Hər bir jurnalistin qarşısında duran ən mühüm vəzifə yüksək peşəkarlıq səviyyəsinə yiyələnməkdir

 

"Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir". Ümummilli lider Heydər Əliyevin bu sözləri Azərbaycan jurnalistikasının cəmiyyətdə tutduğu düzgün mövqeyi, KİV əməkdaşlarının xalqın maariflənməsindəki, mədəni və əxlaqi dəyərlərimizin qorunmasındakı, ölkənin sosial-iqtisadi inkişafı, müdafiə qüdrətinin artırılması işinə mənəvi və ideoloji dəstək verilməsindəki xidmətlərini parlaq şəkildə əks etdirir.

Ulu öndər Heydər Əliyev mətbuatın cəmiyyət və dövlət qarşısındakı xidmətlərini yüksək dəyərləndirir, jurnalist kollektivlərinin qayğı və problemlərinin həllinə köməyini əsirgəmirdi. Bu ənənə dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Media mənsubları milli mətbuatımızın 134-cü ildönümü ərəfəsində KİV-ə göstərilən dövlət dəstəyinin bir daha şahidi oldular. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması jurnalistikamıza göstərilən qayğının əyani ifadəsidir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla müsahibədə mətbuatımızın inkişafı ilə bağlı atılan addımlara nəzər salmağa, ümumən oxucuları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

- Əflatun müəllim, əvvəlcə qəzetimizin kollektivi adından Həsən bəy Zərdabi mükafatına layiq görülməyiniz münasibətilə sizi təbrik edir, yeni yaradıcılıq uğurları, mediamızın inkişaf etdirilməsində nailiyyətlər arzulayırıq.

- Çox sağ olun, təşəkkür edirəm.

- Sizcə, ötən bir il mediamıza nə verib, bu müddət hansı cəhətlərlə əlamətdar olub?

- Ötən bir ili mediamızın inkişafına yönələn sistemli və ardıcıl fəaliyyət dövrü kimi dəyərləndirirəm. İlk növbədə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılması istiqamətindəki işləri nəzərdə tuturam. Diqqət yetirsəniz, bu prosesin müəyyən fasilələrlə demək olar, bütün il boyu getdiyini görərik.

Öncə ölkə prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası kimi olduqca mühüm əhəmiyyət kəsb edən bir sənəd qəbul olunub. Daha sonra Konsepsiyanın həyata keçirilməsi istiqamətində işə başlanılıb ki, burada da başlıca vəzifə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması idi. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə fondun Nizamnaməsi təsdiqlənib, həmçinin qurumun Müşahidə Şurasının formalaşdırılmasına başlanılıb. Nəhayət, Prezidentin 22 may 2009-cu il tarixli sərəncamları ilə həm Müşahidə Şurasının tərkibi müəyyənləşib, həm də fondun icraçı direktoru təyin olunub. Bunlar ötən müddətin media ilə bağlı dövlət siyasətinin intensiv şəkildə həyata keçirilməsi baxımından əlamətdar olduğunu söyləməyə əsas verir. Təbii ki, bütün bunların reallaşmasında başlıca rol möhtərəm prezidentimiz İlham Əliyevə məxsusdur. Buna görə də ölkə jurnalistləri adından dövlət başçısına dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu kursun davamı növbəti bayramların daha yüksək əhval-ruhiyyə ilə keçirilməsinə şərait yaradacaq.

- Əflatun müəllim, milli mətbuatımızın 133-cü ildönümündən ötən bir il Mətbuat Şurasının fəaliyyətində nə kimi istiqamətlər və keyfiyyət dəyişiklikləri ilə yadda qalıb?

