Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə əlavə dəstək verilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

 

Son illər əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının yüksəldilməsi, məhsul istehsalçılarının maddi marağının artırılması və bütövlükdə aqrar-sənaye kompleksinin inkişaf etdirilməsi istiqamətində geniş və məqsədyönlü tədbirlər həyata keçirilmiş, kənd təsərrüfatında məhsul istehsalının dinamik inkişafının təmin edilməsi üçün əsaslı zəmin yaradılmışdır.

2008-ci ildə dövlətin maddi dəstəyi ilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmiş və Cəmiyyətin sərəncamında olan kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların və mineral gübrələrin saxlanılması şəraitinin yaxşılaşdırılması üçün Şəki və Sabirabad rayonlarında regional logistik bazaları tikilmiş, 7 rayonda isə aqroservis filiallarında təmir-tikinti və yenidənqurma işləri aparılmışdır.

Dövlət vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilməsi üçün alınan gübrələrin, kənd təsərrüfatı texnikasının və avadanlığın kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən səmərəli istifadə edilməsinin asanlaşdırılması və istismara yararlı vəziyyətdə saxlanılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin aqroservis filiallarının ölkəmizin regionlarında tikintisinin davam etdirilməsi məqsədi ilə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün 5 (beş) milyon manat vəsait ayrılsın.

2. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin sərəncamında olan gübrələrin və kənd təsərrüfatı texnikasının saxlanılması üçün xüsusi anbarların tikilməsi məqsədi ilə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 (iki) milyon manat vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın birinci və ikinci bəndlərində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

4. Bu sərəncamı və digər normativ hüquqi aktları nəzərə alaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bir ay müddətində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması ilə bağlı Cəmiyyətin nizamnaməsində müvafiq dəyişikliyin edilməsi və həmin dəyişikliyin qeydiyyata alınması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirləri həyata keçirsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 22 iyul.- S. 1.