Ermənistanda hakimiyyətdaxili qruplaşmaların qanlı mübarizəsi başlanır

 

Ermənistan hakimiyyətində təmsil olunan müxtəlif qruplaşmalar arasında indiyə qədər gedən mübarizə özünün daha təhlükəli mərhələsinə qədəm qoymaqdadır. Bu barədə məlumat verən Ermənistanın "Aykakan Jamanak" qəzetinin yazdığına görə, hakimiyyətdaxili qrupların mübarizəsinin radikal mərhələyə keçməsinə iki əsas məqam təsir göstərib. Bunlardan birincisi həmin qrupların digərlərinə nəzarət etmək istəyinin güclənməsi, ikincisi isə sabiq prezident Robert Koçaryanın yenidən hakimiyyət başına qayıtmaq niyyətidir.

Ermənistan mediası yazır ki, ölkədə məmurların törətdiyi cinayətə görə heç bir cəza görməməsi sonda hakimiyyətdə yer alan qruplaşmaların daha böyük iddialara düşməsinə səbəb olub. Belə ki, indi onlar rəqiblərini hər cür vasitə, o cümlədən fiziki cəhətdən məhv etmək yolu ilə sıradan çıxarmağa hazırlıq görür. O da bildirilir ki, prezident Serj Sarkisyan faktiki olaraq həmin qruplardan bu və ya digər dərəcədə asılı olduğu üçün onların hər hansı fəaliyyətinə qarşı çıxmağa və ciddi tədbirlər görməyə bir o qədər də cəsarət etmir. Bu da hakimiyyətdə yer alan qruplaşmaların özlərini daha sərbəst aparması və səlahiyyət dairələrini mümkün qədər çox genişləndirməyə can atmaları ilə müşayiət olunur.

Belə vəziyyətdə Ermənistan hakimiyyətində təmsil olunan bir sıra qüvvələr yenidən sabiq prezident Robert Koçaryanın iqtidara dönməsini istəyir. Hadisələrin gedişi göstərir ki, elə Robert Koçaryanın özünun də belə bir istəyi var və o, Serj Sarkisyanın tezliklə istefaya getməsini istəyir. Hətta Ermənistanın "Ayk" qəzetinin məlumatına görə, hakimiyyətdən olan tərəfdarları ilə görüşdə Robert Koçaryan bildirib ki, Serj Sarkisyan daxili və xarici təzyiqlərə davam gətirə bilmədiyi üçün tezliklə istefaya getməli olacaq. Onun sözlərinə görə, Sarkisyanın bacarıqsızlığı ölkədə müxalifətin xeyli güclənməsinə gətirib çıxarıb. Bu səbəbdən Koçaryan yenidən hakimiyyətə qayıdışını vacib sayaraq, iqtidara gəlişindən sonra müxalifəti əzəcəyini bildirib. Bu məsələdə isə onun daha çox yenə də qanlı divan metodlarını işə salacağı gözlənir. Xatırladaq ki, ötən il martın 1-də baş verən qanlı olayların başında duran əsas şəxslərdən biri də məhz Robert Koçaryandır.

Robert Koçaryanın hakimiyyət iddiaları və iqtidarda yer alan bəzi qüvvələrlə qurduğu işbirliyi öz növbəsində Serj Sarkisyan tərəfindən ciddi narahatlıqla qarşılanıb. Bu səbəbdən o, sələfinin tərəfdarlarını neytrallaşdırmağa müəyyən cəhdlər göstərir, lakin ciddi müqavimətlə də üzləşir. Belə vəziyyət hakimiyyət uğrunda gedən mübarizəni bütövlükdə Ermənistan üçün daha dramatik duruma gətirib çıxarır. Çünki iqtidarda təmsil olunan məmur ordusunun əsas diqqəti hakimiyyətdaxili mübarizəyə yönəldiyindən xalqın üzləşdiyi problemlər onları ümumiyyətlə maraqlandırmır. Beləliklə, qlobal iqtisadi böhran üzündən onsuz da kifayət qədər acınacaqlı vəziyyətə düşən Ermənistan əhalisi məmur özbaşınalığı və laqeydliyinə görə daha böyük əziyyətə qatlaşmalı olur.

Hazırda isə hakimiyyətə can atan Robert Koçaryan xalqın etirazlarından da öz məqsədi üçün istifadə etməyi yaddan çıxarmır. Məlumatlara görə, onun nəzarətində olan media orqanları xalqın indiki ağır vəziyyətə düşməsində Serj Sarkisyanın günahkar olduğuna dair geniş təbliğata başlayıb. Buna cavab olaraq Serj Sarkisyanın istəyi ilə bir sıra rəsmi dövlət orqanlarının, o cümlədən Vergilər Nazirliyinin belə media orqanlarında genişmiqyaslı yoxlanışına start verilib. Yoxlamaların nəticəsi olaraq həmin media orqanlarından bəzilərinin fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağı gözlənir.

