Azərbaycan milli mətbuatının
banisi Həsən bəy Zərdabi 1875-ci ildə çox
çətin və şərəfli bir işə
başladı. İyul ayının 22-də "Əkinçi"
adlı ilk müstəqil Azərbaycan qəzetinin birinci
nömrəsini çap etdi. Bu işin çətinliyi
sevincindən qat-qat çox idi. Əvvəla, çar
üsuli-idarəsinin hökm sürdüyü XIX əsrdə
azad və müstəqil söz söyləmək
qeyri-mümkün idi! İkincisi, qəzeti yazmaqdan, çap
etməkdən və oxucuya çatdırmaqdan ibarət olan
xüsusi şəbəkə formalaşmamışdı.
Zərdabi fədakarlığı
Bunların
hamısını birlikdə yaratmaq isə təkcə
böyük zəhmət, iradə, dözüm yox, həm də
böyük vəsait tələb edirdi. Üçüncüsü,
xalqın savadsız olması, qəzetin nə olduğunu bilməməsi
də böyük əngəl sayılırdı. Amma
çiyinlərinə tarixi missiya götürən, xalqa və
millətə xidməti özünə amal seçən Həsən
bəy Zərdabi ruhdan düşən və geriyə çəkilən
şəxsiyyətlərdən deyildi! Xalqı maarifləndirməyə,
cəhalətdən qurtarmağa çalışan
böyük qəlbli insan yana-yana deyirdi: "Hər kəsi
çağırıram, gəlməyir, göstərirəm,
görməyir, deyirəm, qanmayır. Axırda gördüm
ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən
başqa bir qeyri əlac yoxdur... Belədə qəzetə
çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki,
kağızın üstünə yazılmış doğru
sözlər qapı-pəncərələrdən o iman mənzillərinə
çata bilsin. Heç olmaz ki, doğru
söz yerdə qalsın".
Beləliklə, Həsən
bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlinin
XIX əsrdə qoyulması xoşbəxtliyini bizə
yaşatdı. Qəzetlə birlikdə onun senzoru da
yarandı. Bu funksiyanı öz üzərinə
Bakının o zamankı general-qubernatoru Staroselski
götürdü. "Əkinçi"dən dolanan, onun mürəttibi olan erməni Minasov isə həm də (milli xislətinə və "ənənəvi
peşələrinə" müvafiq olaraq) Həsən bəyin güdükçüsü və ondan jandarmaya xəbəraparan idi.
Belə şəraitdə
qəzet buraxmaq görünməmiş dərəcədə
çətin idi. Həsən bəy Zərdabi əsl qəhrəmanlıq
göstərərək üç il ərzində "Əkinçi"nin
56 nömrəsini millətə ərməğan etdi. Amma
düşmənlər də sakit dayanmamışdılar.
Sonralar həmin dövrü ürək ağrısı ilə
xatırlayan Həsən bəy Zərdabi "Rusiyada əvvəlinci
türk qəzetəsi" adlı məqaləsində
yazırdı: "...Müsəlmanların düşmənləri
ki Staroselskinin vəqtində bir iş görə bilmirdilər,
hər tərəfdən "Əkinçi"nin üstə
tökülüb onun bağlanmağına səy etdilər. Jandarma
polkovnikinə hər gündə məndən və "Əkinçi"dən
adsız danoslar göndərdilər. Jandarma tərəfindən
mənim üstümə qarovulçular qoyuldu. Onların
birisi mənim rus qulluqçumun qardaşı adına gecələr
mənzilimin içində yatırdı.
Birisi də küçə
qapısında durub mən hər tərəfə gedəndə
məni aparıb-gətirirdi. O vəqtdə mən hər gecə
bir-iki saat kluba gedib bilyard oynuyurdum və jandarma polkovniki də
bəzi vəqtdə mənim ilə oynuyurdu. Onunla belə, həftədə
bir neçə dəfə o polkovnik məni apardıb məndən
cavab istəyirdi ki, doğrudurmu filan günü axşam filankəslərin
yanına gedib filan sözü demisən? Mən ona cavab
verirdim ki, filan saatda sənin ilə bilyard oynuyurdum. Deyirdi ki, mən
özüm də yaxşı bilirəm, amma neyləyim, zakon
belədir, gərək xəbər alım.
...Elə ki
Dağıstanda şuluqluq başlandı, "Əkinçi"nin
günü dəxi artıq qərə oldu: bir gün Nəcəf
bəy Vəzirovun məqaləsi ki Moskvadan göndərmişdi,
vermişdim düzməyə. Məqalədə bir dərviş
bazarda dükanların qabağında qəsidələr oxuyub
onları elm təhsil etməyə
çağırırdı. Senzor qol çəkib çap
olmağa izn vermişdi. Qəzetə çap olub paylanandan
sonra qubernatorun hökmünə görə o nömrəni
bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim
Minasovum oradadır.
