır,
müstəqil Azərbaycan dövlətinin içində buna
ehtiyacı vardır".
Azərbaycan
Respublikasının Konstitusiyası əsasında
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası
hazırlandı. 1998-ci il yanvarın 14-də Prezident Heydər
Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan
Respublikası Konstitusiya Komissiyasının iclasında muxtar
respublikanın Konstitusiya layihəsi geniş müzakirə
olundu. Bu iclasda ölkə başçısı qəbul
olunacaq konstitusiyanın muxtar respublikanın həyatında,
onun ərazisinin və muxtariyyətinin qorunmasında, tarixi taleyində
böyük əhəmiyyətə malik olacağını nəzərə
alaraq demişdir:
Naxçıvanın
statusunun dəyişdirilməsinə yönəldilən hər
hansı cəhdin, onun ərazisinə edilən hər cür
qəsdin qarşısı qətiyyətlə
alınacaqdır... Naxçıvanın muxtariyyəti tarixi
nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq.
Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən
getmiş başqa torpaqlarının qaytarılması
üçün ona xidmət edən çox böyük bir
amildir. Biz bu amili qoruyub saxlamalıyıq".
Naxçıvan
Muxtar Respublikasının yeni Konstitusiyası Ali Məclisin
1998-ci il aprelin 28-də keçirilən sessiyasında qəbul
olundu və həmin il dekabrın 29-da Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq
edildi.
Konstitusiyanın
ilk maddəsində göstərilir: "Naxçıvan
muxtar dövləti Azərbaycan Respublikası tərkibində
demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan
Muxtar Respublikasının statusu Azərbaycan
Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və
13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən
edir".
Ulu öndər
Heydər Əliyevin tarixi xidmətləri nəticəsində
Naxçıvanın muxtariyyət statusu müstəqil Azərbaycan
Respublikasının Konstitusiyasında və Naxçıvan
Muxtar Respublikasının yeni Konstitusiyasında öz əksini
tapdı.
Prezident
Heydər Əliyevin "Naxçıvan Muxtar
Respublikasının 75 illiyinin keçirilməsi
haqqında" fərmanına uyğun olaraq tədbirlər həyata
keçirilmişdir. Əslində həmin fərman bu
diyarın tarixinin öyrənilməsi, ərazi
bütövlüyünün və muxtariyyət statusunun
qorunub saxlanması, möhkəmləndirilməsi və beynəlxalq
ictimaiyyətin diqqətinin bu problemə cəlb edilməsi
üçün çox böyük tarixi, siyasi əhəmiyyət
daşımışdır.
Həmin fərmanda
Naxçıvanın muxtariyyətini şərtləndirən
başlıca tarixi-coğrafi amil göstərilirdi:
"İlk olaraq Azərbaycan torpağı Zəngəzur
mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində
isə ermənilərin planları daha geniş idi və
onların torpaq iddialarının əsas hədəfi məhz
Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq
edilməsini bu yolda atılmış mühüm addım
hesab edirdilər. Beləliklə də, Naxçıvanı
Azərbaycandan ayıran Azərbaycan torpaqlarının - Zəngəzur
mahalının Ermənistana verilməsi Naxçıvanın
muxtariyyət məsələsini zəruri etdi".
Erməni
daşnakları Naxçıvana qarşı ərazi
iddialarını keçən əsrin əvvəllərində
olduğu kimi, 90-cı illərində də gerçəkləşdirmək
istəyirdilər. Lakin Heydər Əliyevin Naxçıvanda
yaşayıb, fəaliyyət göstərməsi onların
arzularını gözlərində qoydu. Bu məsələdən
bəhs edən Ermənistandakı "Qarabağ Komitəsi"nin
üzvü, Milli Müqəddərat Birliyinin sədri Parnur
Hayrikyan təəssüf hissi ilə bildirmişdir: 90-cı
illərin əvvəllərində Heydər Əliyevin
Naxçıvanda olması bizə bu bölgəni ələ
keçirməyə imkan vermədi. Əgər biz heç nəyə
baxmayıb, Dağlıq Qarabağla yanaşı
Naxçıvanı da ələ keçirmiş olsaydıq,
indi beynəlxalq təzyiq qarşısında Dağlıq
Qarabağı qaytarsaydıq belə, Naxçıvan bizə
qalardı. Heydər Əliyev bizim planlarımızı
alt-üst etdi.