Beləliklə, Koçaryan və Sarkisyan arasında yaşanan ziddiyyət tədricən daha radikal xarakter almaqda və Ermənistan hakimiyyətinin durumuna ciddi təsir göstərməkdədir. Mövqelərini daha gücləndirmək üçün Robert Koçaryanın hakimiyyətdə yer alan, lakin indiyi qədər daha çox neytral mövqedən çıxış edən bəzi məmurlarla gizli sövdələşməyə getdiyi də bildirilir. Hazırda Ermənistan hakimiyyəti sıralarında Robert Koçaryana dəstək verən əsas qüvvələrdən biri kimi hakim koalisiyada yer alan "Çiçəklənən Ermənistan" partiyası çıxış edir. Ümumiyyətlə, bu partiya Robert Koçaryanın siyasətə qayıtması üçün "əsas aerodrom" hesab olunur. Məlumatlara görə, tezliklə Koçaryan bu partiyaya sədr vəzifəsinə gələcək. Həmin vaxta qədər isə Koçaryanın tərəfdarları Sarkisyanın "könüllü" istefasına nail olmağa çalışırlar. Bundan sonra növbədənkənar prezident seçkiləri vasitəsilə Koçaryanın yenidən prezident postuna qayıtması planlaşdırılır.

Lakin hadisələrin bu səpkidə inkişafına qarşı çıxan Sarkisyanın tərəfdarlarının indi əsas diqqəti hakimiyyətdə "Çiçəklənən Ermənistan" partiyasını təmsil edən məmurların sıxışdırılmasına yönəldib. Bu məqsədlə onlar Sarksiyanı tezliklə hakimiyyətdə müəyyən vəzifə dəyişmələri etməyə cəhd göstərirlər. Bildirilir ki, indi Sarkisyanın əsas dayağı hesab edilən Respublika partiyasının daha çox təmsilçisi vəzifə başına gətirilməlidir. Belə vəziyyətdə isə "Çiçəklənən Ermənistan" partiyasınının hakim koalisiyanı tərk edəcəyi şübhə doğurmur.

Əslində, hakim koalisiyanın parçalanmasını Robert Koçaryan və onun diqtəsilə hərəkət edən "Çiçəklənən Ermənistan" partiyasınının özü də istəyir. Çünki bu, Serj Sarkisyanın daha zəif duruma düşməsinə şərait yaradır. Serj Sarkisyanın zəifləməsi isə ona qarşı həm müxalifətin, həm də Robert Koçaryanın tərəfdarlarının hücumunun daha da güclənməsinə gətirib çıxaracaq. Bunu əvvəldən başa düşən Sarkisyanın tərəfdarları öz mövqelərini qorumaq üçün hakim koalisiyanın digər üzvü olan "Orinats Yerkir" partiyası ilə işbirliyini gücləndirməyə cəhd göstərirlər. Bu da faktiki olaraq hazırda Ermənistanın hakim koalisiyasında yer alan üç partiyanın - Respublika, "Çiçəklənən Ermənistan" və "Orinats Yerkir"in bir-birinə qarşı mübarizə aparmasına səbəb olub.

Erməni politoloq David Şahnazaryan qeyd edir ki, koalisiyada yer alan qüvvələrin bir-birinə qarşı belə mübarizəsi, həmçinin bunun hakimiyyətdaxili qruplaşmalara sirayət etməsi və onların daha radikal formada rəqiblərini sıradan çıxarmağa çalışması Ermənistanın mövcud hakimiyyətinin sonunun çatdığından xəbər verir. Onun sözlərinə görə, indiki halda hakimiyyətdaxili qruplaşmaların əsas rəhbərləri kimi qəbul olunan Serj Sarkisyan və onun sələfi olan Robert Koçaryan mövqelərindən geri çəkilmək niyyətində deyil. Bu səbəbdən politoloq hakimiyyət uğrunda gedən bu mübarizənin tezliklə qanlı məcrada inkişaf edəcəyini də istisna etmir: "Çünki hakimiyyət qrupları iqtisadiyyatın bütün sahələrini öz əllərində bölüşdürüb və indi həmin sahələri bir-birinin əlindən almağa və beləliklə, rəqiblərinin maliyyə, sonda da siyasi cəhətdən çökməsini istəyirlər. Lakin rəqib olan düşərgə öz mövqeyini silah gücünə belə qorumağa hazırdır. Elə bu səbəbdən qruplar rəqiblərini sıradan çıxarmaq üçün gücdən, silahdan istifadəni düşünür. Bu da hakimiyyət daxilində qanlı toqquşmaların başlanması deməkdir".

Beləliklə, bütün bunlar Ermənistanın yeni qanlı olaylara "hamilə" olduğunu göstərir. Hakimiyyətdaxili qruplaşmaların öz mübarizəsini qanlı mərhələyə keçirməsi isə ekspertlərə görə, sonda xalqın iqtidara üsyanı ilə nəticələnəcək. Belə durumda Ermənistanın tam xaosa yuvarlanacağı şübhəsiz görünür. O da istisna deyil ki, hadisələrin bu səpkidə inkişafı ümumiyyətlə, Ermənistanın bir dövlət kimi məhvinin əsasını qoyacaq.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 5.