Qubernator buyurdu ki, Minasov
deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona
görə nömrəni bağlayıb sənə hökm
edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab
verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən
gedəndən sonra qubernator özü bir nömrə
çıxardıb paylatdı. Çünki nömrə mənim
adımdan çıxmışdı, mən təvəqqe elədim
ki, dəxi mənim adımdan qəzetə
çıxarmasınlar".
Göründüyü
kimi, "Əkinçi"ni düşmənçilik,
nadanlıq, vəsaitsizlik və mətbu söz qədrinin
bilinməməsi bağlatdı. Lakin onun
yandırdığı şam alova döndü. Bir qədər
keçəndən sonra isə Günəş kimi parlayaraq
savadsızlığı, nadanlığı və cəhaləti
yandırdı, ürəkləri elm və vətənə
xidmət ziyası ilə nurlandırdı.
Mətbuatın ən böyük
qədirbiləni
"Əkinçi"ni
yaşatmaq, qoruyub saxlamaq mümkün olmadı. "Əkinçi"
qapandı. Amma yox olmadı! Onun səpdiyi toxum cücərdi,
qol-budaqlı ağaclara, ölkəni başdan-başa
bürüyən meşəyə çevrildi, ictimai
mühitə bir yenilik, saflıq gətirdi. "Əkinçi"nin
kiçik qardaşları, yüzlərlə
ardıcılları yarandı. XIX əsrin sonu, XX əsrin əvvəllərində
Həsən bəy Zərdabinin əqidədaşları
sayılan M.F.Axundov, Əsgər ağa Gorani, Seyid Əzim
Şirvani, Nəcəf bəy Vəzirov, Ömər Faiq
Nemanzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabir, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə,
Üzeyir bəy Hacıbəyov, Nəriman Nərimanov və
digərləri kimi söz sahibləri meydana çıxaraq
çətinlikləri dəf etməyə, xalqa xidmət
göstərməyə başladılar. Onlar həm də
"Əkinçi"nin ənənələrinin
davamçıları sayılırdılar. Ulu öndər
Heydər Əliyevin "Azərbaycanda milli mətbuatın
yaradılmasının 125 illiyi haqqında"
imzaladığı fərmanda "Əkinçi"nin prinsipləri
yüksək dəyərləndirilirdi: "Milli demokratik mətbuatın
"Əkinçi" tərəfindən bəyan
edilmiş başlıca prinsipləri - maarifləşmə,
müasirləşmə, məfkurə saflığı,
ümummilli məqsədlərin təbliği, bəşəri
dəyərlərin milli ənənələrlə üzvi vəhdəti
ədəbi dilin danışıq dilinə
yaxınlaşdırılması, hadisələrin obyektiv
işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın
gələcək inkişafı üçün təməl
daşları rolunu oynadı".
Həmin fərmanda yeni
üslub kimi meydana gələn, sonradan ədəbi məktəb
səviyyəsinə yüksələn Molla Nəsrəddin ədəbi
məktəbinə də yüksək qiymət verilirdi:
"Mollanəsrəddinçilər klassik Azərbaycan, Şərq,
rus və dünya bədii-publisistik irsinin ənənələrindən,
xalq yumorundan məharətlə bəhrələnərək
milli mətbuat tarixində satirik jurnalistikanın bünövrəsini
qoymuş, Azərbaycan publisistikasını janr və üslub
rəngarəngliyi ilə zənginləşdirərək onun
inkişafında misilsiz rol oynamışlar".
Yetmiş bir illik sovet
dönəmində Azərbaycan mətbuatı özünəməxsus
inkişaf yolu keçmişdir. Sosializmin ideoloji buxovlarına
baxmayaraq, həmin dövrün KİV-ində dilimizin, mədəniyyətimizin,
elmimizin inkişafı, xalqın adət-ənənəsinin
qorunması ilə bağlı müntəzəm yazılar dərc
etmiş, hətta bəzi mətbuat orqanları həmin
dövr üçün müxalif ruhlu, vətənpərvərlik
hissləri ilə yoğrulmuş yazılar vermişlər. Ulu
öndər Heydər Əliyev həmin dövr mətbuatının
üstündən qara xətt çəkilməsinin əleyhinə
çıxaraq bunu ədalətsizlik hesab etmiş,
adıçəkilən fərmanda sovet
jurnalistikasının müsbət cəhət və məqamlarını
qeyd etmişdir.
Ümummilli lider Heydər
Əliyev mətbuatla işləməyin incəliklərini bilən,
jurnalist əməyinə böyük dəyər verən, mətbu
sözün gücündən məharətlə istifadəni
bacaran dahilərdən idi. Ulu öndər heç zaman mətbuatı
mövzusuz və qayğıdan kənarda qoymurdu. "Jurnalist
əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli
əməkdir, çox səylər göstərilməsini, hətta
cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir,
öz peşəsinə vurğunluq tələb edən əməkdir",
- söyləyirdi.