Göründüyü
kimi, XX əsrin 20-ci illərində yaranmış şərait,
Naxçıvan diyarı əhalisinin inadlı müqaviməti
və iki mühüm beynəlxalq müqavilə
Naxçıvanın ermənilər tərəfindən
işğal edilməsinə mane oldu və diyara Azərbaycanın
tərkibində muxtariyyət statusu verildi. Ermənilər
Naxçıvanı ələ keçirmək
üçün ötən əsrin 90-cı illərində
yenidən fəaliyyətə, silahlı basqınlara
başladılar. Heydər Əliyevin Naxçıvana gəlməsi,
muxtar respublikanı başı üzərinə almış
təhlükədən, bu qədim diyarı erməni
işğalından, muxtariyyətini isə ləğv olunmaq
təhlükəsindən xilas etdi. Çox ağır bir vəziyyətdə
Heydər Əliyev misilsiz siyasi dühası, böyük
diplomat peşəkarlığı, müdrikliyi sayəsində
Naxçıvan əhalisinin mübarizliyinə, əzmkarlığına
arxalanaraq muxtar respublikanı ən ağır sınaqlardan
çıxartdı.
O dövrdə
baş verən prosesləri xatırlayan Prezident İlham Əliyev
həmin illərdən bəhs edərək demişdir:
"1990-cı ildə Heydər Əliyev Naxçıvana
qayıtdı. O, burada naxçıvanlılarla birlikdə
çox ağır və çətin şəraitdə
yaşadı, işlədi. Həmin illər Naxçıvan
üçün çox çətin, muxtar respublikanın gələcəyi
üçün həlledici dövr idi. Heydər Əliyevin
nüfuzu, təcrübəsi, iradəsi həmin illər
Naxçıvanı qorudu. Heç kəs üçün
sirr deyil ki, Ermənistan təcavüzü Naxçıvana da
istiqamətlənmişdi. Onların planlarında buranın da
işğalı var idi. Ermənilər Naxçıvana
hücumlar etmişdilər. Amma naxçıvanlılar Heydər
Əliyevin rəhbərliyi altında bütün bu
hücumların qarşısını aldılar. Naxçıvan
yaşadı, burada sülh və əmin-amanlıq təmin
olundu".
Qüdrətli
dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi
dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar,
bu diyara tarixi səfərləri, ərazi
bütövlüyü və təhlükəsizliyi
üçün gördüyü tədbirlər, muxtariyyət
statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi
və həlli vacib olan digər məsələlərin həyata
keçirilməsi Naxçıvanın hərtərəfli
inkişafını təmin etmiş və bölgəni
çiçəklənən diyara çevirmişdir.
Naxçıvanın
muxtar respublika statusu bu bölgənin 85 illik tarixi taleyində,
onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin
təmin edilməsində çox mühüm rola malik
olmuşdur. Bu illərdə Naxçıvan Muxtar
Respublikası Azərbaycanın iqtisadi qüdrətinin
yüksəlməsinə və hərtərəfli
inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə
Prezidentinin qeyd etdiyimiz sərəncamında göstərildiyi
kimi, "Milli istiqlaliyyət yolunda Naxçıvanın
atdığı cəsarətli addımlar bütün Azərbaycan
xalqı tərəfindən rəğbətlə
qarşılanmış, respublikada cərəyan edən
ictimai-siyasi proseslərə öz müsbət və həlledici
təsirini göstərmişdir. Naxçıvan Muxtar
Respublikası bu gün milli dövlət quruculuğu prosesinin
fəal iştirakçısı olub, ölkəmizin iqtisadi
qüdrətinin artırılması və intellektual
potensialının gücləndirilməsinə dəyərli
töhfələr verir".
İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik, Milli Məclisin deputatı
Azərbaycan.- 2009.- 21 iyul.- S. 4.