Yaşlaşdıqca gəncləşən şəhər

 

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illlər)" uğurlu icrası Sumqayıtın da simasını kökündən dəyişdirib.

Burada geniş miqyasda abadlıq işləri indi də davam edir. Şəhərin əsas yolları tam təmir edilmiş, ara yollarda aparılan işlər sona çatmaq üzrədir. Daim nəzarətdə olan sahələrdən biri də yaşıllaşdırma və onun qorunub saxlanmasıdır. Bu məqsədlə park, xiyaban və küçələrdə xeyli ağac, dekorativ güllər əkilmiş, həmin sahəyə xidmət göstərənlərin sayı artırılmışdır. Burada adambaşına düşən yaşıllıq sahəsi 26 kvadratmetrdir. Ümumilikdə isə şəhər ərazisində yaşıl sahə 950 hektara yaxındır.

Sumqayıtda aparılan yeniliklərdən biri də çoxmərtəbəli yaşayış binalarının fasadlarının əsaslı təmiridir. 185 binanın fasadlarının təmiri başa çatmışdır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan abidə kompleksinin ətrafında, şəhər icra hakimiyyətinin həyətində, Üzeyir Hacıbəyov küçəsindəki parkda təzə dirəklər basdırılmış, yenidənqurma işləri aparılmışdır. Şəhərdə işıqlandırılma da zövqlə aparıldığı üçün gecələr sanki gündüzə çevrilir.

Bu il Sumqayıtın 60 yaşı tamam olur. Buna baxmayaraq indi onu gənclər şəhəri adlandırırlar. Yəqin ki, yaşlaşdıqca gəncləşdiyinə görə hələ çox-çox illər bundan sonra da bu şəhəri belə çağıracaqlar.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 4.