Azərbaycanda söz və
mətbuat azadlığının bərqərar olmasında
ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri
şəksiz və böyükdür. Söz qədrini bilən,
fikir plüralizmini qəbul edən ulu öndər doğru və
ədalətli mövqeyi, obyektiv və peşəkar mətbuatı
yüksək qiymətləndirirdi. Heydər Əliyev söz və
mətbuat azadlığına şüar,
çağırış kimi yanaşmırdı. Azad mətbuatın
cəmiyyətdə öz yerini necə tutacağının,
hansı üsul və vasitələrlə sərbəst fəaliyyət
hüququna nail olunacağının yollarını gözəl
bilirdi. Bundan ötrü mərhələlər üzrə
müəyyən məsələlərin həllinin
vacibliyini də dəyərincə qiymətləndirirdi. Heydər
Əliyev xarizmasına xas olan qətiyyət və uzaqgörənlik
ulu öndərin bu sahədəki fəaliyyətini də
vaxtında istədiyi məqama çatdırdı.
Azərbaycanda sərbəst
bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunmasına
çalışan ümummilli lider Heydər Əliyev siyasi,
iqtisadi, hüquqi islahatlarla bahəm azad mətbuatın
formalaşması prosesini də diqqət mərkəzində
saxlayırdı. Yalnız Heydər Əliyev dühası
tarixən qısa müddətdə bu qədər mürəkkəb
və çoxşaxəli problemlərin uğurlu həllinə
nail ola bilərdi. Keçilən yola nəzər salarkən
bütün bunlara valeh olmamaq və heyrətlənməmək
mümkün deyil!
Xaos və qanunsuzluq mərhələsindən
başlanan azadlıq
Jurnalistika ölkədə
və dünyada baş verən hadisələr barədə
operativ, obyektiv, tərəfsiz və qərəzsiz informasiya
toplayaraq cəmiyyətə çatdırmaqla məşğul
olur. Müəyyən mənada mətbuata "cəmiyyətin
güzgüsü" də demək mümkündür. Lakin
konkret zamanda və məkanda baş verən proseslər eyni
müstəvidə yerləşən KİV-ə də təsirsiz
ötüşmür. Bu məqam "cəmiyyət necədirsə,
mətbuat da elədir" deyimində ifadəsini tapıb.
Ötən əsrdə
tale Azərbaycana iki dəfə dövlət müstəqilliyi
qismət etdi. Birinci dəfə - 1918-ci ildə qazanılan
müstəqilliyin ömrü cəmi 23 ay çəkdi. İkinci
dəfə - 1991-ci ildə bəyan edilən müstəqilliyi
də eyni aqibət gözləyirdi. SSRİ adlı fövqəldövlətin
laxlaması, yenidənqurma adlı oyunun baş tutmaması, mərkəzdənqaçma
qüvvəsinin güclənməsi ölkəni idarəolunmaz
vəziyyətə gətirmişdi. Zəngin karbohidrogen
ehtiyatlarına malik Azərbaycanı əsarət
boyunduruğunda saxlamaqdan ötrü "Qarabağ
problemi" adlanan bir tələ hazırlanaraq meydana
atıldı, ölkə uzun və dağıdıcı
müharibəyə cəlb edildi. Mərkəzin
ikibaşlı oyunlarına, ərazisinin işğalına
dözməyən xalq kütləvi etiraz aksiyalarına
başladı. Əli Azərbaycan xalqının qanına
batmış cəllad Qorbaçov xalqın gözünü
qorxutmaq üçün Bakıya əsasən ermənilərdən
təşkil olunmuş cəza dəstələri göndərdi
və 1990-cı ildə 20 Yanvar faciəsi törədildi. Kütləvi
mitinqlər, yürüşlər, piketlər və
uzunmüddətli tətillər vətəndaş itaətsizliyi
ilə nəticələndi. Xalqdan və onun istəklərindən
ayrı düşən Ə.Vəzirov və A.Mütəllibov
iqtidarı ölkəni idarə etmək qabiliyyətində
deyildi. Sonralar xalq azadlıq hərəkatının
dalğaları üzərində hakimiyyəti ələ
keçirən AXC-Müsavat cütlüyü də ölkənin
əsl müstəqilliyini təmin edə bilmədi. Üstəlik,
Azərbaycanı bir dövlət kimi məhvolma həddinə,
vətəndaş müharibəsi ərəfəsinə
çatdıraraq qaçıb aradan çıxdılar. 1993-cü
ilin 15 iyununda xalqın arzu və tələbi ilə yenidən
hakimiyyətə qayıdan Heydər Əliyevə əvvəlki
iqtidarlardan çox böyük problemlər -
dağılmış iqtisadiyyat, başıpozuq silahlı dəstələr,
xaos və anarxiya vəziyyətinə salınmış
ölkə qalmışdı. Azərbaycanı bu vəziyyətdən
yalnız möcüzə - Heydər Əliyev möcüzəsi
qurtara bilərdi.
