Azərbaycan mətbuatı Cənubi Qafqazın lider mətbuatı səviyyəsinə yüksəlib

 

İyulun 21-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Milli Mətbuat Günü ilə əlaqədar aparıcı KİV-in nümayəndələri ilə görüş keçirildi.

YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək onlara yaradıcılıq uğurları arzuladı. M.Qurbanlı Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyini və özünü təsdiq etdiyini bildirdi. Son on ildə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışdı. Azərbaycan mətbuatı inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider mətbuatına çevrilib. Əldə olunan bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına daim diqqət və qayğısı və həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.

Partiyanın cəmiyyətlə media arasında sağlam münasibətlərin formalaşmasında maraqlı olduğunu və bu istiqamətdə səyləri davam etdirdiyini qeyd edən YAP icra katibinin müavini mətbuatın qarşısında duran əsas vəzifənin ictimaiyyəti ehtiyac duyduğu informasiya ilə təmin etməkdən ibarət olduğunu bildirdi. M.Qurbanlı müasir Azərbaycan KİV-inin bu vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğuladı.

"Mətbuat cəmiyyətin güzgüsüdür" deyən M.Qurbanlı bu sahədə problemlərin də mövcud olduğunu qeyd etdi. Azərbaycanda mövcud olan söz və mətbuat azadlığından sui-istifadə edən bəzi müxalifətyönlü KİV sensasiya ardınca qaçaraq cəmiyyətə yanlış məlumatlar çatdırmaqla məşğul olur. Bununla da həmin mətbuat orqanları cəmiyyətin "güzgüsü" rolunu oynaya bilmirlər. M.Qurbanlı mətbuatın siyasiləşməsinin əleyhinə olduğunu və KİV-in Həsən bəy Zərdabi ənənələrinə sadiq qalaraq dövlətə, xalqa xidmət etmək üçün əzmlə çalışmalarını vacib saydı.

Cəmiyyətin tərəqqisinə xidmət edən, sağlam mənəvi, əxlaqi dəyərlər əsasında inkişaf edən KİV-in formalaşmasının Azərbaycan dövlətinin əsas məqsədi olduğunu nəzərə çatdıran YAP icra katibinin müavini vətənə, dövlətçiliyə sədaqətlə xidməti hər bir mətbu orqanın, hər bir vətəndaşın əsas vəzifəsi hesab etdiyini bildirdi. YAP rəhbərliyində təmsil olunan şəxslərin Azərbaycan dövlətçiliyinə xidmət edən bütün KİV-lə əməkdaşlıq etdiyini qeyd etdi.

Sonda cəmiyyətdə gedən ictimai-siyasi prosesləri obyektiv və peşəkarlıqla işıqlandırdığına görə kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Yeni Azərbaycan Partiyasının mükafatına layiq görüldü. Mükafatçılar sırasında qəzetimizin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli də var idi.

 

 

Azərbaycan.- 2009.- 22 iyul.- S. 3.