Azərbaycanın uğurları digər ölkələr
üçün örnək
ola bilər
Bu sözləri ATƏT-in
Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel iyulun 21-də
Milli Məclis sədrinin müavini Bahar Muradova ilə
görüşdə demişdir.
Bahar Muradova ATƏT-in
baş katibinin bu günlərdə ölkəmizə səfərini
xatırlatmış, bu cür səfərlərin ikitərəfli
əlaqələrin inkişafı, regional problemlərin həlli
və digər məsələlərdə birgə əməkdaşlıq
üçün böyük əhəmiyyət kəsb
etdiyini vurğulamışdır. O demişdir ki, Azərbaycan
istər qanunvericilikdə, istərsə də digər sahələrdə
Avropa Şurası, ATƏT və s. beynəlxalq təşkilatlarla
əməkdaşlıqda maraqlıdır.
Sonra B.Muradova ölkəmizdə
həyata keçirilən hüquqi, demokratik islahatlar barəsində
ətraflı məlumat vermiş, Milli Məclisin bu istiqamətdəki
rolundan danışmışdır.
Əli Bilge Cankorel Azərbaycan
ilə ATƏT arasındakı əməkdaşlığı
da yüksək qiymətləndirmişdir. O, dünyada və
Avropada məişət zorakılığına və insan
hüquqlarının digər üsullarla pozulmasına
qarşı mübarizədən danışmış,
bununla bağlı qanunvericilik bazasının
yaradılmasının vacibliyini vurğulamışdır.
B.Muradova bildirmişdir
ki, 2006-cı ildə Milli Məclisdə məişət
zorakılığına qarşı mübarizəyə həsr
olunmuş dinləmələr keçirilmişdir. Bu dinləmələrdə
beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının
və ictimaiyyətin nümayəndələri iştirak
etmişlər. Hazırda məişət
zorakılığına qarşı mübarizə ilə
bağlı qanun layihəsi hazırlanır. Bununla əlaqədar
beynəlxalq təşkilatlardan və ölkə ictimaiyyətinin
nümayəndələrindən də rəy və təkliflər
alınmışdır.
Sonra görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 22 iyul.- S. 1.