Müstəqil Azərbaycan
mətbuatının təşəkkülünün birinci mərhələsi
də bu dövrə təsadüf edir. Əslində həmin
dövrün bütün təbəddülat və ziddiyyətləri
mətbuata da təsirini göstərmişdir.
Azərbaycanda müstəqil
mətbuatın yaranmasının və
formalaşmasının birinci mərhələsini təşkil
edən 1988-1998-ci illər şərti olaraq iki dövrə
bölünür. Deklarativ dövlət müstəqilliyi olan
1993-cü ilədək və müstəqilliyin real təminatının
gerçəkləşdirildiyi 1993-cü ildən sonrakı
dövr.
Birinci mərhələ
üçün xarakterik
cəhətlər hansılardır?
Sovet dövrü
ideologiyası sosialist mətbuatını "azad və
milyonların tribunası", "ümumi mənafeyə xidmət
göstərən əsl xalq mətbuatı" kimi təqdim
edirdi. Lakin bütün deyilənlərə baxmayaraq, mətbu
sözün son dərəcə ciddi çərçivəsi
vardı. Bütün jurnalistlər "nədən necə
yazmağı", hansı mövzunu qəzet səhifəsinə
nə formada çıxarmağı yaxşı bilirdilər.
Üstəlik, dövlət senzurasından əlavə mətbuata
ciddi partiya nəzarəti var idi və kimsə bundan yayına
bilməzdi.
Yenidənqurmanın bəzi
"boşalmaları"ndan və Dağlıq Qarabağ
münaqişəsi başlanandan sonra uzun müddət qəzetləri
bu mövzudan tədric etmək mümkün olmadı. Xüsusən
də "Azadlıq" meydanında ümumxalq mitinqləri
başlayanda qəzetlər mövzuya biganə qalmadılar. Mərhum
jurnalist Nəcəf Nəcəfovun redaktoru olduğu
"Molodyoj Azerbaydjana" qəzeti sərbəst fikir
yürütməsi, ipə-sapa yatmaması ilə diqqəti cəlb
edirdi. "Molodyoj"u susdurandan sonra bir sıra cəmiyyət,
hətta zavod qəzetləri bu prosesə qoşuldu. Nəhayət,
AXC-nin "Azadlıq" qəzeti (onun yaradıcısı da
Nəcəf Nəcəfov idi) meydana çıxdı. Bu qəzetlərin
hələ sosializm prinsipləri ilə çıxan respublika
mətbu orqanlarından fərqli yeni düşüncə tərzi,
fərqli mövqeləri vardı. "Azadlıq"
meydanındakı insanların düşüncəsi, yenidənqurmaya
və "Qarabağ problemi"nə xalqın mövqeyi
üstünlük təşkil edirdi. Təbii ki, yenidənqurmanın
ideoloqları fikir müxtəlifliyinə və xalqın
etirazlarına icazə verirdilər. Zənn edirdilər ki, bu
yolla sosializmi yeniləşdirə, qırmızı
imperiyanı qoruyub saxlaya biləcəkdilər. Amma
şüşədən çıxmış cini geriyə
qaytara bilmədilər. Əslində, həmin qəzetlər
sovet dövrünün mövcud qanunlarının çərçivəsindən
kənara çıxmışdılar. AXC-Müsavat iqtidarı dövründə - 21 iyul
1992-ci ildə "Kütləvi
informasiya vasitələri
haqqında" qanunun
qəbulu da vəziyyəti düzəldə
bilmədi. Əvvəla,
həmin vaxtlarda qanuna baxan yox
idi və heç bir qanun işləmirdi. Jurnalistlərin döyülüb təhqir olunması, tənqidi yazıları çıxan qəzet nömrəsinin özlərinə
yedizdirilməsi, maşının
yük yerinə basılması adi və cəzasız qalan hadisələrdən
idi. İkincisi, senzuranın mövcudluğu
şəraitində hansı
mətbuat və söz azadlığından
danışmaq olardı?! Əbülfəz Elçibəyin prezidentliyi
dövründə "hərbi
senzura" adı altında mətbuata qadağaların gücləndirildiyini
yada salsaq, "KİV
haqqında" qanunda
yazılanların mənasızlığı
şübhə doğurmur.
Başqa bir məqam. Azərbaycanda
müstəqil mətbuatın təşəkkülünün
birinci mərhələsində yeni yaranan qəzetlər əsasən
partiya qəzetləri idi. Xatırladırıq ki, AXC iqtidara gələndən
sonra ondan qopanlar özlərinə yeni partiya və qəzetlər
(məsələn, "Yeni Müsavat", "Millət",
"Müxalifət" və s.) açdılar. Təbii ki,
partiya qəzetlərində obyektiv mövqe və qərəzsiz
fikir ola bilməz. Çünki hər bir partiya orqanı ətrafda
baş verənlərə mənsub olduğu partiyanın
mövqeyindən yanaşır, hadisələri onun
prizmasından təhlil edir. Odur ki, həqiqi müstəqil mətbuatın
yaranmasından danışmaq çox tez idi.