- Şura ilk növbədə ölkə jurnalistlərinin V qurultayının qətnaməsindən irəli gələn vəzifələrin icrasını diqqətdə saxlayıb. "Reket jurnalistika"ya qarşı ayrıca komissiyanın formalaşdırılmasını xüsusi vurğulamaq istərdim. Əslində bu sahədəki fəaliyyəti Şuranın işində başlıca keyfiyyət dəyişikliyi olaraq görürəm. Komissiyanın ardıcıl işi nəticəsində peşə etikasına aşkar sayğısızlıq edən 71 KİV "reket" nəşr elan olunub. Prosesin cəmiyyətdə doğurduğu müsbət reaksiya isə hamımıza məlumdur.

Mətbuat Şurası istər Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının, istərsə də Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizamnaməsinin hazırlanmasında fəal iştirak edib, öz təkliflərini verib. Fondun formalaşdırılmasında Mətbuat Şurasının xidmətlərindən istifadə olunmasını həmin təşəbbüslərə və ümumilikdə Şuranın cəmiyyətdəki roluna verilən qiymət kimi dəyərləndirirəm. Bu, bizim üçün çox önəmlidir. Ümumən isə onu deyim ki, Şura ötən bir ildə ictimai həyata daha çox nüfuz etmə imkanı qazanıb və bu mövqenin əldə edilməsində qurumun gündəlik iş prinsipinə uyğun gerçəkləşdirdiyi bütün fəaliyyət istiqamətlərinin məxsusi payı var. Fərq qoymaq istəməzdim, bizim üçün KİV-lərin monitorinqindən, ayrı-ayrı layihələrin həyata keçirilməsindən tutmuş jurnalistikamızda əməyi olan şəxslərin anım mərasimlərinin təşkilinədək bütün cəhətlər vacibdir.

- Jurnalistlərin hüquqlarını qorumaq rəhbərlik etdiyiniz qurumun fəaliyyətində mühüm yer tutur. Bu il də məhbus jurnalistlərə baş çəkmisiniz. Amma yenə bir qrup var ki, Əflatun Amaşovdan narazıdır. Sizcə, nə üçün?

- Narazılar həmişə var və onların başa düşülməsi, anlayışla qarşılanması, ümumiyyətlə, hər bir şəxsin fikir və düşüncələrinə hörmətlə yanaşılması vətəndaş cəmiyyəti quruculuğu prosesində mühüm amillərdəndir. Bilirsiniz, Mətbuat Şurasının missiyası qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətlərin araşdırılmasıdır. Daha geniş anlamda isə mətbuat-ictimaiyyət, mətbuat-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Vəziyyət elə gətirib ki, bütövlükdə medianın problemlərinin həlli ilə məşğuluq. Bu, dövrün tələbindən irəli gələn zərurətdir, bir növ, ictimai sifarişdir. Təbii ki, çoxşaxəli fəaliyyət nöqsansız ötüşmür. Görünür, bəzi dostlarımız bizdən bu məsələlərin daha dolğun həllini umduqlarından narazılıqlarını bildirirlər. Əlbəttə, baxışların obyektiv və subyektiv tərəfləri də var. İstərdim ki, bütün tənqid və iradlar fərdi maraqlardan deyil, mətbuatımızı daha güclü görmək istəyindən qaynaqlansın.

- Hər il Milli Mətbuat Günü öncəsi və ondan sonra bir sıra jurnalist təşkilatları özlərinə yaxın şəxslərə müxtəlif mükafatlar təqdim edirlər. Sizcə, daha nüfuzlu və cəmiyyət tərəfindən birmənalı qarşılanan vahid mükafat təsis etmək düzgün olmazdımı? Mətbuat Şurası bu istiqamətdə hansısa işlər görürmü?

- Kimdənsə mükafat verməməyi tələb etmək düzgün olmaz. Əgər onlardan sıravi jurnalistlərə pay düşürsə, əlbəttə, bu, müsbət haldır. O da doğrudur ki, media mükafatının nüfuzluluq dərəcəsi cəmiyyətdə peşənin özü barədə təsəvvür yaradır. Bu mənada ortada 134 yaşı olan mətbuatımızın adına layiq mötəbər mükafatın mövcudluğu daha yaxşı olardı, hətta zəruridir. Amma elə mükafat təsis edilməlidir ki, həm media, həm də bütövlükdə cəmiyyət tərəfindən normal qarşılansın. Bu, istər-istəməz bu sahədəki sui-istifadələri aradan qaldıra bilər. Gəlin düşünək, məşhur "Pulitser" mükafatı dura-dura hansısa amerikalı jurnalist başqa birisinə layiq görülməyə iddialı olarmı?