Ulu öndər Heydər
Əliyev isə ölkədə sabitlik və qayda-qanun
yaradır, siyasi, hüquqi və iqtisadi islahatları həyata
keçirərək demokratik prosesləri genişləndirir,
həqiqi mətbuat və söz azadlığının təmin
olunmasına zəruri və münbit baza
hazırlayırdı.
Senzuranın buxovu mətbuatın boğazından necə
çıxarıldı
Ulu öndər Heydər
Əliyev tarixə həm də qətiyyət və cəsarəti,
heç kəsin gözləmədiyi məqamda qeyri-adi
gedişlər etməsi ilə düşüb. Bir neçə
məqamı xatırlayaq. 1996-cı ildə ATƏT-in Lissabon
sammitində qəbul edilmiş sənəddə Azərbaycanın
maraqlarını əks etdirən prinsiplər yer
almamışdı. Ulu öndər heç kəsin gözləmədiyi
və böyük risk tələb edən addım atdı. Veto hüququndan
istifadə edərək bütövlükdə
Lissabon sammitinin nəticəsiz başa çatmaq təhlükəsini
yaratdı. Onunla hesablaşmağa məcbur
oldular. Baş katibin bəyanatı formasında Azərbaycanın
mövqeyi təmin olundu və sammitin sənədində
əksini tapdı. Başqa bir misal. Azərbaycanın latın qrafikasına keçməsi barədə
qərar qəbul olunsa da, əvvəlki
iqtidar onun icrasını təmin edə bilməmişdi. Ulu öndər Heydər Əliyev 2002-ci il avqust ayının 1-dən yeni əlifbaya
dərhal keçiləcəyi
barədə qərar
verəndə çoxları
onun mümkünlüyünə
və reallığına
şübhə ilə
yanaşırdı. Tarix
Heydər Əliyevin bu qətiyyətinin doğruluğunu da təsdiq etdi.
Ümummilli lider Heydər
Əliyevin cəsarətli addımlarından biri də
kütləvi informasiya vasitələrinə senzura nəzarətinin
ləğvi, beləliklə, müstəqil mətbuatın təşəkkülünün
ikinci mərhələsinin başlanması oldu. 2003-cü ilədək
davam edən bu dövr müstəqil və azad mətbuatın,
onun möhkəm qanunçuluq bazasının
yarandığı dövr sayılır.
Azad sözün qəniminə
çevrilən senzura daha sonralar yaranıb. Amma güclü
olub. Çünki hakimiyyətə xidmət edib. Müxtəlif dövrlərdə
isə hakimiyyət düz və ədalətli sözdən,
onun mövqeyinə uyğun gəlməyən
tənqidi fikirdən ehtiyat edib, eşitmək
istəməyib. Maraqlıdır
ki, ilk mətbu
orqanımız "Əkinçi"nin senzoru hakimiyyətin
özü, Rusiyanın
Bakıdakı general-qubernatoru
idi. Deməli, qəzet yarananda çar Rusiyası əyalətlərdə müstəqil
və tənqidi söz deyilməsindən elə qorxub ki, hətta hakimiyyətlə söz qadağasını bir əldə cəmləşdirib.
Sovet dövründə bütün
növ mətbu sözə ciddi senzura nəzarəti vardı. Həmin nəzarəti 1966-cı ildə Nazirlər Soveti yanında yaradılmış Mətbuatda
və Digər Kütləvi İnformasiya
Vasitələrində Dövlət
Sirlərini Mühafizə
Edən Baş İdarə yerinə yetirirdi. Praktikada isə söhbət qadağan olunmuş mövzulara və fikir müxtəlifliyinə
yol verilməməsindən
gedirdi. Qeyd edək ki, həmin
idarənin əməkdaşı
çapa gedəcək
yazını oxuyaraq ona möhür və imzasını qoymasaydı, heç bir mətbəə həmin qəzeti, yaxud kitabı çap etməzdi. Bütün mətbəə
və nəşriyyatlar
isə dövlətə
məxsus və dövlət nəzarətində
olduğundan "senzuranın"
razılıq vermədiyi
yazının işıq
üzü görməsi
mümkün deyildi. Kimsə buna cürət etsəydi, sonra qanunu pozmuş
vətəndaş kimi
artıq DTK-da izahat yazacaqdı. Sonrasını isə Allah bilir...
6 avqust 1998-ci ildə ulu
öndər Heydər Əliyevin fərmanı ilə Mətbuatda
və Digər Kütləvi İnformasiya Vasitələrində
Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə
ləğv edildi. Bununla da illər və əsrlər boyu azad
sözün qəniminə çevrilən senzura
boyunduruğu mətbuatın boynundan çıxarıldı.
Qəribədir ki, həmin vaxt bir çoxları, hətta
müxalifət cəbhəsindən olan bəzi siyasətçilər
də senzuranın ləğvinin tez olduğunu bildirdilər. "Qəfləti"
azadlığın mətbuatın işinə müəyyən
əngəl törədəcəyini, məhkəmə
çəkişmələrinin kəskin şəkildə
artacağını söyləyirdilər. Amma tarix göstərdi
ki, böyük qətiyyət və uzaqgörənliklə
jurnalistlərin arzusunu həyata keçirən, həqiqi
söz və mətbuat azadlığının bərqərar
olunmasında ilkin və zəruri tədbiri həyata
keçirən ulu öndər Heydər Əliyev bununla öz
adını Azərbaycan mətbuatı tarixinin şərəf
kitabına da həkk etdi.
Yarımçıq
iş görməyi sevməyən ümummilli lider mətbuat
və söz azadlığının gələcək
inkişafını təmin etməkdən ötrü digər
məsələləri də həll etdi. 1999-cu ildə
KİV haqqında yeni - dövrün tələblərinə
cavab verən və daha təkmil qanun qəbul edildi. 1998-ci ildə
"Məlumat azadlığı haqqında",
"İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında", 2002-ci ildə
isə "Ətraf mühitə dair informasiya almaq haqqında"
qanunlar imzaladı. Mətbuat və söz azadlığı
ilə bağlı digər qanunlara isə əlavə və
dəyişikliklər etməklə onların məhdudlaşdırıcı
imkanları aradan qaldırıldı. Hazırda fəaliyyətdə
olan KİV haqqında qanunumuz öz loyallığı ilə
diqqəti cəlb edir. Qəzet açmaq, necə deyərlər,
"mətbu söz istehsalı ilə məşğul
olmaq" ölkəmizdə son dərəcə sadələşdirilib.
Bunun üçün Ədliyyə Nazirliyinə ərizə
ilə müraciət etmək və bir həftədən
sonra işə başlamaq mümkündür.
Ulu öndər Heydər
Əliyev 18 dekabr 2001-ci ildə respublikanın aparıcı
KİV rəhbərləri ilə görüş keçirərək
mətbuatın problemləri ilə maraqlandı, bundan sonra əməli
kömək məqsədilə qəzetlərin əlavə dəyər
vergisindən azad edilməsi, onlara kreditlər verilməsi,
"Azərbaycan" nəşriyyatına borclarının
dondurulması məsələsini də həll etdi. Respublikada
mətbuat və söz azadlığına, qələm sahiblərinə
göstərdiyi qayğı və köməyə görə
ulu öndər Heydər Əliyev 2002-ci ildə "Jurnalistlərin
dostu" seçildi. Maraqlıdır ki, ondan sonra bu
mükafat heç kəsə verilməyib.
Dövlət nəzarəti ictimai nəzarətlə əvəzləndi
2003-cü ilədək
ölkədə söz və mətbuat
azadlığını təmin edən qanunların qəbulu,
habelə bu sahədəki bir sıra beynəlxalq konvensiya və
sazişlərin imzalanması müstəqil mətbuatın sərbəst
fəaliyyəti üçün zəruri qanunçuluq
bazasını təmin etmişdi. Mətbuat və
İnformasiya Nazirliyinin ləğvi, senzura nəzarətinin
aradan qaldırılması isə dövlətin KİV-in fəaliyyətinə
nəzarət və təsirini sıfıra endirmişdi. Lakin
mətbuatın problemlərini həll edəcək, vətəndaş-media
və dövlət-media münaqişələrini yoluna
qoyacaq müasir quruma ehtiyac yaranmışdı. Bu qurum isə
Azərbaycan Mətbuat Şurası oldu. 15 mart 2003-cü ildə
Azərbaycan jurnalistlərinin I qurultayında təsis edilən
Mətbuat Şurası bu funksiyanı yerinə yetirən
müstəqil qurum kimi fəaliyyətə başladı. Bu
isə müstəqil mətbuatın formalaşmasının
yeni - üçüncü mərhələsi sayılır.
Hər bir mətbu orqan
öz fəaliyyətində sərbəst və azaddır. Qəzet
öz işini necə qurur, hansı mövzuda materiallar verir,
nədən və necə yazır - bunu başda redaktor olmaqla
redaksiya kollektivi həll edir. Digər məqam da var. Qəzet səhifəsinə
çıxarılan hər məsələ ictimailəşir.
Mətbuatın ictimai rəy yaratmaq, yaxud ona təsir göstərmək
imkanları var. Yəni burada fərdidən ümumiyə
keçid dərhal baş verir. Mətbuatın problemləri
isə ümumidir və ictimai, hətta bəzən siyasi əhəmiyyət
kəsb edir. Odur ki, onun fəaliyyətinin tənzimlənməsinə
daim ehtiyac duyulur.