Düşünürəm ki, media sahəsində vahid mükafat təsis etməyin vaxtı çatıb. Əslində bu məsələ Mətbuat Şurasını daim düşündürüb. Hazırda mövcud istiqamətdə iş aparılır. Ümid edirəm ki, tezliklə hamını qane edəcək nümunəvi mükafatı təqdim edə biləcəyik.

- Yeri gəlmişkən, bir vaxtlar "Jurnalistlərin dostu" mükafatı təqdim edilirdi. Bu, ictimai rəydə kifayət qədər rezonans doğururdu. İndi bu mükafat verilmir. Yəni, daha jurnalistlərin dostu qalmayıb?

- "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 5 il həmin mükafatı təqdim etdi. Sonuncu sahibi ulu öndər Heydər Əliyev olub. Ondan sonra mükafatın təqdimatı dayandırılıb. Əlbəttə, indi işi bərpa etmək böyük məsuliyyətdir və məncə, təşkilatın rəhbərliyi bunu kifayət qədər dərk edir. Ölkəmizdə jurnalistlərin dostu olmağa layiq şəxslər kifayət qədərdir və onlar öz əməlləri ilə bunu sübut edirlər.

- Əflatun müəllim, Sizi həm müxalifət, həm də iqtidar mətbuatına yaxın şəxs kimi xarakterizə edirlər. Hər iki cəbhədə döyüşmək çətin deyil ki? Bu, fəaliyyətinizə necəsə təsir göstərirmi?

- Əslində media məkanında cəbhə, tərəf anlayışları nisbidir. Cəbhə sözünə də bu prizmadan yanaşıram. Buna doğru gedirik və istəklərimiz gerçəkliyə çevrilməkdədir. Dediyiniz kimi, hər iki cəbhədə mübarizə isə gücümüzü azaltmır, əksinə artırır. Daha məsuliyyətli olmağa çalışırıq. Məncə, mediamızın hazırkı durumunda onun üzləşdiyi problemlərin aradan qaldırılmasında tələb olunan başlıca şərt məhz həmin hissi yaşamaq və ondan irəli gələn vəzifələri həyata keçirməkdir. Hazırkı şərait etibarilə gördüyümüz işlər bunu bacardığımızı deməyə əsas verirsə, şadıq. Hesab edirəm ki, sevincimizdən cəbhələrin ikisinə eyni dərəcədə pay düşür. Hansısa ayrı-seçkilik məğlubiyyət olardı.

- Sonda ölkə jurnalistlərinə Milli Mətbuat Günü münasibətilə bayram sözünüzü eşitmək istərdik.

- Media nümayəndələrinin hər biri peşə bayramından söhbət düşəndə deyir ki, 22 iyul hər birimizin Həsən bəy Zərdabi ruhu önündəki hesabatıdır. Mən jurnalistlərimizə ilk növbədə həmin hesabatı alnıaçıq, üzüağ verməyi arzulayıram. Bunun üçün isə hamımızın qarşısında duran ən mühüm vəzifə yüksək peşəkarlıq qabiliyyətinə yiyələnmək, əldə edilən bilikləri və təcrübəni bir qədər də dərinləşdirmək və ümumilikdə, mətbuatımızın səviyyəsini yüksəltmək, onun vətəndaş cəmiyyəti quruculuğu prosesində fəal iştirakına nail olmaqdır.

Hər bir jurnalist qələm sahibi olmaqla yanaşı vətəndaşdır - anadır, atadır, qardaşdır, bacıdır, ailə sahibidir. Onların hər birinə möhkəm cansağlığı, ailə səadəti, uzun və firavan ömür arzulayıram.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.- 22 iyul.- S. 4.