Söz və mətbuat
azadlığı naminə dövlət tənzimlənməsindən
imtina edilsə də, özünütənzimləmə vacib
və gərəklidir. Dünya praktikası isə göstərir
ki, bu funksiyanı qeyri-hökumət təşkilatı olan Mətbuat
Şurası uğurla yerinə yetirir. MDB məkanında
birinci yaradılan Azərbaycan Mətbuat Şurası
özünütəsdiq məqamına yüksələnədək
uzun və çətin yol keçmiş, gördüyü
konkret işlər hesabına nüfuz qazanmış və bu
gün başqalarının həvəslə yiyələnməyə
çalışdığı zəngin təcrübə
toplamışdır. İlk əvvəl Mətbuat
Şurası özünə beynəlxalq normalara cavab verən
nizamnamə hazırlamış, Azərbaycan Jurnalistlərinin
Peşə Davranışı Qaydalarını tərtib
etmiş və bu sənədlər jurnalistlərin
qurultayında müzakirə olunaraq təsdiq edilmişdir. Sonrakı
qurultaylarda həmin sənədlərə əlavə və
düzəlişlər aparılmaqla daha da təkmilləşdirilmişdir.
Mətbuat
Şurasının ən böyük uğuru, şübhəsiz,
iqtidar, müxalifət və müstəqil qəzetlərdə
çalışan jurnalistləri bir araya, müəyyən məqamlarda
isə ortaq məxrəcə gətirə bilməsi
olmuşdur.
Müxtəlif tədbir və toplantılar keçirən Mətbuat
Şurasının gördüyü işlər çoxcəhətli
və rəngarəngdir. Buraya jurnalistlərin maarifləndirilməsi,
peşəkarlıq səviyyəsinin yüksəldilməsindən
tutmuş peşə fəaliyyətlərinin icrasını
daha rahat, maneəsiz həyata keçirilməsinə köməyədək
tədbirlər silsiləsi daxildir. Şübhəsiz, Mətbuat
Şurasının əsas funksiyası media ilə ölkə
vətəndaşları, dövlət qurumları və məmurları
arasında yaranmış mübahisə və münaqişələrin
məhkəməyədək çözülməsidir. Bu məqsədlə
müxtəlif komissiyalar yaradılmış,
görüşlər keçirilmiş, qarşı-qarşıya
duran tərəflərlə söhbətlər
aparılmışdır. Nəticədə 2003-2008-ci illərdə
qəzetlərin ayrı-ayrı insanlar tərəfindən məhkəməyə
verilməsi və mətbuatla bağlı məhkəmə
baxışlarının sayı kəskin şəkildə
azalmışdır.
İctimai sifariş əsasında
Mətbuat Şurasının ən mühüm fəaliyyət
istiqamətlərindən biri "reket jurnalistika"ya
qarşı kəskin və səmərəli mübarizə
olmuşdur. Şura tərəfindən KİV-in maddi durumunun
yaxşılaşdırılması yönümündə
qaldırılan məsələlər də dövlət tərəfindən
nəzərə alınmış, müvafiq tədbirlər
görülmüşdür.
Müstəqil mətbuata maddi və mənəvi dəstək
Ulu öndər Heydər
Əliyev demokratiyanı başlanğıcı olan, lakin sonu
görünməyən bir proses adlandırmışdır. Bu
müdrik deyimdə böyük həqiqət ehtiva olunub.
Demokratiya daim inkişafda olmalı, hüdudlarını və
sərhədlərini genişləndirməlidir. Onun
başlıca prinsiplərindən sayılan mətbuat və
söz azadlığı da fasiləsiz inkişafdadır. Lakin
demokratik inkişaf yoluna qədəm qoyan ölkələrdə
kövrək addımlarını atan azad söz qədəmlərini
möhkəmləndirənə qədər dövlətin maddi
və mənəvi dəstəyinə ehtiyac duyur. Qeyd etdiyimiz
kimi, ilk dəfə müstəqil Azərbaycan mətbuatı
bu dəstəyi ulu öndər Heydər Əliyevdən
gördü və onu özünün böyük dostu
adlandırdı.
Ümummilli lider Heydər
Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident
İlham Əliyev də dövlət başçısı
seçiləndən sonra mətbuata qayğı və diqqəti
ilə fərqlənib. Bu münasibət maddi və mənəvi
formada təsdiqini tapıb. Möhtərəm Prezident İlham
Əliyevin 20 iyun 2005-ci ildə imzaladığı "Azərbaycan
milli mətbuatının 130 illik yubileyinin keçirilməsi
haqqında" sərəncamla 140-dək jurnalist orden və
medala, fəxri adlara layiq görüldü, xeyli sayda müstəqil
və müxalifət qəzetlərinə maddi yardım
göstərildi, "Əməkdar jurnalist" fəxri
adı bərpa edildi, respublikanın bütün guşələrində
jurnalistlərin və ictimaiyyətin nümayəndələri
ilə milli mətbuatımızın yubileyi təntənəli
şəkildə keçirildi. "Gülüstan"
sarayındakı təntənədə isə dövlət
başçısı cənab İlham Əliyev şəxsən
iştirak etdi. 8 fevral 2006-cı ildə isə möhtərəm
Prezident müstəqil qəzetlərin "Azərbaycan" nəşriyyatına
borclarının dövlət büdcəsindən ödənilməsi
barədə sərəncam imzaladı. Bütün bunlar mətbuata
dəstək olsa da, yaranmış vəziyyət sistemli tədbirlər
görülməsini zərurətə çevirmişdi.
Ötən əsrin
doxsanıncı illərində müstəqillik qazanan Azərbaycan
bir sıra məhrumiyyət və çətinliklərlə
üzləşmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin törətdiyi
fəsadlar, iqtisadiyyatın dağılması, ümummilli
böhran ölkəni ağır duruma salmışdı. Ulu
öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə
həyata keçirdiyi tədbirlər, cəsarətli
islahatlar, neft amilindən məharətlə istifadə Azərbaycanı
böhran və çətinliklərdən qurtararaq yeni
inkişaf yoluna çıxardı. Prezident İlham Əliyev
isə ölkəyə rəhbərliyi dövründə
sürətli davamlı inkişafa nail oldu.
Lakin bütövlükdə
mətbuatın çətinlikləri davam etməkdədir. Qəzetlərin
tirajı sovet dövrü ilə müqayisədə xeyli
aşağı düşmüş, reklam bazarı
kasadlaşmışdır. Bu da redaksiyaların və
jurnalistlərin maddi durumuna mənfi təsir göstərir. Bütün
bunları nəzərə alan dövlət
başçısı jurnalistlərin müraciətlərinə
cavab olaraq 31 iyul 2008-ci ildə "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam
imzaladı.
Həmin konsepsiyaya
müvafiq olaraq 3 aprel 2009-cu ildə imzalanan digər sənəd
- "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamla
isə ölkədə müstəqil mətbuatın
inkişafının yeni - dördüncü mərhələsi
başlanmış oldu. Mətbuatın işinə
qarışmadan, onun müstəqilliyinə xələl gətirmədən
maddi dəstək verən dövlət qarşıya
qoyduğu məqsədin "dövlət orqanları ilə
kütləvi informasiya vasitələri arasında səmərəli
əməkdaşlıq münasibətlərinin inkişaf
etdirilməsi, kütləvi informasiya vasitələrinin
iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının
artırılması, vətəndaş cəmiyyəti
quruculuğunda kütləvi informasiya vasitələrinin
rolunun gücləndirilməsi" olduğunu bildirir. Bu
mükəmməl sənəddə mətbuata dövlət dəstəyinin
həyata keçirilməsinin prinsipləri, yolları və
formaları da aydın şəkildə göstərilmişdir.
KİV-ə dövlət dəstəyinin
reallaşdırılmasında aşkarlığın və
şəffaflığın təmin edilməsindən
ötrü Prezidentin sərəncamı ilə hər birindən
üç nəfər olmaqla dövlət orqanlarından,
kütləvi informasiya vasitələrindən və jurnalist təşkilatlarında
9 nəfər müəyyənləşdirilərək
KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə
Şurası yaradılmışdır. Artıq KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondu işə
başlamış, cari il üçün 12 istiqamət
üzrə 45 mövzuda qrantlı müsabiqə elan
etmişdir. Fondun fəaliyyətinin KİV-in maddi-texniki
bazasının möhkəmlənməsinə, jurnalistlərin
sosial vəziyyətinin yaxşılaşmasına
mühüm kömək göstərəcəyi şübhə
doğurmur.
Həsən bəy Zərdabi
qəzet açanda qarşısında həlli müşkül
görünən bir neçə problem vardı: "Bəs
qəzetləri necə çıxardım? Pul yox,
yazıçı yoldaşı yox, çapxana yox, əmələ
yox. 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən
izn almaq da ki bir böyük bəladır".
Elə həmin çətinliklər
də "Əkinçi"nin bağlanmasına səbəb
oldu. Bu gün isə jurnalist və oxucu problemi yox, qəzetlərin
çapı və yayımı qaydasında senzura nəzarəti
ləğv edilib, yeni mətbu orqan açmaq isə son dərəcə
asanlaşdırılıb. Üstəlik, qanunlarımız mətbuat
və söz azadlığının keşiyində durub,
dövlət isə müstəqil mətbuatın
inkişafına maliyyə dəstəyi verir.
Bütün bunlar yeni -
dördüncü mərhələdə də Azərbaycan
milli mətbuatının sürətlə inkişaf edəcəyinə
böyük inam və təminatdır.
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2009.- 22 iyul.- S. 2, 3.